İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik becərənlər dağ və meşələrə çəkilir – XÜSUSİ ƏMƏLİYYAT

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik bitkilər becərən və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Balakənin çətin relyefli yüksək dağlıq və meşəlik ərazisində narkotik plantasiyası aşkar olunub.

Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 yaşlı Seyfəddin Həmzətov və 47 yaşlı Zumrat Saxrayev müəyyən olunaraq saxlanılıblar. Əraziyə baxış keçirilərkən çəkisi 72 kiloqram olan 179 ədəd narkotik tərkibli bitki, eləcə də ov tüfəngi, soyuq silahlar və digər maddi sübutlar aşkarlanıb. Saxlanılanlar çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.

Lerikdə də oxşar əməliyyat keçirilib. Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Sərdar Baxşıyev saxlanılıb. Bildirilir ki, onun yaşadığı Lərmərud kəndindəki meşə massivində xüsusi qulluq göstərərək yetişdirdiyi 33 ədəd çətənə bitkisi və həyətindəki yarımtikilidən marixuana aşkarlanıb.

Azərbaycan hüquq-mühafizə orqanlarının 2025-ci ilin ilk 7 ayı ərzində apardığı əməliyyatların nəticələri bir daha göstərir ki, narkotiklər təkcə fərdi asılılıq problemi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının məlumatına əsasən, cəmi yarım il ərzində 5214 cinayət faktı aşkarlanıb. Onlardan 1632-si narkotiklərin satışı, 3453-ü saxlanılması, 127-si isə birbaşa becərilməsi ilə bağlıdır. Diqqət yetirin: təkcə bu müddətdə qanunsuz dövriyyədən təxminən 5 ton narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bunun 4,3 tonu marixuana, yəni əsasən xaricdən gətirilən və psixotrop maddələrlə zənginləşdirilmiş məhsuldur. Bu isə onu göstərir ki, Azərbaycan təkcə tranzit ölkə deyil, həm də narkotrafikin birbaşa hədəfinə çevrilib.

Əməliyyatlar zamanı 14 min 808 çətənə bitkisi məhv edilib. Bu fakt onu təsdiqləyir ki, cinayətkar qruplar yenə də gizli bildikləri ərazilərə, dağlara, meşələrə çəkilərək plantasiyalar salmağa cəhd edirlər. Düşünürlər ki, sıx bitki örtüyü və çətin relyef onları gizlədə bilər. Halbuki, müasir texnologiyalar, peyk müşahidələri, dron və sensor sistemləri dağları da “görünməz sığınacaq” olmaqdan çıxarıb.

Buna baxmayaraq, narkotik becərənlər yenə də dağ və meşələrdə plantasiya salmaqdan çəkinmirlər. 2024-cü illə müqayisədə narkotiklərlə əlaqəli faktların ümumi sayı 1244 hadisə azalıb, cinayət məsuliyyətinə cəlb edilənlərin sayı isə 1216 nəfər aşağı düşüb. Bu, dövlətin nəzarət tədbirlərinin effektivliyini göstərir.

Eyni zamanda, müsadirə olunan narkotiklərin çəkisi artıb. Bu isə cinayətkar şəbəkələrin “iri həcmli ticarətə” keçid etdiyini göstərir.

Daha bir mühüm detal isə budur ki, məsuliyyətə cəlb olunanların 64 nəfəri xarici vətəndaşdır və onların üzərindən 722 kiloqram narkotik götürülüb. Bu fakt region ölkələri vasitəsilə Azərbaycana narkotik axınının davam etdiyini təsdiqləyir.

Əlavə olaraq, dövlətin mübarizə siyasəti yalnız cinayətkarları cəzalandırmaqla məhdudlaşmır. 2025-ci ilin ilk 7 ayında 54 min 582 nəfər tibbi müayinəyə göndərilib, onların 1717 nəfəri narkotik istifadəçisi kimi müəyyən olunub və müalicəyə cəlb olunub. Metadon proqramında 763 xəstənin iştirakı isə dövlətin ictimai sağlamlığı qorumağa yönəlmiş alternativ müalicə mexanizmlərindən xəbər verir.

ARZU SON.jpg (42 KB)

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, çətin dağlıq ərazilərdə aparılan əməliyyat zamanı narkotik bitkilərin kütləvi şəkildə becərilməsi və silahlı şəxslərin saxlanılması faktı, əslində, uzun müddətdir müşahidə edilən təhlükəli tendensiyanın bir daha sübutudur:

“Narkotacirlər dağ-meşəlik zonaları seçməklə özlərini təhlükəsizlikdə hiss edirlər. Düşünürlər ki, həmin ərazilərdə müşahidə çətindir və hüquq-mühafizə orqanlarının daimi nəzarəti mümkün olmayacaq. Bu da onlara həm narkotik bitkiləri rahatlıqla becərmək, həm də silah və digər cinayət alətlərini saxlamaq üçün şərait yaradacaq. Unudurlar ki, artıq 21-ci əsrdir, texnologiya dövrüdür, daha dünyada əlçatmaz bir nöqtə, yer qalmayıb. Dağlar, meşələr, dənizlərin, okeanları dibi belə əlçatandır.

Hüquq-mühafizə orqanları son illərdə texniki imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bu isə çətin relyefli və əlçatmaz bölgələrdə belə narkotik plantasiyalarını vaxtında müəyyən etməyə imkan verir”.

Arzu Nağıyevin sözlərinə görə, müasir izləmə və kəşfiyyat texnologiyalarının tətbiqi narkotacirlərin gizlində saldıqları plantasiyanı üzə çıxarmağa imkan verir:

“Müasir dövrdə axtarış işləri artıq sadəcə insan resurslarına deyil, eyni zamanda texnologiyaya söykənir. Xüsusi dronlar, termal və infraqırmızı görüntüləmə cihazları, peyk görüntüləri və coğrafi məlumat sistemləri (GIS) vasitəsilə narkotik plantasiyalarını meşələrin və dağların içində belə gizlətmək mümkün deyil. Dağ və meşələrdə keçirilən son əməliyyatlar da texniki imkanların operativ istifadəsi sayəsində uğurla baş tutub. Bu gün texnologiyanın tətbiqi təkcə narkotik bitkilərin aşkarlanması ilə məhdudlaşmır. Həmçinin, dağlıq zonalarda gizlədilən silah-sursat, qanunsuz düşərgələr və digər cinayətkar obyektlər də yüksək dəqiqliklə müəyyən oluna bilir. Hüquq-mühafizə orqanları artıq çətinliklərlə üz-üzə qalmır. Əksinə, dronlarla aparılan müşahidə, real vaxtda görüntülərin mərkəzə ötürülməsi və onların süni intellekt alqoritmləri ilə analiz olunması sayəsində istənilən qanunsuz fəaliyyət daha başlanğıc mərhələdə ikən ifşa olunur. Yəni çətənə kolları əkilən kimi onların yeri qeydə alınır və dərhal tədbir görülür”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR