İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəfəskəsən sıxlıq Bakı metrosuna qayıdır

2025-2026-cı tədris ilinin başlamasına 1 aydan da az müddət qalır. Artıq tələbə adını yeni qazanan dünənin şagirdləri ölkənin hər tərəfindən paytaxta axışırlar. Onların ən çox istifadə etdiyi nəqliyyat metrodur.

Bu il ali təhsil müəssisələrinə ixtisas seçimində 86 min 461 ərizə təsdiqlənib. Azərbaycanda ali təhsil müəssisələrinin az qala 80 faizinin Bakıda yerləşdiyini nəzərə alsaq, ümumilikdə 60-70 min tələbənin paytaxta üz tutacağı bəlli olur. Əksər tələbələrin gündəlik olaraq metrodan istifadə etdiyi də kimsəyə sirr deyil.

Bakı metrosunda indidən sərnişin sıxlığı artıq hiss olunur. Təxminən 20-25 gündən sonra məktəblər və universitetlər açıldıqda vəziyyət daha da gərginləşəcək.

Nəqliyyat eksperti Ərşad Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Bakıda ictimai nəqliyyata tələbat həddindən artıq çoxdur: “Bu gün mövcud imkanlar bu tələbi qarşılamır. Bakı kimi böyük şəhərin metropoliteni cəmi 25 stansiyadan ibarətdir. Müqayisə üçün Avropada və Yaponiyada Bakı qədər əhalisi olan şəhərlərdə stansiyaların sayı 200-ü də keçir”.

Ərşad Hüseynov hesab edir ki, metro həm təhlükəsizlik, həm də rahatlıq baxımından Bakının ən güvənilən nəqliyyat vasitəsidir: “Qatar qrafikdən yayınmasa, yayda yerin altı sərindir, qışda isə isti olur. Ona görə də sərnişinlər imkan düşdükdə metronu seçirlər. Avtobus nəqliyyatı isə problemlərlə doludur. Qrafik tez-tez pozulur, avtobuslar gecikir, insanlar qapılardan sallanır”.

Ekspert sıxlığın metro stansiyalarının sayının artırılması ilə aradan qaldırılacağına deyir: “Bunun üçün metrodakı xətlərin bir-birindən ayrılması, ayrıca depoların yaradılması, qatarların daha qısa intervallarla hərəkəti, avtobusların sayının çoxaldılıb dəqiq qrafiklə işləməsi və şəhərətrafı qatarlardan aktiv istifadə vacibdir. Bütün bunlar hər biri öz sırası ilə edilsə, fikrimcə şəhərdə sıxlıq çox azalacaq”.

Ərşad Hüseynov xatırladıb ki, bu ilin əvvəlində metro ilə bağlı 5 illik proqram qəbul olunub. Sənədə əsasən, yaxın illərdə 10 yeni stansiya istifadəyə veriləcək, qırmızı və yaşıl xətlər ayrılacaq, yeni depo tikiləcək: “Əlbəttə, 35 stansiya da Bakının tələbatı üçün kifayət deyil. Amma bu, mühüm addımdır. Əgər stansiyaların sayı 100-dən çox olsaydı, metronun işində sıxlıq tək-tük hallarda müşahidə edilərdi”.

Ekspertin sözlərinə görə, yerüstü nəqliyyatla metro bir-birini tamamladığı halda, həm sıxlıq azalacaq, həm də şəhər küçələrində tıxaclar aradan qalxar.

Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR