Onlayn ictimai-siyasi qəzet
ABŞ-da hakimiyyətin təhvil-təslim prosesinə start verilmək üzrədir. Dünyanı qarlşdıran, müxtəlif regionlarda müharibələr və silahlı münaqişələrin törədilməsinə ssenari müəllifliyi etmiş Bayden administrasiyası artıq tarixin arxivinə göndərilir. Onun əvəzinə isə son prezident seçkilərində qalib gəlmiş Ağ Evin keçmiş sahibi Donald Trampın hakimiyyət dönəmi başlayır. Və prezident Donald Trampın qlobal proseslərə münasibətdə hansı fərqli mövqe ilə diqqəti çəkəcəyini dəqiqləşdirmək üçün isə yəqin ki, bir qədər gözləmək lazım gələcək.
Hələlik isə beynəlxalq ictimaiyyət Ağ Evin yeni sahibi Donald Trampdan ABŞ-da keçirilmiş son prezident seçkiləri ərəfəsində verdiyi vədlərin icrasını gözləyir. Xüsusilə də, prezident Donald Trampın Ukrayna savaşını ən qısa zamanda dayandıracağına yönəlik vədi bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Ukrayna savaşının dayandırılması ilə bağlı Ağ Ev sahibinin vədləri isə əslində, kollektiv Qərbin parçalanmasına səbəb olub. Yəni, indi Ukrayna savaşının dayandırılmasının həm tərəfdarları, həm də əleyhdarları Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü müəyyən mənada, narahatlıqla gözləyirlər.
Məsələ ondadır ki, Ukrayna savaşının davam etdirilməsində maraqlı olanlar Tramp adminstrasiyasını Rusiyanın Qərb üçün hələ də ciddi təhlükələr vəd etdiyinə inandırmağa çalışırlar. Onların fikrincə, hətta savaş sülhlə əvəzlənsə belə, Tramp adminstrasiyası əsas şərtlərdən biri kimi prezident Vladimir Putinin istefasını da tələb etməlidir. Yəni, hesab olunur ki, məhz Putinsiz Rusiya Qərb üçün daha təhlükəsiz perspektiv təmin edə bilər. Və prezident Donald Trampın son vaxtlar Ukrayna savaşının dayandırılması ilə bağlı prosesin düşünüldüyündən daha çox, təxminən altı aya qədər uzana biləcəyini vurğulanması savaş tərəfdarlarının ümidlərini nisbətən artırıb.
Ukrayna savaşının maliyyə yükünü çəkməkdən yorulan Qərb ölkələri isə Tramp adminstrasiyasından bu məsələ ilə bağlı operativ və qətiyyətli addımlar gözləyir. Onların fikrincə, itirilmiş hər gün Ukraynaya hərbi dəstək vermək məcburiyyətində qalan NATO dövlətlərinə külli miqdarda maliyyə vəsaiti hesabına başa gəlir. Üstəlik, onların fikrincə, belə nəhəng maliyyə vəsaitlərinin geriyə dönüşü böyük şübhə altında olduğundan havaya sovrulmuş xarakter daşıyır. Və bu baxımdan, Ukrayna savaşının ağır maliyyə yükündən ən qısa zamanda xilas olmağın vacibliyi ön plana çəkilir.
Maraqlıdır ki, Qərbdə bəzi siyasi dairələr, xüsusilə də, Şərqi Avropa ölkələri Ukrayna savaşının əslində, uduzulduğuna əmindirlər. Xüsusilə də, Macarıstan rəhbərliyi Avropa Birliyinin Rusiya ilə bu hərbi qarşıdurmada məğlub olduğunu qabardır. Macarıstan baş naziri Viktor Orban hesab edir ki, NATO ölkələrinin Ukrayna savaşına xərclədiyi 350 milyard dollara yaxın vəsait tamamilə fərqli məqsədlərə yönəldilsəydi, Avropa ölkələri daha təhlükəsiz və firavan yaşamaq şanslarını artırmış olardı. Və bu baxımdan, əsassız maliyyə-iqtisadi itkilərin bərpasına nail olmaq imkanları artıq olduqca məhdud xarakter daşıyır.
Halbuki, buna paralel olaraq, indiki mərhələdə, yəni, Rusiyanın tam məğlub edilmədiyi situasiyada Ukrayna savaşının Avropa dövlətləri üçün böyük təhlükələr vəd etdiyini qabardanlar da mövcuddur. Onların fikrincə, sülh sazişi imzalanarsa, Rusiya qısa zamanda öz hərbi potensialını bərpa etmək şansı qazanmış olacaq. Bu haldasa, Avropa ölkələri Rusiyanın birbaşa hərbi hədəfinə çevrilmiş olacaq. Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiyanın yaxın gələcəkdə Avropa Birliyi ölkələrinə mütləq hücum edəcəyini iddia edib. Və onun fikrincə, Rusiya problemi məhz indi həll olunmalıdır, əks halda, Qərbin belə bir şansı daha heç vaxt olmaya da bilər.
Maraqlıdır ki, NATO son vaxtlar Rusiyanın hərbi-siyasi cəhətdən maksimum səviyyədə bloklanmasl üçün müəyyən addımlar atmağa başlayıb. Belə ki, bu hərbi-siyasi alyans Rusiyanın Qərb sərhədlərinin NATO qüvvələri tərəfindən nəzarət altına alınması prosesini artıq yekunlaşdırıb. Şərqi Avropa məkanında, xüsusilə də, Baltikyanı ölkələrdə NATO hərbi bazalarının sayı artırılıb. Və Rusiyanın hətta Baltik dənizindən sıxışdırılıb, çıxarılması üçün döyüş gəmiləri göndərilib.
Göründüyü kimi, NATO Rusiya ilə ehtimal olunan gələcək hərbi qarşıdurmaya artıq indidən hazırlaşmağa başlayıb. Ancaq bu hərbi-siyasi alyansın rəhbərliyi Qərb dövlətlərinin savaş potensialının indiki durumundan qətiyyən məmnun deyil. Xüsusilə də, Avropa Birliyi ölkələrinin təhlükəsizlik sahəsinə xərclədiyi maliyyə vəsaitinin mövcud situasiyaya uyğun olmadığı qənaəti mövcuddur. HATO rəhbərliyi hesab edir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın da sərt şəkildə xəbərdarlıq etdiyi kimi, Avropa Birliyi ölkələri təhlükəsizlik xərclərini maksimum səviyyədə artırmalıdır.
NATO-nun baş katibi Mark Rütte Avropa Parlamentində bu məsələ ilə bağlı çıxış edib və "qoca qitə" ölkələrini narahat edə biləcək açıq xəbərdarlıq mesajları verib. Mark Rütte bildirib ki, Avropa Birliyi dövlətləri öz müdafiə xərclərinə ümumi daxili məhsulun iki faizindən qat-qat daha çox maliyyə vəsaiti ayırmağa dərhal başlamalıdırlar. Əgər, bunu dərhal etməsələr və yaxud geciksələr, Avropa Birliyi dövlətləri böyük fəlakət ssenarilərindən yayına bilməyəcəklər. Və bu baxımdan, hazırda zaman artıq məhz Avropa Birliyinin əleyhinə işləyir.
Maraqlıdır ki, NATO-nun baş katibi Mark Rütte Avropa Birliyi ölkələrini gözləyən böyük fəlakət ssenarilərini ümumiləşdirməyi də qətiyyən unutmayıb. Belə ki, NATO baş katibi Rusiya təhlükəsinin ciddi olduğuna şübhə edənlərə vaxt itirmədən rus dilini öyrənməyi məsləhət görüb. Onun fikrincə, əgər, Avropa Birliyi dövlətləri hərbi xərcləri artırmasalar, onsuz da, həmin ölkələrin əhalisi 4-5 ildən sonra rus dili kurslarına məcburiyyət qarşısında getməli olacaq. Rus dilini öyrənmək istəməyənlərə isə alternativ variant kimi, ehtiyatda ən yaxşı halda, yalnız həyatın davamı üçün Yeni Zelandiyaya koç etmək ehtimalı qalacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ