İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nərmin işi”ndə yenə narazılıqlar var

Məhkəmədə hakimlə vəkillər arasında yaranmış qalmaqal səbəbindən proses təxirə salındı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir.

Sonuncu məhkəmə prosesində istintaq eksperimentinin və İlkin Süleymanovun ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkətinin videogörüntüləri nümayiş etdirilib. Tovuzun Aşağı Öysüzlü kəndində qoyun cəsədinin yandırılması ilə keçirilən istintaq eksperimentinin məqsədi aşkar edilmiş meyitin yanma prosesinin zaman və şəraitinin yoxlanması olub. Videogörüntülərdən məlum olur ki, qoyun cəsədinə Nərmin Quliyevanın yandırılarkən əynində olmuş paltarlara uyğun paltarlar geyindirilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin göstərişi ilə cəsədin üzərinə salyarka tökülür və alışqanla yandırılır. 4 dəqiqə yandırılandan sonra cəsəd torpaqlanaraq alov söndürülür. Ancaq eksperimentin nəticəsi müstəntiqi qane etmir, cəsəd ikinci dəfə 2 dəqiqə ərzində yandırılır. Bu dəfə də nəticə əldə olunmur. Bu yerdə qeyd edək ki, Nərminə məxsus olduğu deyilən yanmış meyit tapılarkən kömürləşmiş şəkildə olub. Meyit 5 dəqiqə 48 saniyə yanıb və söndürülüb. Ekspertlər bildiriblər ki, meyit azı 45-50 dəqiqə yanmalıdır ki, kömürləşsin. 5 dəqiqə ərzində bu, mümkün deyil.

Sonra ifadənin yerində yoxlanması videogörüntüləri nümayiş etdirilib. Videogörüntülərdə İlkin Süleymanovun təlaş və həyəcan içində olduğu, üz nahiyəsində döyülmə izləri sezilib.

Vəkillər videogörüntülərdəki ziddiyyətlərlə bağlı dəlillərini məhkəməyə təqdim etmək istəyəndə hakimin Dadaş İmanov “qeydlərinizi məhkəmənin axırına saxlayın” deməsi vəkil Əlibaba Rzayevi özündən çıxardıb.

O, hakimə etiraz edib: “Hər dəfə ağzımızı açanda danışmağa imkan vermirsiniz, deyirsiz ki, saxlayın məhkəmənin axırına... Məhkəmə boyu ziddiyyətlər yerində və məqamında araşdırılmalıdır. Vəkillərə danışmağa imkan vermirsiz, ancaq prokurora bütün şəraitləri yaradırsız. Bunun harasında ədalət var? Xahiş edirik, müvəkkilimizlə məsləhətləşmək üçün 5 dəqiqə fasilə elan edəsiz.

Hakim:

- Etmirəm.

İlkin Süleymanov ayağa qalxdı:

- Mənim də qeydlərim var axı, o qeydləri sizin diqqətinizə çatdırmaq istəyirəm.

Hakim acıqlı şəkildə:

- Sən də otur yerinə.

Vəkil:

- Təqsirləndirilən şəxsin öz dəlillərini təqdim etmək hüququ var, siz buna şərait yaratmalısız.

1 saata yaxın davam edən məhkəmə iclasında hakimlə vəkillər arasında yaranmış qalmaqal iclasın təxirə salınmasına səbəb olub.

Məhkəmə 1 il 6 aydır davam edir. 1973-cü il təvəllüdlü  İlkin İbrahim oğlu Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynləri isə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.

2 il yarım əvvəl Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirilməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncə ilə boynuna qoyulmasından danışıb.  2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR