İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəsiminin məzarının Azərbaycana gətirilməsini Hüseyn Cavidlə müqayisə etmək olmaz”

“Nəsiminin məzarının Azərbaycana gətirilməsi kifayət qədər düşündürücü məsələdir”.

Musavat.com bildirir ki, bu barədə millət vəkili Elnarə Akimova deyib.

Millət vəkili qeyd edib ki, bunu heç bir halda Hüseyn Cavidin qərib məzarının tapılıb vətənə gətirilməsi ilə müqayisə etmək olmaz:

“Nəsiminin qəbrinin Hələbdə olması 600 il əvvəl Hələbdə Azərbaycan dilinin necə böyük bir mədəniyyəti təmsil etməsinin, Azərbaycan dilinin ərazilərinin necə geniş əhatə dairəsinə malik olmasının göstəricisidir. 600 il əvvəl Azərbaycan türklərinin ərəb torpaqlarında irfan dilini necə vüsətlə poetik dil statusu qazandırmalarının təkzib olunmayan ifadəsidir. Nəsiminin məzarını 1968-ci ilin noyabrında Hələbə səfər etmiş Rəsul Rza aşkar etmişdir. Yəni 600 il Hələb şəhəri Azərbaycan şairinin məzarını ehtiramla qorumuşdur. Məzarın yaxınlığından keçən küçə də Nəsiminin adını daşıyırdı. Eyni sözləri Füzulinin Kərbəladakı məzarına da aid etmək olar və bunu heç bir halda Hüseyn Cavidin qərib məzarının tapılıb vətənə gətirilməsi ilə müqayisə etmək mümkün deyil. Cavid sovet hökuməti tərəfindən həbs olunub sürgün edilmiş və sürgündə də dünyasını dəyişmişdi. Ümummilli lider Heydər Əliyev elə həmin rejimin mövcud olduğu dönəmdə bu tarixi addımı atdı. Onun adsız-ünvansız məzarını həbs düşərgəsinin məzarlığından tapıb vətənə gətirdi. Ümummilli liderin bu hərəkəti bütün dünyada əks-səda verdi. Dünyaya isbat olundu ki, SSRİ burada yaşayan xalqların vahid vətəni deyil.

Nəsiminin yaşadığı dövrdə isə ərəb torpaqlarında hakim qüvvə türklər olub. İstər Məmlüklü dövləti, istər Osmanlı və s. Məncə Hələbdə Nəsiminin nəslinin nümayəndələri indi də Nəsimi baba soyadı ilə yaşayırlar. 1968-ci ildə Rəsul Rzanı Nəsimi məzarının ziyarətinə “zahirən şirvanlıya bənzəyən” Hikmət Nəsimi adlı bir nəfər aparmışdı. Və məzar Nəsimilərin ailə məzarlığındaydı.
Heykəli Bakıdadır. Bəzi əlyazmaları İstanbulda, məzarı isə Hələbdə. Nəsimi dünyası 600 ildir ki, hər üç ünvanda bərqərardır”.

Xatırladaq ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. APA-nın məlumatına görə görə, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.

Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.

Lakin Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ölkəyə gətirilməsinə bəzi ziyalılar birmənalı yanaşmır. Məsələn, şərqşünas alim, nəsimişünas Səadət Şıxıyeva Nəsiminin məzarının Azərbaycana köçürülməsinə ehtiyac olmadığını, onun məzarını dəyişmək ideyasının nə din, də tarix baxımından doğru olmadığını deyib.

Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı Musavat.com-a açıqlamasında Nəsiminin məzarı üzərində bu cür müzakirələrin aparılmasını doğru hesab etmədiyini bildirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR