Onlayn ictimai-siyasi qəzet
Narin Güranın Diyarbakır rayonunda qətlə yetirilməsi bütün Türkiyənin qəzəbinə səbəb oldu.
Musavat.com xəbər verir ki, Türkiyədə baş verən dəhşətli cinayətin təfərrüatlarını Hürriyət saytı dərc edib.
Məlumatda qeyd olunur ki, Narin Güranın cəsədinin tapıldığı çaya gedən yol və ərazidəki bütün kamera qeydləri araşdırılıb.
Narin avqustun 21-də itkin düşüb. Məlum olub ki, həmin gün saat 15.40-16.30 radələrində Eğertutmaz dərəsinə gedən cığırda qırmızı rəngli avtomobil 50 dəqiqə dayanıb.
GÖRÜNTÜLƏR SANİYƏ-SANİYƏ İNCƏLƏNDİ
Avqustun 21-də Diyarbakırın Bağlar rayonunun Tavşantəpə məhəlləsində itən və sentyabrın 8-də Eğertutmaz dərəsində cəsədi tapılan Narin Güranın ölümü ilə bağlı Diyarbəkir Baş Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.
İstintaq çərçivəsində 24 şübhəli saxlanılıb. Saxlanılanlar arasında Narin Güranın anası, atası, iki böyük qardaşı, dörd əmisi və həbs edilən əmisi Səlim Güranın həyat yoldaşı da var.
Səlim Güran
Saxlanılan şübhəlilərdən biri də 48 yaşlı Nevzat Bəxtiyardır. Onun haqqında jandarma əməliyyatı tamamlanıb. Ədliyyəyə sövq edilən Nevzat Bəxtiyarın məhkəməsi prokurorluqda davam edir.
NEVZAT BƏXTİYAR KİMDİR...
TRT-də yer alan xəbərə görə, çoxşaxəli araşdırma çərçivəsində jandarma qrupları Narinin cəsədinin tapıldığı ərazidə və dərəyə gedən yolda bütün kamera qeydlərini araşdırıb.
Saniyə-saniyə araşdırılan kamera görüntülərindən məlum olub ki, avqustun 21-də saat 15.40-16.30 radələrində Eğertutmaz dərəsinə gedən yolda qırmızı rəngli avtomobil 50 dəqiqə dayanıb. Maşının nömrəsi müəyyən edildikdən sonra məlum olub ki, həmin avtomobilin sürücüsü suvaq ustası Nevzat Bəxtiyardır. Nevzat Bəxtiyar dindirmə zamanı Narinin cəsədini əmisinin əlindən alaraq dərəyə basdırdığını etiraf edib.
Nevzat Bəxtiyar
SİLİNMİŞ WHATSAPP SÖHBƏTLƏRİ...
Bu arada, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Jandarma Baş Komandanlığı əmi ilə suvaqçının silinmiş Whatsapp danışıqlarını Meta şirkətindən tələb edib. Lakin şirkətdən mənfi cavab alınıb.
Saxlanılan 23 şübhəlinin dindirilməsi davam edir.
Qeyd edək ki, itkin düşən 8 yaşlı Narin Güran üçün axtarış əməliyyatı başladılmış, Narin Güranın əmisi, eyni zamanda Tavşantəpə məhəlləsinin muxtarı olan Səlim Güran saxlanılmışdı. Onun haqqında 2 sentyabrda həbs qətimkan tədbiri seçilmişdi.
Diyarbakır valisi Murat Zorluoğlu itkin düşən Narin Güranın sentyabrın 8-i saat 08.45 radələrində paltarlı olaraq çuvalın içinə qoyulub üzərinə daşlar düzülərək gizlədilmiş vəziyyətdə Eğertutmaz çayının kənarında tapıldığını açıqlamışdı.
Murat Zorluoğlu deyib: “İlkin təsbitlərə görə, itkin düşən Narin Güran öldürüldükdən sonra çuvalın içinə qoyulub, dərə kənarına gətirilib, çuvalla birlikdə dərənin kənarında suya salınıb. Üstü ağac budaqları və daşlarla şübhə doğurmayacaq şəkildə və təbii görünüş verilərək gizlədilib”.
AXTARIŞLARA DA QATILIRMIŞ...
Nevzat Bəxtiyar ifadəsində bildirib ki, Narinin əmisi Səlim Güran ondan 200 min lirə qarşılığında kiçik uşağın cəsədinin dərəyə atılmasını istəyib.
Nevzat Bəxtiyar Səlim Güranın göstəriş üçün hər gün axtarışlarda da iştirak etdiyini deyib: "Mən Narinin axtarışlarında iştirak etdim. Muxtar Səlim Güran heç bir şey olmamış kimi jandarma qrupları ilə axtarış aparırdı, hətta onun kanalın içinə girərək axtarış etdiyini gördüm".
Gülnar Süleymanova
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ