İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəticə çıxartmaq artıq onların vicdan və şərəfindən asılıdır...” - SƏRT MESAJ

“Qərbin apardığı siyasətdə təbii ki, bütün necə deyərlər, komponentlər birləşib. Burada həm etnik, həm dini, həm də digər faktorlar var. Təbii ki, Ukrayna məsələsində əsas hədəf Rusiyadır, onun hərbi potensialının sıradan çıxarılması, vətəndaşlar arasında narazılıqlar yaratma, bu narazılıqları siyasi məqsədlərlə istifadə etmək, iqtisadiyyatı çökdürmək və digər məsələlər mövcuddur. Paralel olaraq Ukraynanı da inkişafdan geri qoymaq, Avropada güclü potensiala malik olmağının qarşısını almaq da əsas hədəflərdən biridir”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Arzu Nağıyevə məxsusdur.

Qərb alyansının Ukraynada yürütdüyü ikibaşlı siyasətindən bəhs edən A.Nağıyevin sözlərinə görə, burada məkrli planlar mövcuddur:

“Qərb istəmir ki, bu müharibədə qalib olsun, Suriyada baş verənləri bu regionda da təkrar etmək niyyətindədilər və bir çox dövlətlər arasında da qarşıdurma yaratmaq kimi faktorlar da özünü büruzə verir. Yəni Rusiyanın bir məqsəd kimi zəifləməsi nəinki son nöqtəni nəzərdə tutmur, həm də uzunmüddətli, hətta “əbədi” münaqişəni nəzərdə tutur. Qərbin məqsədlərindən biri də dövlətlərin onlardan asılılığını yaratmaqdır. Müstəqil daxili və xarici siyasət yürütmək imkanından məhrum edilən dövlətləri idarə etmək, daha doğrusu, istədikləri kimi idarə etmək daha asandır və hədəf budur”.

A.Nağıyev xatırladıb ki, torpaqlarımızın işğalda olduğu illərdə Azərbaycana qarşı da həmin taktikadan istifadə edilirdi:

1637392070833519204_1200x630.jpg (90 KB)

“BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası baş vermədi. Necə oldu ki, qətnamənin qəbul edilməsinin lehinə səs verən dövlətlər icra mexanizmini işə salmadılar? Məqsəd Azərbayacanı ilk növbədə iqtisadi cəhətdən zəiflətmək, siyasi arenada gözdən salmaq, hərbi potensialına zərbə vurmaq, çoxsaylı qaçqın ordusu yaratmaqla daxili narazılığa nail olmaq. ATƏT-in Minsk qrupu kimi yararsız və yaramaz bir təşkilat yaradıb ancaq deklarativ bəyanatlar verdirməklə hər iki tərəfdən çoxsaylı itkilərin verilməsinə bais olmaq, qaçaqmalçılığa, insan alverinə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və cinayətkar, separatçı dəstələrin, terrorçuların böyük maliyyə dəstəyi almasına imkan və şərait yaratmağa nail oldular. 44 günlük müharibə bütün bunlara son qoydu, biz müstəqil siyasətin nə olduğunu, etik müharibə aparmağın nə olduğunu, hibrid müharibənin necə aparılmasını dünyaya göstərdik”.

Azərbaycan Prezidentinin İtaliyada səsləndirdiyi tarixi fikirlərə toxunan deputatın fikrincə, hər hansı bir dövlətin ərazi bütövlüyünə qarşı olmayan Azərbaycan əleyhinə belə münasibət gözlənilən idi:

“Çünki bizim məqsədimiz təhlükəsizliyimiz, suverenliyimiz və vətəndaşlarımızın rifahıdır. Bu da Qərbi razı sala bilməz, Ermənistandan vasitə kimi istifadə edilərək onlar yenə təxribatlarından əl çəkmirlər, guya 1000 km-lərlə uzaqdan erməniləri fikirləşirlər. Xeyr, məqsəd özlərinin itirdiklərini bərpa etmək istəyidir. Ukrayna öz ərazi bütövlüyü adı ilə Rusiyanın ərazinə giririsə, bu haqda susurlar, hətta bəraət də qazandırırlar, Azərbaycan öz ərazisindən separatçıları qovursa, bu niyə qınanılmalıdır? Deməli, ikili standart və çirkli oyunlarla öz məkrli məqsədlərinə çatmaq üçün istənilən müqəddəsliyi tapdalamağa hazırdırlar. Bu isə tək region üçün deyil, beynəlxalq səviyyədə sülhün bərqəqər olmasına yox, yeni münaqişələrin alovlanmasına gətirib çıxaracaq. Zənnimcə, bunlara “dur” deməyin vaxtı çoxdan çatıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bütün bunları İtaliyada bir daha forum iştirakçıların nəzərinə çatdırdı. Nəticə çıxartmaq isə artıq onların vicdan və şərəfindən asılıdır...”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR