Onlayn ictimai-siyasi qəzet
“New Life” reabilitasiya mərkəzində narkotik vasitə asılılığından əziyyət çəkən şəxslərə işgəncə verməkdə, bir nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə yekun məhkəmə qərarı çıxarılıb.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər cəzalarının azaldılması, zərərçəkmiş tərəf isə həbs edilənlərin cəzalarının ağırlaşdırılması üçün Ali Məhkəməyə üz tutub.
Əvvəlcə cinayət hadisəsi haqda...
"New Life" reablitasiya mərkəzi Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə narkotik, alkoqol və digər asılılıqların müalicəsindən əziyyət çəkən şəxslərə xidmət göstərilirmiş.
Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İstintaqla müəyyən edilib ki, işgəncə nəticəsində pasiyentlər Hüseyn Məmmədov ölüb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib. E.Hüseynov, O.Əliheydərov və F. Rzayeva həmçinin mərkəzin vəzifəli şəxsləri kimi Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham irəli sürülüb.
Cinayət işini araşdıran Bakı Ağır Cinayətlər Məhkəməsi bu əməllərə görə Famil Rzayeva 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynova 7 il, Qənbər Həsənova 6 il 6 ay, Sərxan Əliyevə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
Hökmə əsasən dəymiş ziyanın ödənilməsi üçün O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun isə yaşadığı evin ona düşən yarı hissəsi müsadirə olunub.
Mərhumun ailəsi təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını məhkəmədə bildiriblər.
İşin yeni detalları...
Musavat.com cinayət işi materiallarına istinadən xəbər verir ki, ekspertiza rəyi ilə mərhumun tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin və metadon ilə kəskin zəhərlənmə olduğu müəyyən edilib. Mərhumun bədənində göyərmə və digər yüngül xəsarətlər də aşkar edilib.
Maraqlıdır ki, narkotikdən müalicə almağa gedən şəxs reablitasiya mərkəzində yüksək dozadan ölüb...
Həbs edilən şəxslərin vəkilləri verilmiş ittihamla razı olmayaraq hökmün dəyişdirilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etmədiyi üçün vəkillər Ali Məhkəməyə üz tutub. Vəkillər həm işgəncə, həm qanunsuz sahibkarlıq, həm də əmlaklar üzərinə qoyulan həbsləri əsasız hesab ediblər.
Qanunsuz sahibkarlıq...
İstintaq həmçinin müəyyən edib ki, Mərkəzin vəzifəli şəxsləri fəaliyyət göstərdikləri bir ildən çox müddətdə 140 mindən çox vəsait əldə ediblər. Xərcləri çıxmaqla 80 min manatdan çox gəlir əldə ediblər. Heç bir vergi ödənişi etməyərək qanunsuz sahibkarlıqla məşğul olublar. Reabilitasiyaya cəlb olunan şəxslərin özləri və ya yaxınlarından alınan ödənişlərin əvəzinə hər hansı qəbz verilməyib, müqavilə bağlanmayıb.
Vəkillər bu ittihamla razılaşmayaraq məbləğin düzgün qiymətləndirilmədiyini söyləyiblər.
Vəkillər deyir ki, pasentlərin özündən və yaxınlarından alınan aylıq vəsaitlərin hara xərclənməsi isitintaq zamanı doğru müəyyən edilməyib.
“Mərkəzin iki evində müalicə alan şəxslərin verdikəri aylıq vəsaitlər düzgün hesablanmayıb. Obyektə görə ödənilmiş məbləğ düzgün göstərilməyib. Həmin evin təmirinə hesablanmış pul vəsaiti qeyd olunmayıb. İnventara verilmiş məbləğ nəzərə alınmayıb. Hər evə aylıq bazarlığa görə çəkilmiş xərclər, bərbərə verilən pullar, kommunal xərclər, hər növbədə dəyişdiriləndə işçilərə verilən yol pulu və əmək haqları düzgün hesablanmayıb. Bütün xərclər çıxdıqdan sonra qalan gəlir 10.282 manat olub. Bu da təqsirləndirilən şəxslərin əməlində Cinayət Mcəlləsinin 192.1-ci maddəsi ilə cinayət tərkibinin olmasını istisna edir. Bu səbəbdən, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.1-ci maddəsinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir”- deyə vəkillər çıxışında qeyd edib.
Məhkəmə isə qeyd edib ki, təqsirləndirilən şəxslər vergi ödəyicisi qismində vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini və eyni zamanda özəl tibb fəaliyyəti sahəsində fəaliyyət göstərmək üçün lisenziya almalı imiş. Lakin bunu etmədən, narkoloji xəstələrin müalicəsi ilə məşğul olaraq xeyli miqdarda gəlir əldə ediblər. Ona görə də qeyd edilən müdafiə çıxışı əsassızdır.
Vəkillər həmçinin zərərçəkmiş şəxsin ölümünün heroin və metadondan kəskin zəhərlənmə olduğunu qeyd edərək təqsirləndirilən şəxslərə “işgəncə ilə adam öldürmə” ittihamının verilməsini də əsassız hesab edib. Vəkillər həmçinin zərərçəkmiş şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsi, bağlı şəraitdə saxlanılması ittihamı ilə də razılaşmayıblar. Qeyd ediblər ki, mərkəzdə olan pasientlərin evin pəncərəsindən kömək çağırmaq və ya hər gün ailə üzvləri ilə telefonla danışan zaman məlumat vermək imkanları olub.
“Ətrafda fərdi yaşayış evləri, insanların keçdiyi yol var. Pəncərələr də həmişə açıq olub. Əgər işgəncə, bağlı şəraitdə saxlanılma halları olsaydı, pasientlər kömək istəyə bilərdi. Həm də onlar ailəsi ilə danışanda bu haqda deyə bilrədilər”- deyə vəkillər əlavə edib.
Məhkəmə bu hissədə də vəkillərin çıxışı ilə razılaşmayıb və ittihamın sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkum Orucəli Əliheydərovin vəkili müdafiə etdiyi şəxsə məxsus “Chevrolet Cruze” markalı avtomobilin xüsusi müsadirəsinin qanuni hesab etməyib, həbsin götürülməsini istəyib. Amma məhkəmə də istintaq kimi eyni qənatə gəlib ki, O.Əliheydərovun avtomobili mərkəzin fəaliyyətindən əldə etdiyi qazancla alıb. Çünki onun maşını aldığı tarixlə mərkəzin fəaliyyət tarixi üst-üstə düşür.
Həbs edilən Elvüsal Hüseynovun mənzilinə həbs qoyulması məsələsi də məhkəmədə müzakirəyə çıxarılıb. Müdafiə tərəfi mənzilin istintaq tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak kimi qiymətləndirilməsinin əsassız olduğunu bildirib. Belə ki, mənzil qeyd edilən mərkəzlər fəaliyyətə başlamadan 5 il əvvəl alındığı üçün bu işə aidiyyatı yoxdur.
Ali Məhkəmə bunu nəzərə alıb. Elvüsal Hüseynova məxsus Badamdar qəsəbəsində yerləşən mənzilin 1/2 hissəsinin xüsusi müsadirəsi ilə bağlı qərar ləğv edilib.
Ali Məhkəmə təqsirləndirilən şəxslər barəsində çıxarılmış azadlıqdan məhrum etmə cəzalarını qüvvədə saxlayıb.
İlkin Muradov,
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ