Onlayn ictimai-siyasi qəzet
Mümkündür ki, müvafiq orqanların son 4 ildə dövlət büdcəsindən əsassız xərcləmələr və mənimsəmələrlə bağlı Səbuhi Məmmədova xeyli sualları olsun
Aprelin 25-də Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov vəzifəsindən azad olunub.
Bu barədə müvafiq qərar Naxçıvan Ali Məclisinin sessiyasında qəbul edilib. Səbuhi Məmmədov 2020-ci ilin mayında Ali Məclisin o zamankı sədri Vasif Talıbov tərəfindən baş nazir təyin olunub.
Səbuhi Məmmədov bu təyinatadək Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini - maliyyə naziri vəzifəsində çalışıb. Səbuhi Məmmədov 1969-cu ildə Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb.
O, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, KapitalBank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - Maliyyə naziri vəzifəsinə təyin edilib.
Ailəlidir, 4 övladı var.
Səbuhi Məmmədov
Beləliklə, Ali Məclisin 25 aprel toplantısında Səbuhi Məmmədov baş nazir vəzifəsindən azad olunub. İddialara görə, illərdir muxtar respublikanın bank və maliyyə sektoruna, dolayı yolla, iqtisadiyyatına nəzarət edən S.Məmmədov baş nazir olduğu ötən 4 ildə onun sərəncamları ilə dövlət büdcəsindən vəsaitlər əsassız olaraq Naxçıvanın İnkişaf Fonduna yönəldilib, silinib və mənimsənilib.
Naxçıvanın keçmiş maliyyə naziri Rəfail Əliyev, Tikinti və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov, Gömrük komitəsinin keçmiş maliyyə rəisi Mənsur Əsgərov da məhz Səbuhi Məmmədovun tabeçiliyində olan sahələrdən mənimsəmələrə görə həbsdədirlər. Səbuhi Məmmədov Naxçıvan MR Nazirlər Kabinetində özünə yaxın şəxslərdən ibarət komanda toplayıb. Mediada o da bildirilirdi ki, Naxçıvanda keçmiş Ali Məclis sədri Vasif Talıbova bağlı köhnə komandası yeni rəhbərliyə qarşı addımlar atıb. Görünür, yeni baş nazir indi həm də S.Məmmədovun kadrlarını “təmizləməlidir” ki, normal işləmək imkan olsun. O da mümkündür ki, sabiq baş nazirə müvafiq orqanların da xeyli sualları olsun.
Ceyhun Cəlilov
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Şahbuzda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir. 2011-2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində “BP Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.
1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. Baş nazir təyinatına qədər Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.
Evlidir, iki övladı var.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ