Onlayn ictimai-siyasi qəzet
“Hər bir iştirakçı qalib olmağa layiqdir. Ümid edirəm ki, kubok Azərbaycanda qalacaq”.
“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Vüqar Həşimov Memorial-2023” superturnirinə qatılan Azərbaycan şahmatçısı Nicat Abasov deyib.
İlk üç turda beş xal toplayaraq liderliyə yüksələn 28 yaşlı qrosmeyster əsas mübarizənin qarşıdakı günlərdə olacağını düşünür:
“İlk üç turda iki qələbə qazanıb, bir heç-heçə etməyimə baxmayaraq, turnir hələ yeni başlayıb. Qarşıda çətin sınaqlar var. Yəni yarışın cüzi hissəsi geridə qalıb. Növbəti görüşlərə köklənmək lazımdır. Ümid edirəm ki, qatıldığım son iki turnirlə müqayisədə daha müsbət nəticə əldə edəcəyəm”.
Şahmatçı “Vüqar Həşimov Memorial-2023” superturnirinin Qəbələdə təşkil olunmasına da münasibət bildirib:
“Vüqarın adını yaşatdıqları və belə mötəbər turnir keçirdikləri üçün təşkilatçılara təşəkkürümü bildirirəm. Sevindirici haldır ki, yarış Azərbaycanın bölgələrində baş tutur. Ötən il Şuşada, ondan əvvəl isə Şəmkirdə keçirilmişdi. Bu il də Azərbaycanın şahmat xəritəsinə yeni şəhər əlavə olundu. Qəbələ yarışa yüksək səviyyədə ev sahibliyi edir. Şahmatçılar burada özlərini çox yaxşı hiss edirlər”.
Qeyd edək ki, niderlandlı Yorden Van Forestlə bərabərə qalan Nicat Abasov ardından Rumıniya təmsilçisi Rixard Rapport və İsrail şahmatçısı Boris Qelfandı məğlub edib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ