Onlayn ictimai-siyasi qəzet
Cari ilin sonunadək qiymətlərin Azərbaycan üçün əlverişli həddə qalacağı bildirilir
Dünya neft bazarında volatillik yüksək həddə çatıb: bir gün 82-83 dollara qədər qalxan qiymətlər səhəri gün 2-3 dollardan çox ucuzlaşır. İran-İsrail qarşıdurmasının baş verəcəyi gözləntiləri hazırda bazar qiymətlərini 80 dollar civarında saxlayan yeganə əsas amil hesab olunur. Daha az təsirli amil kimi Liviyada hasilatın qismən azaldılması çıxış edir.
Qiymətlərə azaldıcı təsir göstərən əsas amil kimi isə Çin və ABŞ iqtisadiyyatında makroiqtisadi göstəricilərin pisləşməsi çıxış edir. Bu amil əksər beynəlxalq analitik mərkəzlərdə neftə tələbatın artım sürətinə dair bədbinlik yaradıb. Neft hasil edən ölkələrin birləşdiyi OPEC-in hesablamalarına görə, 2024-cü ildə dünyada gündəlik neft istehlakı 2,11 milyon barel artaraq sutkada 104,32 milyon barel olacaq. Təşkilatın aylıq hesabatına əsasən, bu, bir ay əvvəlki proqnozdan 140 min barel azdır.
Hesabatda qeyd edilir ki, proqnoza dəyişiklik “2024-cü ilin birinci və ikinci rübündən olan son məlumatları, eləcə də Çində tələb artımı ilə bağlı aşağı gözləntiləri əks etdirir”. Həmçinin bildirilir ki, “OECD ölkələrində neftə tələbatın sutkada 0,2 milyon barel, digər ölkələrdə isə 1,9 milyon barel artacağı gözlənilir”.
Təşkilat analitikləri bu ilin bütün dörd rübü üzrə istehlak təxminlərini azaldıblar: birinci rübdə sutkada 350 min barel - sutkada 103,15 milyon barelə qədər, ikinci rübdə sutkada 90 min barel - 103,7 milyon barelə qədər, üçüncü rübdə gündə 50 min barel - 104,85 milyon barelə qədər, dördüncü rübdə 50 min barel - 105,57 milyon barelə qədər.
2025-ci ildə istehlak artımı proqnozu 60 min barel azaldılıb və OPEC indi neft tələbinin 2025-ci ildə əvvəl gözlənildiyi kimi 1,85 milyon barel deyil, 1,78 milyon barel artacağını və 106,11 milyon barel təşkil edəcəyini gözləyir.
İyun ayı üzrə ilkin məlumatlar göstərir ki, OPEC ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 14,1 milyon barel azalaraq 2,831 milyard barelə düşüb. Bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 38,4 milyon barel çoxdur, lakin son beş il ərzində orta göstəricidən 66,8 milyon barel az, 2015-2019-cu illərin orta göstəricisindən isə 116,1 milyon barel azdır.
O cümlədən neft ehtiyatları 17,3 milyon barel azalaraq 1,365 milyard barelə, neft məhsulları ehtiyatları isə 3,1 milyon barel artaraq 1,467 milyard barelə düşüb.
Beynəlxalq Enerji Agentliyi (IEA) də 2024-2025-ci illər üçün qlobal neft tələbi üzrə proqnozunu yeniləyib. Agentliyin aylıq hesabatına görə, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 970 min barel artaraq (proqnoz dəyişməyib), 103,06 milyon barel (proqnoz göstəricisi dəyişməyib) təşkil edəcək.
Bundan başqa, agentlik 2025-ci il üçün müvafiq göstərici üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, gələn il qlobal gündəlik neft tələbatı 104,013 milyon barel təşkil edəcək (öncəki proqnoz göstərici - 104,04).
ABŞ Energetika Nazirliyi (EIA) 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu 2,3 faiz azaldaraq, bir barel üçün 86,37 dollardan 84,44 dollara endirib. Musavat.com xəbər verir ki, bu barədə nazirliyin aylıq hesabatında məlumat yer alıb.
EIA ilin sonuna kimi Brent neftin qiymətinin bir barel üçün 85-90 dollar səviyyəsinə qayıdacağını gözləyir: “Qlobal iqtisadiyyatla bağlı bazar narahatlıqları son günlər neft qiymətlərini aşağı salsa da, biz hələ də OPEC+ razılaşması üzrə neft hasilatının azaldılmasının növbəti üç rüb üçün qlobal ehtiyatları azaldacağını və qiymətləri yüksəldəcəyini gözləyirik”.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2024-cü il üçün ölkədə neft hasilatı proqnozunu bir qədər azaldıb - sutkada 20 min barel, 13,23 milyon barel. Həmçinin 2025-ci ildə ölkədə gözlənilən neft hasilatı həcmi sutkada 80 min barel azaldılaraq 13,69 milyon barelə endirilib.
ABŞ və Çin iqtisadiyyatına dair ikinci rüb üzrə göstəricilər açıqlanmazdan öncə bazarda nikbinlik yüksək idi. Buna görə də hasilatçılar bazara tədarükləri xeyli artırmışdılar. IEA-nın hesablamalarına əsasən iyul ayında qlobal neft tədarükü gündəlik 230 min barel artaraq 103,4 milyon barelə çatıb.
Agentliyin aylıq hesabatına görə, OPEC+ ölkələri tərəfindən hasilatın əhəmiyyətli dərəcədə artması razılaşmadan kənar istehsalçıların itkilərini kompensasiya edib: “Hazırda tədarük pik yay tələbi ilə ayaqlaşmaqda çətinlik çəkir, nəticədə bazarda qıtlıq yaranıb, qlobal neft ehtiyatları kəskin şəkildə azalıb”.
Bildirilir ki, dörd aylıq artımdan sonra iyunda neft ehtiyatları 26,2 milyon barel azalıb.
Ekspertlər tədarükün artımını Səudiyyə Ərəbistanı və İraqdan tədarükün artması ilə əlaqələndirirlər. Ümumilikdə qlobal neft hasilatı sutkada 103,4 milyon barel təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 1,8 milyon barel çoxdur və artımın təxminən yarısı ABŞ-ın payına düşür.
2024-cü ilin sonuna qədər qlobal hasilatın orta hesabla sutkada 730 min barel artacağı proqnozlaşdırılır ki, bu da tədarükün rekord həddə - 102,9 milyon barelə çatmasına səbəb olacaq. Mövcud könüllü azalmalar davam edərsə, qeyri-OPEC+ hasilatının sutkada 1,5 milyon barel artacağı, OPEC+ ölkələrində isə hasilatın 760,000 barel azalacağı gözlənilir. Gələn il qlobal tədarükün sutkada 1,9 milyon barel artaraq 105 milyon barelə yaxın yeni illik maksimuma çatacağı proqnozlaşdırılır.
OPEK-in hesablamalarına görə, iyulda OPEC-ə daxil olan 12 ölkə gündəlik 26,75 milyon barel neft hasil edib ki, bu da iyun ayı ilə müqayisədə gündə 185 min barel çoxdur. Ötən ay Səudiyyə Ərəbistanı, İraq və İranda hasilat artıb, Liviyada isə azalıb.
OPEC+ ittifaqına daxil olan, lakin OPEC-ə daxil olmayan ölkələr iyulda sutkada 14,16 milyon barel hasil edib ki, bu da iyun ayı ilə müqayisədə 68 min barel azdır - Rusiya, Qazaxıstan və Cənubi Sudanda hasilat azalıb. Lakin bu azalmaya rəğmən Rusiya OPEK+ çərçivəsində müəyyən olunan limitdən çox neft hasil edib. Belə ki, Rusiyada neft hasilatı iyunda sutkada 9,115 milyon bareldən iyulda 9,089 milyon barelə (gündə 26 min barelə) azalıb. Müəyyən edilmiş OPEC+ planına görə, iyulda Rusiyada neft hasilatı sutkada 8,978 milyon barel, yəni 111 min barel az olmalı idi. OPEC-in dərc etdiyi göstəricilər ikinci dərəcəli məlumat mənbələrindən alınan məlumatlara əsaslanır. Keçən həftə Rusiya Energetika Nazirliyi iyulda Rusiyanın hasilatı OPEC+ hədəflərini “avqust və sentyabr aylarında tədarük cədvəlində birdəfəlik problemlərə görə 67 min barel aşdığını” açıqlamışdı.
Maraqlıdır ki, neft hasilatçıları tələb və qiymətlərlə bağlı nikbinliyi saxlayırlar. Dünyanın ən böyük neft hasilatçılarından olan "Saudi Aramco"nun baş direktoru Amin Nasser hesab edir ki, dünyada neft və neft məhsullarına tələb yüksək olaraq qalır. Onun fikrincə, Çinin iqtisadi artımının ikinci rübdə yavaşlamasına baxmayaraq, neft və neft məhsullarına qlobal tələbat güclü olaraq qalır.
Nasser qeyd edib ki, ABŞ-ın neft emalı sektoru demək olar ki, maksimum gücü ilə işləyir - son bir neçə ayda təxminən 93 faiz: “Bu ilin ikinci yarısında biz neftə tələbatın daha da artacağını gözləyirik. Bəzi mərkəzlər aviasiya sektorundan və neft-kimyadan gündəlik 1,6-2 milyon barel artım proqnozlaşdırır. 2024-cü ilin sonuna qlobal neft tələbinin sutkada 104,7 milyon barelə çatacağı gözlənilir və bir çox agentliklər neftə tələbat proqnozlarını artırmağa davam edir. Qarşıdakı bir neçə ay ərzində strateji neft ehtiyatının (SPR) doldurulması kimi sağlam neft tələbini dəstəkləyəcək planları görürük”. Şirkət rəhbəri əlavə edib ki, kommersiya neft ehtiyatlarının hazırkı səviyyəsi indi orta beş illik səviyyədən aşağıdır.
Qeyd edək ki, 2022-ci ildə ABŞ Rusiya neftindən imtina etməsi və neftin qiymətinin artması fonunda özünün strateji neft ehtiyatlarından bazara 210 milyon barel neft çıxarmağa qərar verib. Bu, ölkənin strateji ehtiyatlarının azalmasına səbəb olub. ABŞ-da tələbin mövsümi artımı hesabına ölkədə strateji ehtiyatlardan istifadə sürətlənib və onların həcmi son 5-6 həftə ərzində davamlı olaraq azalır. Dünya bazarında neft qiymətlərinin sabitləşməsində bu amil da xeyli dərəcədə rol oynayır.
Hələlik neft bazarındakı qiymətlər Azərbaycan kimi hasilatçılar üçün komfortludur. İndiyədək Azərbaycan neftinin qiyməti dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan aşağı düşməyib. Beynəlxalq təşkilatların proqnozları Azərbaycan neftindən 4-5 dollar ucuz satılan Brent etalon markası üzrə hesablanıb. Bu isə ən azı cari ilin sonunadək qiymətlərin Azərbaycan üçün əlverişli həddə qalacağından xəbər verir. Bu isə ölkə büdcəsinin gəlirlər hissəsinin icrasında hər hansı problemin olmayacağından xəbər verir. Eyni zamanda neft qiymətlərinin büdcə səviyyəsindən yüksək olması ölkəyə xarici valyuta axınının davam edəcəyi deməkdir. Bu isə getdikcə artan idxal fonunda mühüm müsbət amildir.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ