İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikahdankənar doğulan uşaqlar - İslam bu məsələyə nə deyir?

Azərbaycanda hər il dünyaya gələn uşaqların 15%-i nikahdankənar doğulur.

Bu rəqəm təkcə bir statistik göstərici deyil - onun arxasında yüzlərlə insan taleyi, sosial reallıqlar və ailə institutunun qarşılaşdığı problemlər dayanır.

Milli Məclisdə keçirilən ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Taliyə İbrahimova bu rəqəmləri açıqlayaraq vurğulayıb ki, bu tendensiya narahatlıq doğurur.

Ölkəmizdə nikahdankənar doğuşların artması, xüsusilə də müsəlman adət-ənənələrinin güclü olduğu bir cəmiyyətdə ciddi sosial və mədəni kontekstə malikdir.

Sosioloqlar qeyd edirlər ki, bu artımın kökündə bir neçə mühüm faktor dayanır:

Qeyri-rəsmi münasibətlər və vətəndaş nikahı: Son illərdə Azərbaycanda gənclər arasında vətəndaş nikahına maraq artıb. Rəsmi nikah bağlamadan birlikdə yaşamaq artıq bəzi cütlüklər üçün adi hala çevrilib. Nəticədə bu münasibətlərdən doğulan uşaqlar rəsmi qeydiyyata alınmadığı üçün "nikahdankənar" doğulmuş sayılır.

Ailə institutunun zəifləməsi: Müasir cəmiyyətlərdə ailə dəyərlərində baş verən dəyişikliklər Azərbaycanda da özünü göstərir. Maddi sıxıntılar, sosial təzyiqlər və fərdi azadlıqların önə çıxması gənclərin evlənmədən birgə yaşamasına səbəb ola bilər.

Kəbin və rəsmi nikah dilemması: Bəzi ailələr yalnız dini kəbinlə kifayətlənir və rəsmi nikah bağlamırlar. Hüquqi baxımdan isə bu uşaqlar nikahdankənar doğulmuş hesab olunur.

Tərk edilmiş analar və istənməyən hamiləliklər: Bəzi hallarda kişilər rəsmi nikah bağlamadan qadınlarla münasibət qurur, hamiləlik baş verdikdə isə bu məsuliyyətdən qaçırlar. Nəticədə, qadınlar uşaqlarını təkbaşına dünyaya gətirir.

Qohum nikahlarının təsiri və genetik risklər: Taliyə İbrahimova çıxışında qohum nikahlarının fəsadlarına da toxundu. Onun sözlərinə görə, qohum nikahları nəticəsində dünyaya gələn uşaqlarda anemiya hallarının 65%, talassemiya hallarının isə 86% artması müşahidə edilir. Bu da nikah məsələsinin təkcə sosial deyil, eyni zamanda tibbi aspektini gündəmə gətirir.

Nikahdankənar doğulan uşaqların hüquqları Azərbaycan qanunvericiliyi ilə qorunsa da, sosial reallıq fərqlidir. Cəmiyyətdə hələ də belə uşaqlara qarşı ayrı-seçkilik meylləri var. Bir çox hallarda atalıq faktının müəyyən edilməsi üçün məhkəmə çəkişmələri baş verir ki, bu da anaların və uşaqların psixoloji durumuna mənfi təsir göstərir.

Nikahdankənar doğulan uşaqların sayının artması, qohum nikahlarının yaratdığı təhlükələr və ailə institutunda baş verən dəyişikliklər cəmiyyətdə dərin sosial, hüquqi və mədəni müzakirələrə səbəb olur. Belə uşaqlar yalnız statistik rəqəmlər deyil — onların hər biri həyat hekayəsinə malikdir və cəmiyyətin onları qəbul edib qorumaq məsuliyyəti var.

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Musavat.com-a danışıb.

LALE.jpg (45 KB)

Sosioloq qeyd edib ki, Azərbaycanda uşaqların 15%-nin nikahdankənar doğulması ciddi sosial problemdir və bu rəqəmi normal qəbul etmək mümkün deyil:

"Əlbəttə ki, Azərbaycanda uşaqların 15 faizinin nikahdankənar doğulması məsələsini normal qarşılamaq olmaz. Heç 5 faiz də normal deyil. Əgər tərəflər bir-biri ilə ailə olmağa qərar verirlərsə, atacaqları birinci addım dövlətin rəsmi nikah sənədinə sahib olmaqdır. Əgər dövlət səni ailə kimi tanımırsa, o zaman evlənməyin də bir mənası yoxdur."

Sosioloqun fikrincə, son illərdə vətəndaş nikahına münasibət getdikcə dəyişir və bu anlayış cəmiyyətə daha yumşaq formada təqdim edilir:

"İndi vətəndaş nikahını yumşaldırlar, hər vəchlə çalışırlar ki, cəmiyyətə yumşaq formada təqdim etsinlər. Ona görə sivil ailə modeli, adına vətəndaş nikahı deyirlər, amma bütün hallarda əgər tərəflər ailə qururlarsa və dünyaya uşaq gətirmək istəyirlərsə, rəsmi dövlət nikah sənədi alınmalıdır. Bu, valideynlərin övladına edəcəyi ən böyük yaxşılıqdır.

Vətəndaş nikahında dünyaya gələn uşaqların hüquqi statusu məsələsində problemlər ortaya çıxır. Atalıq müəyyən edilməsi üçün bəzi hallarda kişilərin doğum evində ərizə yazması tələb olunur. Halbuki, rəsmi nikah sənədi olduğu halda, belə bir prosedura ehtiyac qalmır. Bu vəziyyət uşaqlar üçün mənfi nəticələr doğurur. Övladının ata-anası bəlli olduğu halda, nikahdankənar uşaq dünyaya gəlməsi valideynlərin ona edəcəyi ən böyük pislikdir. Niyə ata gedib doğum evində ərizə yazmalıdır ki, uşaq onundur? Zamanında nikah sənədi almış olsaydı, buna ehtiyac olmazdı. Niyə o uşaqlara el arasında nikahdankənar uşaqlar üçün işlədilən hansısa ifadə yönəldilsin? Uşaqlar niyə bu cür yanaşmaya məruz qalmalıdırlar?

Nikahdankənar doğulan uşaqların bir qismi erkən nikaha cəlb edilən qızların övladlarıdır. Belə hallarda qızlar yetkinlik yaşına çatmadan ailə qurmağa məcbur edilir, rəsmi nikah bağlanmadığı üçün dünyaya gələn uşaqlar nikahdankənar hesab olunur. Bu, problemin davamlı olmasına səbəb olur. Nə qədər ki, erkən nikahların qarşısı alınmayıb, nikahdankənar uşaqların sayında azalma olmayacaq.

Qloballaşma və müasir dünyada dəyişən ailə modelləri də nikahdankənar doğulan uşaqların sayının artmasına təsir göstərir. Bəzi gənclər üçün rəsmi nikah artıq vacib hesab edilmir. Eyni zamanda, bəzi hallarda tərəflərdən biri əvvəlcədən başqa biri ilə rəsmi nikahda olduğu üçün vətəndaş nikahına üstünlük verir və bu münasibətdən uşaq dünyaya gəlir".

Sosioloq bildirib ki, valideynlər uşaqlarına bu cür çətinlikləri yaşatmamalıdırlar və onların hüquqi statusunu təmin etmək üçün rəsmi nikah bağlamalıdırlar:

"Uşaqlara bunu yaşatmağın heç bir valideynin haqqı yoxdur. Nikahdankənar doğulan uşaqların artması cəmiyyətdə ailə institutunun zəifləməsinə işarə edir. Bunun qarşısını almaq üçün maarifləndirmə tədbirləri aparılmalı, erkən nikahların qarşısı alınmalı və ailə dəyərləri gücləndirilməlidir".

Bəs müsəlman ölkəsi kimi Azərbaycanda uşaqların 15%-nin nikahdankənar doğulması nə dərəcədə normaldır? İslam bu məsələyə nə deyir?

İlahiyyatçı Emil Rahiloğlu deyib ki, İslam dininə görə nikahdankənar münasibətlər zina hesab olunur və bu cür münasibətlərdən doğulan uşaqlar şəriətə əsasən zinazadə sayılır.

RAHİL.jpg (12 KB)

O vurğulayıb ki, belə hallarda valideynlərin məsuliyyəti böyükdür və onların etdikləri əməllər İslam qanunlarına görə zina hökmündədir:

"Təbii ki, İslam dinində nikahdankənar, yəni şəri əqidədən kənar zina hesab olunur. Yəni qeyri-şəri münasibətdən doğulan uşaqlar zinazadə sayılır və valideynlərinin etdiyi əməllər də zina hökmündədir. Şəriətin buna görə müəyyən tətbiq olunmuş cəza növləri var".

İlahiyyatçı qeyd edib ki, bəzi valideynlər yalnız mollanın oxuduğu dini nikahla kifayətlənir və rəsmi dövlət nikahına girmirlər. Bu isə hüquqi problemlərə yol açır, xüsusilə də ayrılıq və aliment məsələlərində ciddi çətinliklər yaradır:

"Hazırda bizim də müşahidələrimizə görə nikahdankənar doğulan uşaqların məsuliyyəti birbaşa valideynlərin öz üzərindədir. O valideyn ki, qızını ərə verir və yalnız mollanın oxuduğu kəbinlə kifayətlənir, rəsmi dövlət nikahından keçmir, bu da sonradan bir sıra problemlər yaradır. Yəni, onların arasında ayrılıq baş versə, artıq qanundan, hüquqdan məhrum olurlar, aliment kəsilməsində də problem yaranır və sairə. Burada valideynlər məsuliyyət daşımalıdır".

Emil Rahiloğlu hesab edir ki, rəsmi nikahın ardından dini nikahın da olması müsbət haldır:

"Azərbaycanda bəzi rəsmi nikah yerlərində ilahiyyatçıların da iştirak etməsi və nikahdan sonra dini kəbinin kəsilməsi təqdirəlayiqdir. Lakin bəzi hallarda rəsmi nikah olduğu halda, dini kəbinin olmaması, yaxud əksinə, yalnız dini nikahın olması da düzgün deyil.

Doğrudur, Azərbaycan şəriət deyil, dünyəvi dövlətdir. Lakin dünyəvi dövlət olsa da, rəsmi nikah yerlərində ilahiyyatçılar əyləşir və orada rəsmi nikahdan sonra da bir müsəlman olaraq molla kəbini kəsilir. Bu, çox müsbət haldır. Amma bunun əksinə də rast gəlirik. Məsələn, neçə illərdir ki, rəsmi nikahdan keçiblər, amma müsəlman olaraq şəri kəbinləri yoxdur. Yəni hər iki hal qınanılasıdır. Hər iki kəbin olmalıdır".

İlahiyyatçının fikrincə, İslam dini rəsmi nikahsız münasibətləri qəbul etmir və evliliyin həm şəri, həm də hüquqi əsaslara dayanmasını tələb edir:

"Ümumilikdə yanaşsaq ki, İslam dini kəbinsiz evliliyə necə baxır – təbii ki, pis baxır. İslam baxımından ailənin əsasını həm hüquqi, həm də dini çərçivədə möhkəmləndirmək vacibdir. Rəsmi və dini nikah birlikdə olduqda həm uşaqların hüquqları qorunur, həm də cəmiyyətin sosial və mənəvi dayaqları möhkəmlənmiş olur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR