İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Rusiyaya ermənipərəst deyən müxalifət Amerikaya da demir?

 

Atalar deyir ki, bu daş, bu tərəzi. Mənə deyirlər ki, müxalifəti çox tənqid edirsən. Düz deyirlər. Ancaq mən neyləyim ki, müxalifət tərəziyə barmaq edir, həqiqəti təhrif edir, yalan danışır...

Mən soruşuram: Bizim müxalifət Rusiyanı niyə söyür? Arqument budur ki, Rusiya ermənipərəstdir, ermənilərin yanındadır, torpağımıza soxulub. Keçmiş Dağlıq Qarabağda yaşayan erməniləri üstümüzə qaldırır, onların Azərbaycana tabe olmasına imkan vermir və s. Düzmü deyirlər? Düz deyirlər. Mən də bunu deyirəmmi? Deyirəm. Özü də ən sərt şəkildə. Rusiyadan bizə xeyir gəlsə, Allahdan bəla gələr...

Başqa bir sualım da var: Ermənistan Azərbaycan münaqişəsində ABŞ  kimin yanındadır? Birmənalı olaraq Ermənistanın. Amerika da Rusiya kimi ermənipərəstdir, özü də bir baş yuxarı həddə. Amerika Dağlıq Qarabağda yaşayan erməniləri üstümüzə qaldırırmı? Qaldırır. Onların Azərbaycana tabe olmasına imkan verirmi? Vermir. Yəni Amerikadan Azərbaycana xeyir gəlsə, Allahdan bəla gələr...

Keçirəm İrana. İran da Rusiya və ABŞ kimi ermənilərin yanındadırmı? Yanındadır. Hal-hazırda sərhəddə qoşun yığıblar ki, Azərbaycan Zəngəzur mahalını ələ keçirsə, hərbi müdaxilədə yubanmayaq.

Avropa Birliyi kimin yanındadır? Mən İsveçrədə yaşayıram. Burada 100 adamdan soruşsan ki, Ermənistan-Azərbaycan qarşıdurmasında kim haqlıdır? 99 nəfər deyəcək ki, ermənilər.

Yəni real vəziyyət belədir. Məntiqlə ermənilərə dəstək verdiyinə görə Rusiyaya qarşı olan Azərbaycan müxalifəti eyni arqumentə görə ABŞ, İran və Avropa Birliyinə də qarşı olmalıdır. Qarşıdırmı? Yox...

Diqqət edək: erməni məsələsində Azərbaycana qarşı çıxan qüvvələrin Türkiyə ilə də münasibətləri gərgindir. Nisbətən Rusiyanınkı yaxşıdır. Hazırkı zəif Rusiya bir az güclənsə yenə Türkiyəyə qarşı düşmən mövqeydə olacaq...

Bizim müxalifət ortada olan bu reallıqları nəzərə almır. Sirr deyil ki, Rusiya, İran, xüsusən ABŞ-ın yanında yer alan müxalif partiyalarımız var. Yəni Azərbaycanın dövlət və milli maraqları qalıb bir tərəfdə, bunlar sığındıqları və maliyyə dəstəyi aldıqları ölkənin maraqlarından çıxış edirlər. Problemin kökü budur...

Mən nəyisə səhv yazdımsa, lütfən, deyin. Mən hamını müzakirəyə dəvət edirəm. Arqumentlə, faktla danışaq.

ABŞ-Rusiya məsələsi ilə bağlı bir faktı deyim. Rusiya ATƏT-ın Minsk Qrupundan imtina edib. ABŞ və Fransa isə Ermənistana siyasi dəstək vermək üçün yaranmış bu qurumu xortlatmaq istəyirlər. Niyəsini yüz dəfə yazmışam. Çünki Dağlıq Qarabağa status tələb edirlər. Bu məsələdə Azərbaycan Rusiyanın mövqeyindən yararlanır. Və düz də eləyir.

Başqa bir məqam: ABŞ Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasını arzulayır. Biz Azərbaycan olaraq bu məqamdan Rusiya qonşunlarının Dağlıq Qarabağdan çıxarılması üçün istifadə etməliyik. Yəni biz böyük dövlətlər arasında olan ziddiyətlərdən yararlanmağı bacarmalıyıq. Siyasət budur.

Bizim müxalifət də dövlətçi və milli mövqedə olmalıdır. Təbii ki, nə Azərbaycan iqtidarı, nə də müxalifəti Rusiya, ABŞ, İran və Avropa Birliyinə arxa çevirməli deyil. Qapını həmişə açıq saxlamaq lazımdır. Bizim də əlimizdə ciddi kozırlar var. Xüsusən Qərb üçün taleyüklü olan enerji daşıyıcıları ilə bağlı. Həmin üstünlüklərdən ağılı şəkildə yararlanmalıyıq...

Elbəyi Həsənli, Sürix

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR