İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neynirəm ki, o qızıl teşti ora qan qusum”

Hərbçilərin pensiya yaşının artırılması haqda layihə narazılıq doğurub; Ramil Məmmədli: “5 il artıq hərbi müddətdə olacaq, amma daha artıq pensiya alacaqlar”

“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə", “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi Milli Məclisə daxil olub. Bu barədə Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Qanun layihəsində hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur.

Qeyd olunan dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. Belə ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir. Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Bundan başqa, layihəyə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Yuxarıda qeyd olunanlarla yanaşı, qanun layihəsində hərbi qulluqçuların təhsil almaq hüququnun həyata keçirilməsi ilə bağlı və başqa dəyişikliklər də əks olunub.

Qeyd edək ki, hərbçilərin pensiya yaşının artırılması ilə bağlı narazılıqlar var. Bəs hərbçilərin pensiya yaşı niyə artırılır?

Ramil Məmmədli: “Ermənistan Azərbaycanla sərhəddə yeni müdafiə xətti qurur”

Ramil Məmmədli

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a danışıb: “Hərbi qulluqçuların pensiya  təqvim müddətinin artırılması, yəni 20 ildən 25 ilə çatdırılması təbii ki, birmənalı qarşılana bilməz, hansı ki, bütün islahatlarda belə olur. Qeyd etmək lazımdır ki, bir çox hərbi qulluqçular onlar xidmət müddətinin əsas götürülməsini daha məqsədəuyğun hesab edirlər. Çünki bilirik ki, bir-iki gün hesablanması ilə xidmət müddəti olan  hərbi qulluqçularımız var ki, onlar müharibə dövründə, ondan əvvəlki illərdə öncə cəbhədə xidmət edən zaman artıq xidmət müddətini  kifayət qədər artırıblar. 

Qeyd edim ki, sovet dövründə də 25 il hərbi xidmət təqvimi olub. Hər halda, 17-18 yaşında hərbi xidmətə başlayan hərbi qulluqçu üçün 25 il o qədər böyük müddət deyil, yəni əslində normal müddətdir.  

Beləliklə, bu layihənin mənfi tərəfi budur ki, hərbi qulluqçular 5 il artıq hərbi müddətdə  olacaq. Müsbət tərəfi isə budur ki, daha artıq pensiya alacaqlar. Yəni qulluq əlavəsi artıq 50 faizdən 65 faizə qalxacaq. Ümumilikdə də bu əldə olunan pensiya məbləğinə müsbət təsir edəcək". 

Müdafiə Nazirliyində iki müavin postunun ləğvi səhv qərardır" - Üzeyir  Cəfərov

Üzeyir Cəfərov 

Hərbi ekspert Üzeyir Cəfərov isə yeni layihə ilə bağlı narazılığını bildirib: “Belə təklifləri  verən insanlar hərbidən uzaq olanlardır. Başa düşmürlər ki, bu 20 il elmi-tədqiqat institutları tərəfindən hesablanıb, bildirilib ki, hərbi qulluqçu yalnız 20 il normal şəkildə hərbi xidmət keçmək gücündədir. Bu layihəni təqdim edənlərin isə düşüncəsi budur ki, hərbi qulluqçular artıq 50 deyil, 65 faizlə pensiya alacaqlar. Amma hərbi qulluqçu 5 il əlavədən sonra aldığı pensiya ilə sağlamlığını bərpa edə bilməyəcək. Bu, yersiz qərardır. Qeyd edim ki, bu qərar Silahlı Qüvvələrdə də böyük narazılıq yaradıb. Çox təəssüflənirəm ki, güc strukturlarının rəhbərləri də buna susur. Axı burada insanların taleyindən söz gedir. Belə olmaz. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində oturan adamlar da buna susur. Onlardan olsa, 25 ili lap 35 il edərlər.  "Neynirəm ki, o qızıl teşti ora qan qusum". Ona görə də  narazı hərbçiləri çox gözəl başa düşürəm və onların bu narazılıqlarına, narahatlıqlarına haqqı qazandırıram".

 Xalidə GƏRAY,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR