Onlayn ictimai-siyasi qəzet
ABŞ-da Tramp adminstrasiyası hakimiyyətə gəldikdən sonra Ağ Evin xarici siyasət kursunun radikal dəyişikliklərə uğraması hazırda olduqca ciddi müzakirə və mübahisə mövzusudur. Ən azından ona görə ki, Tramp adminstrasiyası ABŞ-ın onilliklər boyu prioritet sayılan maraqlarından imtina edərək, hətta sensasion xarakter daşıyan hədəflərə can atır. Hər halda, indi ABŞ-ın strateji müttəfiqləri və real qlobal rəqibləri qeyri-müəyyən xarakter daşıyır. Və bu, qlobal siyasi-hüquqi sistemin davamlılığı baxımından, dağıdıcı faktor hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyası ABŞ-ın qlobal rəqibləri ilə qarşıdurma ənənəsinə son vermək niyyətində olduğunu biruzə verməkdədir. Dünyaca ünlü "Foreign Affairs" jurnalının qənaətinə görə, bu, ABŞ prezidenti Donald Trampın rəqabət əvəzinə, böyük dövlətlərin birliyinə cəhd göstərdiyini təsdiqləyir. Və müasir dünya reallıqları baxımından, sensasiyalı xarici siyasət kursu kimi dəyərləndirilir.
Məsələ ondadır ki, "Foreign Affairs" prezident Donald Trampın dünyagörüşünün böyük dövlətlərin rəqabəti deyil, onların öz aralarında razılaşması ilə bağlı olduğuna əmindir: "Bu, 19-cu əsrdə Avropada mövcud olmuş “konsert” sisteminə bənzər bir sistemdir. Yəni, prezident Donald Tramp güclü liderlər tərəfindən idarə olunan bir dünya istəyir. Bu liderlər həmişə harmoniyada olmasa da, hər zaman məqsədyönlü şəkildə ortaq hədəflər üçün fəaliyyət göstərməlidir”.
Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp ilk növbədə Çin, Rusiya və Türkiyə kimi dövlətlərlə ABŞ-ın prioritet maraqlarını yaxınlaşdırmağa çalışır. Yəni, ABŞ-ın əsas qlobal rəqiblərini geridə qoymaq əvəzinə, Ağ Ev sahibi bu ölkələrin liderləri ilə birlikdə hərəkət edərək, yeni dünya düzənini birlikdə formalaşdırmağa razı salmaq istəyir. Təbii ki, Çin, Rusiya, Türkiyə və ABŞ müxtəlif istiqamətlərdə üstünlük qazanmağa da çalışa bilərlər. Ancaq bu dövlətlər istənilən halda, vahid dünya düzənində yan-yana mövcud olduqlarını və üstün mövqe tutduqlarını da mütləq nəzərə almalıdırlar.
Beləliklə, prezident Donald Trampın “konsert sistemi”nə bağlı siyasi dünyagörüşünün tarixi analoq və müasirləşdirilmə potensialı mövcuddur. Çünki, Ağ Ev sahibinin yeni dünya düzəni ilə bağlı baxışları daha çox məhz “konsert sistemi” anlayışına əsaslanır. Bu sistem 1815-ci il Vyana Konqresindən sonra Avropada formalaşmışdı. Böyük Britaniya, Avstriya, Rusiya, Prussiya və Fransa kimi əsas beynəlxalq güclər "qoca qitə"də sabitliyi qorumaq üçün ortaq fəaliyyətə çalışırdılar.
İndi prezident Donald Tramp bu tarixi modeli 21-ci əsrdə tətbiq etməyə çalışır. Ancaq müasir qlobal siyasi düzənlə bu yanaşmanın uyğunluğu hər halda, müəyyən suallar doğurur. Çünki müasir dünya düzəni hələlik çoxqütblüdür: ABŞ, Çin və Rusiya kimi güclərdən başqa, Avropa Birliyi, Hindistan, Yaponiyaya və s. kimi mühüm regional oyunlar da var.
"Konsert sistemi" müasir qlobal məkanda yalnız milli maraqların konsensusu şəraitində mümkün ola bilər. Halbuki ABŞ, Çin və Rusiya arasında iqtisadi, ideoloji və geosiyasi ziddiyyətlər kəskindir. Məsələn, Tayvan böhranı, Ukrayna savaşı, enerji təhlükəsizliyi kimi qlobal problemlərə münasibətdə onların arasında kəskin maraq toqquşmaları mövcuddur. Eyni zamanda, Ağ Ev sahibinin “güclü liderlərin əməkdaşlığı” konsepsiyası beynəlxalq hüquq və demokratiya kimi universal dəyərləri ikinci plana atır. Və bu isə uzunmüddətli etimad böhranına səbəb ola bilər.
Ancaq prezident Donald Trampın bu yanaşmasının arxasında bir neçə praqmatik siyasi hədəf də dayana bilər. Belə ki, bəzi qənaətlərə görə, Ağ Ev sahibi enerji və ticarət axınlarını münaqişə və sanksiyalarla deyil, məhz razılaşmalarla daha sabit saxlamaq niyyəti güdür. Digər tərəfdən, ABŞ-ın Çin və Rusiya ilə hərbi münaqişəyə girməsi də qlobal məkanda fəlakətli nəticələrə gətirə bilər. Və prezident Donald Tramp kompromis və liderlərarası razılaşmalar ilə qlobal gərginliyi azaltmaq istəyir.
Nəhayət, prezident Donald Trampın anti-establişment ritorikası onu həm də ənənəvi liberal beynəlxalq nizamdan uzaqlaşdırır. O, seçicilərinə ilk növbədə məhz “Amerikanın maraqlarını qoruyan razılaşmalar” təqdim etmək istəyir. Və bu istiqamətdə atılan bütün addımlar onu qlobal liderlərlə anlaşma axtarmaq məcburiyyətində buraxır.
Təbii ki, prezident Donald Trampın yeni dünya düzəni üçün ön plana çıxartmağa çalışdığı fərqli qlobal tərəfdaşlıq modeli kifayət qədər cəlbedici görünür. Ancaq bu qlobal modelin dünyanın gələcək taleyi ilə bağlı olduqca riskli tərəfləri də olmamış deyil. Belə ki, bu model daha kiçik və orta səviyyəli dövlətlərin beynəlxalq məkanda rolunu zəiflədə, hətta sıflrlaya da bilər.
Məsələ ondadır ki, Ağ Ev sahibi öz yeni qlobal tərəfdaşlıq modeli ilə yalnız güclü dövlətlərin "danışıqlar masası"nda olduğu bir dünya sistemi təklif edir. Bu isə həm beynəlxalq hüququ zəiflədir, həm də “böyük balıq balacanı udar” prinsipini aktuallaşdıra bilər. Nəticədə, indiyə qədər "dünya beşdən böyükdür" tezisinin ön plana çıxarılması belə, öz əhəmiyyətini birdəfəlik itirmiş olar.
Digər tərəfdən, prezident Donald Trampın yeni qlobal tərəfdaşlıq modelinin ABŞ üçün də olduqca ciddi risklər vəd etdiyi qətiyyən şübhə doğurmur. Belə ki, bu modelin ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərinin zəifləməsinə səbəb ola biləcəyi qətiyyən istisna deyil. Hər halda, NATO və Avropa Birliyi kimi nüfuzlu beynəlxalq alyanslar bu qlobal modeldə ən yaxşı halda, ikinci plana keçirilmiş olacaq. Və bu, ilk növbədə elə ABŞ-ın qlobal liderliyinə sarsıdıcı zərbələr vura bilər.
Bu baxımdan, belə qənaətə gəlmək olar ki, əslində, prezident Donald Tramp yeni dünya düzənində dövlətlərin, eləcə ABŞ-ın roluna önəm verilməsinə cəhd göstərmək niyyətində deyil. Əksinə, ABŞ prezidenti nüfuzlu dövlətlərin deyil, məhz qlobal məkanda siyasi iradə sahibi olan dünya liderlərinin tərəfdaşlığına bağlı modelə can atır. Və bu, reallığa çevrilərsə, yeni dünya düzəni cəmisi bir neçə qlobal liderin ağalıq etdiyi istismarçı sistemə də çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ