İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft yataqlarında fors-major – Bazar dərhal reaksiya verdi

Liviyanın şərqindəki hökumət təhlükəsizlik vəziyyəti, xüsusilə də Milli Neft Korporasiyasının (NOC) binasına edilən hücumlar səbəbindən neft yataqları və terminallarında fors-major vəziyyət elan edərək NOC-un qərargahını Tripolidən köçürməyə hazırlaşdığını elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumat Sirtdə yerləşən Nazirlər Kabinetinin rəsmi “Facebook” səhifəsində dərc olunmuş bəyanatında yer alıb.

Bəyanatda qeyd edilir ki, son vaxtlar Liviya paytaxtında vəziyyətin gərginləşməsi fonunda dövlət qurumlarına, o cümlədən Mərkəzi Bank və NOC-un baş qərargahına qarşı dəfələrlə hücumlar həyata keçirilib: “NOC və onun törəmə qurumlarına təkrar hücumlar fonunda Liviya hökuməti bir sıra ehtiyat tədbirləri görməyə, o cümlədən neft yataqlarında və neft terminallarında fors-major vəziyyət elan etmək və ya NOC-un qərargahını müvəqqəti olaraq Ras Lanuf, Breqa və digər təhlükəsiz şəhərlərdən birinə köçürmək qərarına gəlmək məcburiyyətində qala bilər”. Nümayəndələr Palatasının (parlament) dəstəklədiyi hökumət də Baş Prokurorluğu neft korporasiyasının binasına hücumla bağlı araşdırma aparmağa çağırıb.

Mayın 28-də Liviyanın “Əl Vasat” xəbər portalı dövlət korporasiyasındakı mənbəyə istinadən xəbər verib ki, silahlı qrup NOC binasına soxularaq qurumun bir hissəsinə nəzarəti ələ keçirib. Neft korporasiyası bu məlumatı dərhal təkzib edərək, rəsmi açıqlamasında binaya basqın edilməsi ilə bağlı xəbərlərin yalan olduğunu vurğulayıb. NOC-un məlumatına görə, "baş verənlər qəbulda yaranan şəxsi mübahisə olub və dərhal administrasiyanın mühafizə xidməti tərəfindən həll edilib".

Qeyd edək ki, Liviya neft yataqlarında fors-major elan olunarsa, neft hasilatı dayandırılacaq. Xəbər yayıldıqdan dərhal sonra dünya bazarında neft qiymətləri artmağa başlayıb. Hazırda artım davam edir, Brent neftinin qiyməti 66 dollara yaxınlaşır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR