Onlayn ictimai-siyasi qəzet
İslamabadda razılaşmanı iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayacaq; Ermənistan iki ölkənin daha da yaxınlaşmasından təlaşa düşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov investisiya layihələri üzrə sazişlərin bağlanması üçün aprelin 8-də Pakistana səfər edib.
Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Mikayıl Cabbarov Pakistanın baş naziri Şahbaz Şəriflə görüşəcək və Pakistan baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın rəhbərlik etdiyi nümayəndə heyəti ilə investisiya məsələləri üzrə danışıqlar aparacaq.
Azərbaycanın Pakistan iqtisadiyyatına 2 milyard dollar civarında investisiya yatıracağına dair ilk məlumatı Prezident İlham Əliyev 2024-cü ilin iyulunda müttəfiq ölkəyə səfəri zamanı açıqlayıb.
Qeyd edək ki, bu ilin fevral ayında Pakistanın baş naziri Şahbaz Şərif Bakıda olub. O deyib ki, hər şey müzakirə edildikdən və qərar qəbul olunduqdan sonra apreldə İslamabadda 2 milyard dollar dəyərində razılaşma imzalanacaq.
“Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli dərəcədə əks etdirəcək”, - deyə baş nazir Bakıdakı çıxışında bildirib.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır. Bu investisiyalar əsasən neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək.
Pakistan üçün neft emalı sektoru da iqtisadiyyatın əsasını təşkil edir, çünki bu, enerji təhlükəsizliyi və ölkə ÜDM-nin artımı üçün çox vacibdir. Azərbaycanın həm neft emalı, həm də neft-kimya sənayesində müsbət təcrübəsi var. Belə bir təcrübə ilə Azərbaycanın Pakistanda böyük oyunçularla birlikdə layihədə iştirakı bir neçə baxımdan ölkə üçün mühüm faydalar gətirə bilər. Bundan əlavə, Pakistan hökumətinin neft emalı sektorunda investorlara təklif etdiyi bir sıra imtiyaz və üstünlükləri nəzərə alsaq, Azərbaycan neft emalı zavodunun tikintisinin iştirakçısına çevrilməklə kommersiya baxımından kifayət qədər uğurlu investisiya layihəsinə sərmayə qoya bilər. Bu isə qoyulan sərmayələrin qısa müddətdə özünü doğrultmasına, Azərbaycanın layihədən irihəcmdə qazanc əldə etməsinə gətirib çıxaracaq.
Azər Badamov
Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a söylədi ki, Azərbaycanla Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədə olsa da, iqtisadi münasibətlər iki ölkə arasındakı qardaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir: “Dövlət başçılarımızın qarşılıqlı səfərləri və imzalanmış razılaşmalar iki ölkə arasında münasibətlərin dərinləşməsində yeni mərhələ açır. Cənab Prezidentin Pakistana və Pakistanın Baş nazirinin Azərbaycana səfərləri çərçivəsində iki ölkə arasında 2 milyard dollarlıq böyük investisiya layihələrinin həyata keçiriləcəyi ilə bağlı anons verilmişdi. 8 apreldə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə dövlət başçılarının açıqladığı həmin investisiya layihələrinin həyata keçirilməsi üçün addımların atılacağını hesab edirəm. İki ölkə arasında iqtisadi əməkldaşlığın genişləndirilməsi üçün potensial çox böyükdür. Xüsusilə neft-qaz, kimya sənayesi sahələrində Azərbaycan Dövlət Neft Şirkəti böyük təcrübə qazanıb. SOGAR artıq beynəlxalq şirkətə çevrilib. Bu baxımdan Pakistanın neft qaz sektoruna, neft emalı və kimya sənayesinə investisiyalar yatırmaqla qarşılıqlı şəkildə fayda götürmək mümkündür. Həm də Pakistanın neft-qaz ehtiyatlarının istismarı ilə bağlı tədqiqat işlərinin aparılmasında iştirak edəcəyik. Ölkələrimiz arasında investisiya layihələrinin həyata keçirilməsi iqtisadi əməkdaşlığımızı yeni bir mərhələyə çıxaracaq. Bəli, bunu siyasi sahədə dost və qardaş olduğumuz kimi digər sahələrdə də, xüsusilə iqtisadi əməkdaşlıqda da sübut etməliyik”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Pakistanla Azərbaycan arasındakı siyasi-iqtisadi əlaqələr hazırda özünün ən yüksək zirvəsinə yüksəlib: “Hələ 1991-ci ildən qurulan diplomatik əlaqələr 34 illik sınaqdan hər zaman üzüağ çıxıb. Otuz illik işğal dövründə qardaş Pakistan hər zaman Azərbaycanın yanında olub. Bakı da İslamabadın siyasi arenalarda əsas dəstəkçilərindəndir. Ölkəmiz bu qardaş ölkənin haqq işində - Kəşmir məsələsində Pakistanın ərazi bütövlüyünü tam dəstəkləyir. Hərbi-texniki əməkdaşlıq da göz önündədir. Zaman-zaman ordularımız da birgə hərbi təlimlərdə iştirak edirlər. 44 günlük savaşda da Pakistan bütün gücü və varlığı ilə Azərbaycanın yanında idi. İndi əməkdaşlıq və tərəfdaşlığın iqtisadi boyutunun tarixi qızıl səhifələri yazılır. Söhbət 2 milyard dollarlıq sazişdən gedir. Neft-qaz və yaşıl enerji sahəsində Azərbaycan kifayət qədər təcrübəli ölkədir. Pakistan rəqibi Hindistanla müqayisədə bu sahədə bir az axsayır. Ona görə də açıq nöqtələri qapatmaq üçün Azərbaycana üz tutub. Düşünürəm ki, bu sazişdən hər iki ölkə qazanacaq. Ən əsası, yeni birgə layihələr yaşıl enerji bazarına öz töhfələrini verəcək. Eyni zamanda Pakistan və Azərbaycan iqtisadiyyatı daha geniş coğrafiyalara ayaq açacaq. Azərbaycanın neft-qaz mütəxəssisləri həmin coğrafiyalarla bağlı zəngin təcrübəyə malikdirlər. Çünki sovet dövründə bizim mütəxəssislər Hindistan-Tacikistan-İran qovşağında bir sıra geoloji kəşfiyyat işlərinə qatılıblar. Üstəlik, uğurlu nəticələr də əldə ediblər. Düşünürəm ki, Pakistan tərəfi məhz bu amilləri də nəzərə alıb. Pakistan öz neft-qaz tələbatını tam ödəmək istəyir. Çindən və digər ölkələrdən asılılığını azaltmağı düşünür. Azərbaycan iqtisadiyyatı və investisiya diplomatiyası isə daha geniş coğrafiyalara yayılmağı qarşısına məqsəd qoyub. Fikrimcə, Mikayıl Cabbarovun İslamabad səfəri həm iqtisadiyyatımız, həm də diplomatiyamız üçün böyük hadisə sayılmalıdır”.
Azərbaycan və Pakistan arasında əlaqələrin dinamik inkişafı isə Ermənistanı ciddi narahat etməkdədir. Bunu erməni ekspertlərinin, mediasının prosesə yanaşmasından da açıq şəkildə görmək mümkündür.
“Armenianreport” portalı yazır ki, investisiya üçün ayrılan məğləğ açıq şəkildə Pakistanın Azərbaycana qarşı xüsusi münasibətini ifadə edir: “Əslində biz bunu artıq 44 günlük müharibədə görmüşük. Pakistan Azərbaycanı dəstəkləyib. İndi də Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq genişlənir. Pakistan əvvəlcə "JF-17" qırıcılarının daha əvvəlki versiyasını təklif edib, lakin Azərbaycan bu təyyarələrin köhnəldiyini nəzərə alaraq, onların modernləşdirilmiş "Blok-3" versiyasına maraq göstərməyə başladı. Eyni zamanda bu seçim daha aşağı əməliyyat xərclərinə görə daha büdcə variantlıdır. Ümumiyyətlə, Pakistanın Azərbaycana yenidən kömək edəcəyini deməyə bütün əsaslar var. Bu şərtlər altında Ermənistan necə olacaq?”
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ