Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində bloger “Nikosayağı”nın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Musavat.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan iclasa mətbuat nümayəndələri buraxılmayıb.
Mətbuat nümayəndələrinə bildirilib ki, “Nikosayağı” kimi sosial şəbəkələrdə məşhurlaşan Nicat Şakirlinin işi üzrə prosesin qapalı keçirilməsi qərarını hakim qeyri-rəsmi verib. Adi bir avtoqəza işi üzrə keçirilən hazırlıq iclasında ailə və kommersiya sirri olması da məntiqdən kənardır. Hakim Samir Əliyevin hazırlıq iclası və hökmün açıq keçirilməsi barədə qanunun tələbini bir kənara qoymasının səbəbi bilinmir.
Blogeri hakim qarşısına aparan hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
Nicat Şakirli Cinayət Məcəlləsinin 263-1.3 - yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham olunur. Bloger qəza zamanı sərxoş olub. Bu maddənin sanksiyasında 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ