İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyyəti Hind okeanında “sapoq” yumaq olanlara dəstək...

2022-ci ilin bu günləri Rusiya ordusunun Ukraynaya hərbi müdaxilə edəcəyi bəlli olduğu, artıq texniki məsələ halına gəldiyi zaman ölkəmizdə nədənsə, hansı motivləsə bu intervensiyaya haqq qazandıran xeyli adam vardı.

Bundan 2 gün sonra, Rusiya tankları Donbas istiqamətindən Ukraynanın dərinliklərinə girəndə rəsmi Kiyevə 3 gün vaxt qoyanlar oldu, bir xeyli adam prezident Zelenskinin bir neçə günə kapitulyasiya aktı imzalayacağını yazdı.

O vaxtdan düz üç il keçib. Rusiya tankları girdikləri yerdədir, böyük əksəriyyəti metallolom məmulatıdır. Kiyev yerindədir, sadəcə, əhalisi xeyli azalıb. Zelenski hələ də hakimiyyətdədir və kapitulyasiya aktı imzalamayıb.

Arada hər iki tərəfdən yüz minlərlə gənc insan ölüb, yüzlərlə şəhər, kənd, on minlərlə tikili dağılıb. Ev-eşiyindən didərgin düşənlərin sayı milyonlarladır.

II dünya müharibəsindən sonra Avropa ilk dəfə belə dəhşətli faciənin episentrinə çevrilib.

Belə olacağı gözlənilirdi. Başqa dövlətin, özü də keçmiş SSRİ-yə daxil olan ikinci qüdrətli, inkişaf etmiş respublikanın ərazisinə hərbi müdaxilənin belə nəticə verəcəyi öncədən bəlliydi.

Bunu bilə-bilə Rusiyanın aqressiyasına necə haqq qazandırmaq olardı - sağlam məntiqlə anlamaq çətindir.

Xüsusilə də özü işğala məruz qalmış, 700 mindən artıq qaçqın və köçkünün mərhumiyyətlərlə dolu həyatını görmüş adamlar, prinsipcə, eyni taleni başqa bir xalqa rəva görməli, işğalçının tərəfini tutmalı deyildilər.

ABŞ prezidenti Trampın, onun komandasının ekssentrik üzvlərinin (İlon Mask, Robert Kennedi. Ceyms Devid Vens və o birilər) anti-Ukrayna çıxışlarının şiddətlənməsi hələ 3 il öncədən Ukraynanın işğal edilməsini arzulayanların əlini, dilini açıb.

İndi onlar uzun müddət rəqib qapısına qol vura bilməmiş futbolçunun, nəhayət, şans əsəri bir qol vurduğu zaman gəldiyi ekstaza bənzər bir riqqətlə “demişdik”, “belə olacağı bəlliydi” ifadələri ilə başlayan cümlələr qururlar, Rusiyanı müharibənin qalibi, Ukraynanı isə məğlubu elan edirlər.

Yaxşı, lap tutaq ki, ABŞ Ukraynaya maddi, hərbi, siyasi dəstəyi kəsəcək, Avropanın qüdrətli dövlətləri də yaxasını kənara çəkəcək və təklənmiş Ukrayna məğlub olacaq – belə olanda bu, yaxşı olacaqmı? Regionun təhlükəsizlik problemi birdəfəlik həll olunacaqmı? Rusiya “mənə yalnız Kiyevin süqutu lazım idi, başqa ölkələrlə işim yoxdur” deyəcəkmi?

Ölkəmizdə Ukraynanın dirənişinə tərəfdar olanların aydın mövqeyi, keçərli motivi var. Onlar Rusiyanın tarixindən yaxşı xəbərdardırlar, bu dövlətin haradan başlayıb haralara getdiyini, İranda Təbrizi, Türkiyədə Qarsı, Əfqanıstanda Kabulu, Almaniyada Berlinin yarısını, Avstriyada Vyananı, Şərqi Avropanın tamamını tutduğunu, ərazicə dünyanın ən nəhəng dövlətinə çevrildiyini bilirlər.

I Pyotrun adından deyilən “Konstantinopolu (İstanbulu) tutan dövlət dünyanın sahibi olacaq”, Jirinovskinin adına çıxılan “rus əsgəri çəkməsini Hind okeanında yumalıdır” kimi ifadələr rus imperializminin gözünün işğallardan doymamasının göstəricisidir. Nə qədər fantastik olsa da, şimal qonşumuzdakı arxalı, əliçıraqlı və əlirıçaqlı şovinistlərin niyyəti budur.

Ukraynanın dirənişini dəstəkləyən, mənəvi planda onun yanında olanlar istəyirlər ki, heç bir dövlət işğala məruz qalmasın, hamı öz sərhədləri daxilində öz güzəranını qursun, azad və firavan yaşasın.

Bəs Rusiyanın öz işğalçılıq yürüşlərini davam etdirməsinə tərəfdar olanların fikri nədir? Rusiya dünyanı tuta-tuta getsə, lap “dünya ağası” olsa, necə olacaq, bu dəstəkçilərə rahatlıq, firavanlıq gətirəcəkmi?

Əlbəttə, elə adamlar da var, onlar 5-ci kolona mənsub olmasalar da, hesab edirlər ki, Rusiya çar imperiyasının sərhədlərini bərpa etsə, rus kolonializminin dəstəkçilərini də unutmaz. “Yəqin ki, dost-düşmən olanların hesab-kitabı aparılır” düşüncəsində olanlar da var.

Amma tarixdən ibrət dərsi götürmək mümkündür axı. Yüz il əvvəl Ruhulla Axundov, Nəriman Nərimanov, Əliheydər Qarayev, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Sultan Məcid Əfəndiyev, Çingiz İldırım, Qəzənfər Musabəyov, Ayna Sultanova və digərləri də elə bilirdilər ki, Rusiya gələcək, ölkəyə və şəxsən onlara xoşbəxtlik gətirəcək. Nə oldu? Yefremovlar, serebrovskilər, kirovlar, firinovskilər, gikalolar, polonskilər, rubenovlar, mirzoyanlar gəldi, xalqın ziyalıları ilə birlikdə yuxarıda adları çəkilən milli bolşevikləri də güllələdilər.

Ona görə də heç kim bu gün Ukraynanın qələbəsindən yana olanları qınamasın. Bu adamlar bir neçə yüz il keçmişi gördükləri kimi bir neçə il sonranı da görürlər və öz ölkələrinin başının salamatlığını düşünürlər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR