Onlayn ictimai-siyasi qəzet
OPEC+ hasilata mövcud könüllü məhdudiyyətlərdən imtina edərsə, dünya bazarında neftin qiyməti 2025-ci ildə bir barel üçün 40 dollara düşə bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu proqnozla tanınmış analitiklər çıxış ediblər. Onların fikrincə, alyans çox güman ki, 2025-ci ilin əvvəlində bu məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırmağı seçəcək.
OPIS-in enerji təhlili rəhbəri Tom Kloza deyib: “2025-ci ildə neftin qiymətləri ilə bağlı son illərdə - Ərəb baharından bəri xatırlaya biləcəyim bütün illərdən daha çox narahatlıq var.”
Avrasiya Qrupunun Enerji, İqlim və Resurslar Departamentinin rəhbəri Henning Gloystein qeyd edir ki, gələn il neftə tələbat artımının gündə 1 milyon bareldən az olacağını nəzərə aldıqda, OPEC+ məhdudiyyətlərinin 2025-ci ildə tam geri qaytarılması “şübhəsiz ki, neft qiymətlərinin çox kəskin azalmasına, bəlkə də bir barel üçün 40 dollara qədər enməsinə gətirib çıxaracaq.”
MST Marquee-nin baş enerji analitiki Saul Cavonic də OPEC+-ın bu addımının “neft qiymətlərini COVID-dən bəri görülməmiş aşağı səviyyələrə çatdıra biləcək bazar payı üçün qiymət müharibəsinə səbəb olacağını” düşünür.
Qeyd edək ki, OPEC+ neft qiymətlərindəki enişin qarşısını almaq üçün iki ay müddətinə sutkada 2,2 milyon barel könüllü ixtisarın mərhələli şəkildə dayandırılması planlarını 2 dəfə təxirə salıb. Noyabrın əvvəlində qəbul edilən qərarla bu addım dekabrın sonuna qədər təxirə salınıb.
Neftin qiymətinin aşağı düşməsi, digər məsələlərlə yanaşı, dünyanın aparıcı neft idxalçısı olan Çində pandemiyadan sonra tələbin ləng bərpası ilə bağlıdır.
Gloystein bildirir ki, bundan əlavə, bazarda yanacağın həddindən artıq tədarükü mənfi amildir, çünki OPEC-dən kənarda olan ABŞ, Kanada, Qayana və Braziliya kimi əsas neft istehsalçıları da tədarükləri artırmağı planlaşdırırlar.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ