İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkokartellərlə ölüm-dirim savaşı – Bu müharibədə atəşkəs və sülh sazişi olmayacaq

ABŞ prezidenti Donald Trampın Meksikaya qoşun göndərmək təklifi məsələnin mahiyyətindən xəbərdar olmayanlar üçün qəribə görünə bilər.

Ancaq dünyanın ən amansız müharibə gedən 3 yerindən biri məhz Meksikadır (digəri ikisi -Qəzza və Ukrayna). “Dünyanın savaş xəritəsi” adlanan şərti xəritədə Meksika məhz tünd qırmızı rəngdə göstərilib.
Tramp bu təklifi ona görə verib ki, narkotik kartelləri hər il minlərlə insanın ölümünə səbəb olur.

Meksika prezidenti Klaudia Şeynbaum “ölkənin suverenliyi” məsələsini rəhbər tutaraq bu təklifi rədd etsə də, əslində onun ölkəsinin bu müharibədə xarici köməyə ehtiyacı var. Fakt budur ki, Meksikada ard-arda dəyişən hakimiyyət komandaları 19 ildir ki, şiddətlə davam edən müharibəni durdura bilmir.

Tramp hesab edir ki, Meksika prezidenti kartellərdən qorxduğu üçün düz düşünə bilmir. O haqlıdır. Meksikada narkomafiyalardan qorxmayan yoxdur. Onlar dövlət içində dövlətdir, öz bankları, öz orduları, öz təchizatları, hər şeyləri var.

şeynbbb.JPG (26 KB)

Şeynbaum qeyd edib ki, bu iki ölkə əməkdaşlıq edə bilər, lakin Meksika öz ərazisində Amerika qoşunlarının olmasına heç vaxt razı olmayacaq. Ancaq Tramp da açıq şəkildə bildirib ki, Meksika dövləti narkotik qrupları və kartelləri aradan qaldırmayacağı təqdirdə ABŞ birtərəfli hərbi əməliyyatlara əl atacaq. Çünki Meksikadan ABŞ-yə keçirilən tonlarla narkotik maddə bu ölkənin milli təhlükəsizliyini və genefondunu təhdid edir.

Narkokartellərlə müharibənin əsas məkanı Meksikanın bütün ərazisi olsa da, bu savaş ABŞ-nin Texas, Arizona, Nyu Meksiko, Kaliforniya ştatlarında, eləcə də Salvador, Honduras, Nikaraqua, Beliz, Qvatemala, Venesuela, Kolumbiya və Ekvadorda da davam edir.

Cəbhənin bir tərəfində adı çəkilən ölkələrin hakimiyyətləri, digər tərəfində Sinaloa karteli, Xalisko karteli, Xuares karteli, Qolfo karteli, Tixuana karteli, Akapulko karteli, Los Mazatlekos karteli, La Barredora karteli, Los Setas karteli, Santa Rosa de Lima karteli, Kaborka karteli durur. Ən azı 5 iri narkokartel 2010-2020-ci illər arasında məhv edilib.

Javier_Sicilia_12.jpg (140 KB)

Narkokartellərin aşağıdakı “komandan”lar məlumdur: İsmayıl Zambada, Xoakin Quzman, Ovidio Quzman, Koronel İqnasio, Nemesio Osequera, Nazario Moreno, Heriberto Lazkano.

Meksika hələ 1919-1933-cü illərdə ABŞ-a yasaqlanmış maddələr (spirtli içkiləri) ixrac edib. Həmin qanunun ləğvindən sonra mütəşəkkil cinayət qrupları ABŞ-yə heroin və marixuana göndərməyə başlayıblar.

1980-ci illərə qədər Meksika narkotiklərin tranzit ölkəsi olaraq qalıb. Öz narkotik istehsalı, eləcə də onların istehlakı ölkədə əhəmiyyətsiz dərəcədə olub. Cənubi Florida və Karib hövzəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin artması ilə kolumbiyalı narkobaronlar Meksikadan keçirərək ABŞ-yə kütləvi şəkildə kokain daşımağa və Meksika kartelləri ilə əməkdaşlıq etməyə başlayıblar.

Meksika hakimiyyəti onlara mane olmaq üçün 1982-ci ilin dekabrında hərbi birləşmələrdən istifadə edib. Ümumilikdə, 1982-ci ilin dekabrından 1987-ci il avqustun 15-dək Meksika ordusunun 25.000 şəxsi heyəti narkotik alverçilərinə, narkotik istehsalçılarına və silahlı dəstələrə qarşı mübarizədə iştirak edib. Onlar 348.350 xaşxaş plantasiyasını, 215.000 marixuana plantasiyasını yandırıblar, 19.479 cinayətkarı həbs ediblər.

Kolumbiyada Pablo Eskobarın kartelinin məhv edilməsindən sonra meksikalı cinayətkarlar müstəqil fəaliyyət göstərməyə başlayıblar və narkotik ticarətindən əsas maliyyə axınlarını öz əllərində cəmləşdirə bildilər. Meksikalı narkotik kartellərinin hər il 16-50 milyard dollar qazandığı təxmin edilir və milyonlarla meksikalı narkotik ticarətində iştirak edir.

kartttt.jpg (26 KB)

Yəni narkotik maddə istehsalı və alveri ölkə əhalisinin mühüm bir hissəsinin dolanışıq yeri, “çörək ağacı”dır. Sovet dönəmində SSRİ ərazisində hər kənddə kollektiv təsərrüfatlar olduğu kimi, Meksikada da az qala hər kənddə narkotik bitkilər əkib-becərən kollektiv təsərrüfatlar var. Ona görə ki, bu yeganə ən gəlirli təsərrüfatdır. “Zəhmətkeşlər”lə yanaşı onların mühafizəçiləri də var. Narkokartellər yaxşı təchiz olunmuş şəxsi ordulara malikdirlər. Meksika ordusunun və polisinin keçmiş əməkdaşları işlərini itirdikdə narkakartellərə üz tuturlar. Kartellərin yaraqlıları avtomat silahlarla, qumbaraatanlarla təchiz olunub, hər cür müasir avadanlıqları və rabitə vasitələri, zirehli maşınları var.

Ümumilikdə Meksikada bütün narkotik kartellərinin döyüşçülərinin sayı 100 min nəfərə yaxındır. Zaman keçdikcə Meksika kartelləri arasında güc balansı dəyişir, yeniləri yaranır, köhnələri isə zəifləyir və dağılır. Sistemin pozulması kartel liderinin həbsi və ya ölümü ilə bağlı olur. Onlar öz aralarında da savaşırlar və bu, hüquq-mühafizə orqanlarının işinə yarayır. Bəzi nüfuzlu kartellərin rəsmi dairələrdə adamları var və onlar mafiozlara Meksika hökumətinin və ABŞ qüvvələrinin əməliyyatları haqqında kəşfiyyat məlumatları sızdırırlar.

111031.ICE.HSI.OperationPipelineExpress.herb_02.jpg (252 KB)

2006-cı ildən etibarən hökumət qüvvələri ilə narkotik kartelləri arasında müharibə daha intensiv, qanlı səciyyə alıb.

2008-ci ildə narkokartellərlə hökumət qüvvələrinin arasında baş verən toqquşmalarda hər iki tərəfdən 6 290 nəfər həlak olub.

2009-cu ildə bu müharibədə 7 724 adam öldürülüb.

2010-cu ildə narkotik savaşında 15 273 adam həlak olub.

O zamandan bəri müharibə davam edir və hər il minlərlə insan ölür. Onların arasında ordu əsgərləri, polislər, dinc sakinlər, hətta yüzlərlə uşaq və qadın da var.

Milyardlarla dolların dövr etdiyi, milyonlarla insanın dolanışıq yeri olan narkotik təsərrüfatçılığı böyük qurbanlar aparır.

Meksika bu savaşın öhdəsindən gəlmək iqtidarında deyil. Sabah ABŞ-nin hərbi qüvvələri Meksika ərazisinə daxil olsalar, onların da narkotik müharibəsində uğur qazanacağını bilmək olmaz. Çünki narkomafiyalar gücünü xalqdan alır. Xalq onları müdafiə edir, gizlədir, ələ vermir. Bu qaydanı pozanları isə ailəlikcə edam gözləyir.

5metr.jpeg (152 KB)

ABŞ tərəfi öz ərazisində belə meksikalı narkokartellərin qarşısını ala bilmir. Onlar ABŞ-Meksika sərhədində yüzlərlə yeraltı tunel qazaraq zəhərli maddələri bu ölkəyə və Kanadaya keçirirlər. Trampın birinci prezidentliyi dövründə Meksika ilə sərhəddə 5 metr hündürlüyü və min kilometrlərlə uzunluğu olan hasar çəkmək istəməsi sırf bu problemi həll etmək üçün idi. Elə onun Cənubi və Mərkəzi Amerikadan olan qanunsuz miqrantlara qarşı yeritdiyi deportasiya siyasətinin kökündə də narkotik savaşı durur.

Bir sözlə, yaxın gələcəkdə planetin qaynar nöqtələrindəki münaqişələr bu və ya digər şəkildə həll olunacaq, ancaq narkotik müharibəsinin sonu görünmür, nə atəşkəsi olacaq, nə də sülh sazişi.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR