Onlayn ictimai-siyasi qəzet
Azərbaycan masaya de-yure və de-fakto üstünlüklərlə oturur
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində mayın 10-da görüş qərarından sonra diqqətlər Orta Asiyanın bu paytaxt şəhərinə yönəlib.
Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb. Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması prosesi çox tezliklə başa çatmalıdır. Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan Almatı şəhərində keçiriləcək görüşə toxunaraq bildirib. O qeyd edib ki, bu saziş 2023-cü ilin sonunda da imzalana bilərdi.
Almatı 1991-ci ilin dekabr ayının 21-də SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej sənədinin təsdiqlənməsi ilə yadda qalıb. Həmin gün MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığını qeyd edən Belovejsk sazişi təsdiqlənib. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən birinci sammiti çərçivəsində baş tutan dördtərəfli görüşdə məhz Almatı Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə görüşlər ilk deyil və şübhəsiz ki, son təmaslar da olmayacaq. Sirr deyil ki, Azərbaycan masaya de-yure və de-fakto üstünlüklərlə oturur. Prosesin gedişatında irəliləyişin əldə olunması gözləniləndir. Sülh prosesi istiqamətində daha konkret danışıqların şahidi ola bilərik. Düzdür, konkret nəticələrin əldə edilməsindən söhbət getmir. Amma görüşlərin intensiv hal alması perspektivdə sülhə zəmin hazırlanması baxımından faydalıdır.
ABŞ Dövlət Departamenti isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda gözlənilən görüşünü şərh etməkdən yayınıb. Musavat.com xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib: “Mənim bu məsələ ilə bağlı hər hansı şərhim və ya gözləntilərim yoxdur”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin vasitəçisiz davam etdirilməsi ən məqbul və effektli formatdır: “Ermənistanın təxribatçı və şantaj ritorikasından son zamanlar imtinası sülh prosesinin cari il ərzində uğurlu nəticələnəcəyinə ümidlər yaradır. Prezident İlham Əliyev dəfələrlə ən mötəbər görüş və tədbirlərdə açıq şəkildə bəyan edib ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, bununla yanaşı, ayırıcı xətlərə qarşıdır. Lakin rəsmi Bakıdan fərqli olaraq Ermənistan müstəqil siyasi kurs həyata keçirə bilmədiyindən normallaşmaya da aydın baxışları yoxdur. Sözdə sülh prosesinin tərəfdarı kimi çıxış edir, amma əməldə sürətlə silahlanmaya gedir, əsassız iddialar irəli sürür, Azərbaycana qarşı beynəlxalq qarayaxma, təzyiq kampaniyasının lokomotivi rolunda çıxış edir. Ən təhlükəlisi ondan ibarətdir ki, Cənubi Qafqaza kənar, regionla heç bir bağlılığı, tarixi, mənəvi və s. əlaqələri olmayan ölkələrin müdaxiləsinə imkan yaradır. Biz bunu Fransanın timsalında açıq şəkildə görürük. Makron iqtidarının desktruktiv yanaşması, İrəvandakı təxribatçılara hər cür dəstək verməsi, Ermənistanı silahlandırması Ermənistanla Azərbaycan arasında etimad mühitinin yaradılmasını ciddi şəkildə əngəlləyir. Bu görüşün ortada olan fikir ayrılıqlarını və mübahisəli məsələləri həll edəcəyini düşünməsəm də, ancaq konstruktiv uzlaşmalar üçün bəzi problemlərin çözülməsində ilkin addım ola bilər. Vurğuladığımız kimi, Ermənistan iqtidarına ciddi xarici və daxili təsirlər mövcud olduğundan ehtiyatlı davranış sərgiləmək məcburiyyətindədir. Üstəlik də Azərbaycan qalib dövlətdir. Masada tərəflər istər-istəməz eyni statusda otura bilməzlər. Paşinyan 2022-ci il oktyabrın 6-da Avropa Siyasi Birliyinin Praqada keçirilən birinci sammiti çərçivəsində baş tutan dördtərəfli görüşdə məhz Almatı Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bunun ardıca uydurma 31 kəndə, o cümlədən Başkəndə iddia edir. Həmçinin dah 4 kəndimizin qaytarılımasını müzakirə masasına daşıyır. Halbuki Ermənistanın bir qarış torpağı Azərbaycanda yoxdur. Gədəbəyin Başkənd kəndi Azərbaycanın rəyi və fikri öyrənilmədən Ermənistana bəxşiş edilib. Qazağın işğal altında qalan 3 kəndi və Naxçıvandakı 1 kənd qeyd-şərtsiz ətrafı ilə birlikdə ermənilərdən boşaldılmalıdır. O cümlədən 1969-cu ildə Ermənistana verilən Nüvədi şəhər tipli qəsəbəsi də qaytarılmalıdır və bu, danışıqlarda İrəvanın qarşısında şərt kimi qoyulmalıdır. Ədalət öz yerini almalıdır. Fransanın, göründüyü kimi, dağıdıcı fəaliyyətı, davamlı təzyiqləri istədikləri nəticəni nəniki vermir, Makron iqtidarının regionda maraqlarını sarsıdır. Məncə, sülhə nail olmaq üçün təkcə xarici işlər nazirləri ilə kifayətlənilməməli, yanaşı fəaliyyət mexanizmləri üzərində də işlənilməlidir. Biz istəsək də, istəməsək də hər iki dövlət qonşudur, müharibələr, qarşıdurmalar təkcə region üçün deyil, xüsusən də Ermənistanın dövlət olaraq mövcudluğuna böyük risqlər yaradır. Odur ki, Ermənistan Azərbaycanın irəli sürdüyü təklifləri və şərtləri qəbul etməklə özünü xilas edə bilər”.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun fikrincə, Fransanın prosesə müdaxiləsi ortalığı bulandırmaqdır: “Fransanın Cənubi Qafqazda oyunçusu yoxdur. Çünki Paşinyan qərbyönlü olsa da, onun layihəsi deyil. Paşinyan Amerika layihəsidir. Amma ermənidir. Nə Zelenski kimi aktyor deyil, nə də Saakaşvili kimi Qərb dəyərlərinə aludə deyil. Ona görə Paşinyan Fransaya da güvənmir. Ümumiyyətlə, əslində Makron iki transmilli gizli mərkəzin birini sanki təmsil edir. Onun dərdi Fransa maraqları da deyil. Mirzoyana gəldikdə onun hansı mərkəzi təmsil etməsi hələ bilinməz. Paşinyan isə öz fikirlərini reallaşdırmaq üçün yeni-yeni mirzoyanlar da gətirə bilər. Paşinyanın zəif tərəfi isə tam siyasi nəzarət edə bilməməsidir. Paşinyan Ermənistanı sülhə gətirib iqtisadi layihələrə girmək istəyir. Ermənilər də parçalanıb. Bir tərəfdə revanşistlər, digər tərəfdə ac-yalavac kasıb əhali. Azərbaycan bu durumların hər birindən istifadə etməlidir. Danışıqlarda erməni cəmiyyətinin parçalanmasından istifadə etmək lazımdır. Paşinyanla Mirzoyan arasında yaranacaq ziddiyyət zamanı uzatsa da Ermənistanı aşındırır”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu görüş barədə belə bir status paylaşıb: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçirəcəkləri görüş əsasən sülh sazişinin mətninin müzakirəsinə həsr olunacaq, sənəddəki ayrı-ayrı bəndlər ətrafında fikir mübadiləsi aparılacaq. Azərbaycanla Ermənistan arasında iki istiqamətdə danışıqlar davam edir, bunun biri sərhədlərin müəyyənləşməsi, ikincisi sülh sazişinin mətni ilə bağlıdır. Birinci istiqamətdə aşkar irəliləyiş var, sərhədlərin müəyyənləşməsi prosesi başlayıb, kəndlər qaytarılır, dirəklər basdırılır. Bu prosesə iki ölkənin baş nazirlərinin müavinləri nəzarət edir. İkinci istiqamət isə xarici işlər nazirliklərinin nəzarəti altındadır, aşkar irəliləyiş olmasa da, məktublaşma üzərindən birbaşa təmaslar davam edir. Önəmli olan hər iki prosesin xüsusi vasitəçi olmadan davam etdirilməsidir. Qazaxıstan vasitəçi deyil, Astana bununla bağlı bəyanat da verib. Qazaxıstan görüş üçün məkan təklif edib. Çünki baş nazirlərin müavinlərindən fərqli olaraq Ermənistan və Azərbaycan xarici işlər nazirləri sərhəddə görüşə bilmirlər, üçüncü ölkələrin birində görüşmələrinə ehtiyac var. Ancaq gələcək danışıqlarda irəliləyiş əldə olunarsa, nazirlərin növbə ilə Bakı və İrəvanda da görüşmələri mümkündür, gec və ya tez bu baş verəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ