İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir büdcənin icrasına dair rəqəmləri açıqladı - MM-də müzakirələr

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən 5581,6 milyon manat vəsait ayrılıb; “2024-cü ilin dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub

23 mayda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə bir məsələ daxil edilib. Deputatlar “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) müzakirə ediblər.

Müzakirələrdə maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da iştirak edib. Qeyd olunub ki, 2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1221,5 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub. Məlumata görə, dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd azdır. Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinin gəlirləri üzrə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,9 milyon manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olub. 2023-cü il dövlət büdcəsini kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait, dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar və vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilib. 2023-cü il icmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil edib. Bu, 2022-ci illə müqayisədə 6951,4 milyon manat və ya 16,1 faiz çoxdur. İcmal büdcənin xərcləri 41269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2 faiz az icra edilsə də, 2022-ci illə müqayisədə isə 5274,5 milyon manat və ya 15,0 faiz çoxdur.

Rəsmi sənəddə qeyd olunur ki, icmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 6268,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 6675,2 milyon manat və ya 407,2 milyon manat (6,5 faiz) çox, yəni 106,5 faiz icra olunub. Bu, 2022-ci illə müqayisədə 945,5 milyon manat və ya 16,5 faiz çoxdur. Fondun gəlirlərinin 22,0 faizini və ya 1467,8 milyon manatını dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait (2022-ci ilə nisbətən 335,8 milyon manat və ya 29,7 faiz çox), 78,0 faizini və ya 5207,4 milyon manatını (2022-ci ilə nisbətən 609,7 milyon manat və ya 13,3 faiz çox) məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 6268,0 milyon manata qarşı 6080,7 milyon manat (187,3 milyon manat az) və ya 97,0 faiz icra olunmuşdur ki, bu da 2022-ci ilə nisbətən 828,6 milyon manat və ya 15,8 faiz çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə qarşı 259,4 milyon manat və ya 19,2 faiz çox icra olunub. 2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26850,4 milyon manat olub.

Bu, 2023-cü il üzrə faktiki ÜDM-in (123005,5 milyon manat) 21,8 faizini təşkil edib. Ümumi dövlət borcunun 40,9 faizi xarici dövlət borcunun, 59,1 faizi isə daxili dövlət borcunun payına düşür (Qrafik 26) (“Aqrarkredit” QSC-nin daxili dövlət borcuna aid edilmiş 9351,0 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 62,8 faizi xarici dövlət borcunun, 37,2 faizi isə daxili dövlət borcunun payına düşüb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb. Modern.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Bu vəsaitin 4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq 2023-cü il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsinin ehtiyat fonduna əlavə yönəldilmiş 136,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.

Həmin vəsaitin 5245,5 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3773,8 milyon manat (avtomobil yollarına 3471,8 milyon manat, dəmir yollarına 302,0 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (839,5 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (337,4 milyon manat), meliorasiya işlərinə (245,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (16,6 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (6,6 milyon manat), turizm infrastrukturunun qurulmasına (4,3 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (2,9 milyon manat) və digər infrastruktur layihələrinə (18,9 milyon manat), 110,2 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 106,8 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərinin tikintisinə və təmirinə, 59,7 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət, idman və bu kimi digər sosial tədbirlərə), 59,4 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.

Dövlət büdcəsindən bəzi qurumlara ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi onların bank hesabında qalıb.  Bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatına Azərbaycan Respublikası Hesablama Palatasının rəyində qeyd olunub.

Dövlət əsaslı vəsait qoyuluşu barədə İcmal Hesabata əsasən, təxminən 600 milyon manatdan çox dövlət büdcəsinin vəsaiti bank hesablarında qalıb. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış və maliyyələşdirilmiş vəsait barədə qurumların məlumatlarının seçmə qaydada təhlili 280,0 mln. manatın bank hesabında qaldığını deməyə imkan verir. Əlavə olaraq, subsidiya, məqsədli maliyyələşmə və digər istiqamətli xərclərin (seçmə qaydada qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında) 200,0 mln. manatdan çoxu istifadəsiz saxlanılıb. Beləliklə, dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1,0 mlrd. manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Samir Şərifov inflyasiyadan DANIŞDI

 Samir Şərifov 

“Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir. Amma aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib ki, maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu məqamda kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunur: “Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur  layihələri icra edə bilək”.

Nazir deyib ki, Azərbaycan höküməti tərəfindən atılan addımlar sayəsində ötən il orta illik inflyasiya birrəqəmli həddə düşüb: “Uğurlu inflayasiya tədbirləri cari ildə də davam etməkdədir. İlk dörd ayda illik inflyasiya aşağı olmaqda davam edir. Ötən il Azərbaycanda ÜDM artımı qeydə alınıb və bu artımın hamısı qeyri-neft sektorunun hesabına olub.  Ölkəmizin iqtisadiyyatında struktur dəyişiklikləri baş verib. Belə ki, neft-qaz sektorunda azalma qeydə alınıb. Bu göstəricilər qeyri-neft sektorunun daha da sürətli artırılmasının önəmini göstərir”.

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə təhsil alanların xərci də açıqlanıb. Məlumata görə, təqribən bakalavriat səviyyəsi üzrə 100726 nəfər, magistratura səviyyəsi üzrə 12977 nəfər, rezidentura səviyyəsi üzrə 2048 nəfər, doktorantura səviyyəsi üzrə 619 nəfər, ikitərəfli saziş və 26 müqavilələr üzrə əcnəbi 101 nəfər, cəmi 116471 tələbənin müvafiq olaraq 220,0 milyon manat təhsil və 135,4 milyon manat təqaüd xərcləri, cəmi 355,4 milyon manat ödənilib.

"Ötən il Azərbaycanda 111,6 milyad manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı proqnozlaşdırılsa da, faktiki rəqəm 123 milyard manat olub, ÜDM-in real artım tempi 1,1 % təşkil edib". Bunu isə müzakirələrin gedişində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. Komitə sədri deyib ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub: “İqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 0,5 % artımla 12,1 min manat olub. Qeyri-neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 3,7 %, payı 63,2 %, neft qaz sektoru üzrə ÜDM-in real artım tempi 1,7%, payı 36,8% olub. Neftin büdcə qiyməti 60 ABŞ dollarından götürülsə də, ”Azeri Light" markalı “qara qızıl”ın bir barelinin orta illik qiyməti 43,5 % çox - 86,1 ABŞ dolları təşkil edib. Azərbaycanda əhalinin nominal gəliri 12,8 % artaraq 78,1 milyard manat olub".

“2024-cü ilin dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. T.Mirkişili bunu “Report”a açıqlamasında deyib. Komitə sədrinin sözlərinə görə, layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR