Onlayn ictimai-siyasi qəzet
Bu, bizdə çoxdan adətə çevrilib: dünyanın harasında ölkələr və ya siyasi qüvvələr arasında kəskin və gərgin ixtilaf, qovğa olar, biz burada tərəf tutar, öcəşərik.
Çox vaxt belə ixtilafları Xeyir və Şərin mübarizəsi adlandırır və qütblərə bölünür, “Xeyir” saydığımıza azarkeşlik edirik.
Son günlərdə Rusiya-ABŞ-Avropa-Ukrayna dördbucağı arasında gedən intriqada tərəf tutmağımız isə indiyə qədər olanlardan daha qızğın, daha vacib və daha təbii idi.
Çünki instinkit olaraq hiss edirik ki, bu münaqişənin bir sədəməsi bizə toxuna bilər. Ortada dünyanın yenidən bölüşdürülməsi, sərhədlərin dəyişdirilməsi ambisiyası var.
Biz bu, üstündə dava gedən dünyanın içindəyik. Həm sülhə gələ bilmədiyimiz qonşumuz var, həm tərəflərdən birinin qonşusu və keçmiş müstəmləkəsiyik, həm də siyasi baxımdan Avropa ölkəsiyik.
Müşahidələr göstərir ki, Azərbaycanın ictimai-siyasi fəallar kəsiminin böyük hissəsi Rusiya-Ukrayna konfliktində ikincinin tərəfindədir.
Əksəriyyəti “20 Yanvar - Bakı” və “26 Fevral – Xocalı” faciələrinin canlı şahidi, xalq hərəkatının iştirakçıları olan bu şəxslər təcavüzə məruz qalmış Ukrayna xalqının halından anlayırlar.
Onların bugünkü situasiyanın bir neçə il sonrasının necə olacağı barədə də ehtimalları var, ona görə də istəyirlər ki, Rusiya qalib gəlməsin və onun neoimperiya iddiası, “böyük dövləti bərpa etmək” arzusu puç olsun.
Ancaq nəyə görəsə Ukraynanın uduzmasını, Rusiyanın qalib gəlməsini istəyən və bu xüsusda sosial şəbəkədə təbliğat apararaq, gündə yeddi status yazanlar da var.
Onlar nəyin izindədirlər, Rusiya bu müharibədə qalib gələrsə, konkret bu şəxslər nə xeyir tapacaqlar, bilinmir. Onları “5-ci kolon” üzvü hesab edənlər və bu cür adlandıranlar da az deyil.
Bəzilərinin canfəşanlığı şübhə doğurur, amma yəqin ki, ortada quru idman azarkeşliyindən başqa bir şey yoxdur. Sadəcə, bəzilərində “axına qarşı üzmək” mərəzi var, bəziləri də fitrətən qeyri-obyektiv adamlardır.
Haqq-ədalət tərəfdarı olan adam başqa bir ölkəyə hücum edərək yüz minlərlə insanı öldürən, abad şəhərləri xarabazarlığa çevirən aqressoru necə müdafiə edə bilər?
Bu məntiqlə Hitlerə də bəraət qazandırmaq olar (hərçənd son illərdə bunu edənlər də artıb).
Bu düşüncədə olanlar başqa, müharibədən uzaq ölkələrin vətəndaşları olsa, adam anlayışla qarşılaya bilər, amma bunu edənlər torpağı 28-30 il boyunca düşmən tapdağında qalmış ölkənin vətəndaşlarıdırsa, məsələnin mahiyyəti dəyişir.
Beş-altı il öncə hansısa əcnəbi siyasətçi, diplomat, jurnalist erməni işğalçılarına haqq qazandıranda, onları dəstəkləyəndə xoşumuza gəlirdi? Gəlmirdi. Onların o hərəkətini qınayırdıq, pisləyirdik, çünki işğalın haqsız, zülm olduğunu bilirdik.
Bu baxımdan zalımın, zülmkarın yanında olanların mövqeyi çox adama haqsız, ədalətsiz görünür.
Bu, hansısa avtoritar rejimin tərəfdarları ilə demokratik quruluş tərəfdarlarının mübarizəsi deyil ki, özünü müxalifətçi demokrat və ya hökumət tərəfdarı saydığın üçün tərəf tutasan.
Hərçənd bu da mübahisəli məsələdir. Nəyə görə hansısa ölkədəki diktatorun bizim ölkədə tərəfdarları olmalıdır? Ölkə xalqı azad seçki istəyir, qoy seçsin, biz niyə narahat oluruq?
Ancaq Rusiya-Ukrayna müharibəsində birincinin tərəfində olanlar unudurlar ki, sabah-birigün öz ölkəmiz də eyni təzyiqə məruz qala bilər. O zaman köhnə hərəkatçılar müqavimət göstərəcək, milli dövlətçiliyin müdafiəsinə qalxacaqlar, bəs “yeni hərəkatçılar”-kremlpərəstlər nə edəcəklər?
Dünyanın işidiir, nə bilmək olar, Ukraynada qalib gələn və dişinə şirə dəyən Kreml sabah tələb edə bilər ki, Azərbaycan Türkiyə ilə imzaladığı “Şuşa bəyannaməsi”ni ləğv etsin, o ölkəylə münasibətini sovet dövründəki vəziyyətə qaytarsın, bax, o zaman biz necə davranarıq? Buna etiraz edərik, yoxsa, “yaxşı, Moskva deyən olsun, təki müharibə olmasın” deyərik?
Nə yazıq ki, neçə gündən bəridir Ukrayna prezidenti Zelenskini “yıxıb-sürüyən”lər bu kimi detalları nəzərə almırlar. Özü də bu şəxslərin içində hakimiyyətə yaxın adamlar da var və özlərini “dövlətçiliyin müdafiəçisi” elan ediblər.
Tarixi təcrübə göstərir ki, “mənə dəyməyən qurd min il yaşasın” devizi məişətdən fərqli olaraq beynəlxalq siyasətdə keçərli deyil. Bu arenadakı canavar mütləq növbəylə başqalarına da toxunur. Xüsusilə də o, ac canavar yox, gözüdoymaz ayıdırsa...
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ