İnsanlara hürriyət, millətlərə istiqlal!

Naməlum obyektlər

Bu yaxında Rusiyada sosioloji sorğu keçirmiş, xalqa sual vermişdilər ki, 2024-cü ildə hansı ciddi, yaddaqalan hadisələr olmuşdur. Çox maraqlıdır ki, rusların heç birisi martda Moskvada, “Krokus” mərkəzindəki qanlı terroru yada salmamışdı. 145 nəfərin ölməyini unutmuşdular. Bəlkə oralarda bu cür hadisələr adi hal aldığı üçün, dəqiq deyə bilmərəm.

İlin axırıdır, bizim vətəndaşlardan da soruşsan böyük ehtimalla 2024 haqda yaxşı sözlər deməzlər. Xüsusilə, ilin sonunda gözlənilmədən üzləşdiyimiz faciəyə görə.

Mən bir az düşündüm və 2024-cü ilin hadisəsi olaraq psixi xəstə Əhməd Əhmədovun 5 nəfərlik ailəsini baltalaması və xalq artisti Ağadadaş Ağayevin xəstəxanaya baltalı hücumundan başqa yadıma nəsə düşmədi. Çünki günlərlə, aylarla cəmiyyət bunu müzakirə etdi.

Gördüyümüz kimi, onlar da neqativ yüklüdür. Hardan baxsan balta görürsən və fikirləşirsən ki, təqvim ilahəsi varsa 2024-cü ili dibindən baltalamalı, “get, bir də qayıtma” söyləməlidir.

Ancaq tək balta atan milli “hindu” qəbilə üzvlərimiz deyil, ilin cibgirləri də çox oldu. Hər sahədən oğrular çıxdı, hətta oğrular internetə daraşdılar, məlum oldu burada dələduzluq baş alıb gedirmiş. Dövlətdən çırpışdıran kim, xalqın cibinə girən, oliqarxları soyan... Maşallah, tfu-tfu, hər cür kateqoriyadan oğrularımız aktiv fəaliyyət göstərdilər. Oğruları tutanlar da yatmadı. Gah tutdular, gah buraxdılar. Maraqlıdır ki, buraxılanlar içində xaricdən 5-10 min dolları guya qaçaqmal üsulu ilə ölkəmizə daşıyanlar olmadı, əvəzində burdan milyonlarla valyutanı əkişdirib xaricdə şirkət açan yoldaşlar heç şərti cəza belə almadı. Bu da xalqa hansı işlər görmək üçün bir növ işarə, yaşıl işıq rolunu oynadı: “Gətirmək suç, aparmaq isə quchaquc”.

Örnək üçün, 29 dekabrda mən xəbər lentində bunu oxuyub necə yaşamaq lazım olması barədə nəticə çıxartdım: “Bakı şəhər gənclər və idman idarəsinin 2 vəzifəli şəxsinin məhkəməsi başlayır. Onlardan biri idarənin keçmiş rəisi, ikincisi isə maliyyə şöbəsinin müdiri olub. Bu iki nəfər 1 milyon manat dövlət əmlakını mənimsəməkdə suçlanır, lakin məhkməyə qədər haqlarında alternativ qətimkan tədbiri seçilib, həbs olunmayıblar”. Sitatın sonu.

Buyur. Xaricdən 5-10 min gətirən, hətta heç gətirməyən dərhal qandallanır, zindana salınır, vəkillərə də deyirlər ki, məhkəmə dövründə bu yoldaşı, misal üçün, balaca bir qız uşağını ev dustaqlığına-filana buraxa bilmərik. Niyə, çünki birdən qaçar xaricə, yenə dollar gətirər! Hə, vallah. İndiki uşaqlardan nə desən çıxar. Eyni zamanda, 1 milyon dövlət pulu əkişdirən bığlı-saqqallı əmilər çöldə gəzirlər.

Belə kriteriyalar var və güman edirəm 2025-ci ildə də qüvvədə olacaqdır. Hazırlaşmaq lazımdır. Məsələn, bugünlərdə mən bəzi tanışlarla söhbət edirdim, onlar tam ciddi şəkildə, yüz faiz əminliklə söylədilər ki, Uçan Naməlum Obyektlər (UNO) var və 2025-ci ildə onların respublikamıza, ümumən dünyamıza hücumları gözlənilir.

Mümkün haldır. Hərçənd, mən zırrama kimi əvvəlcə tanışlara etiraz elədim, UNO deyə bir zadın isbat olunmadığını ciddi-cəhdlə onlara başa salmağa çalışdım. Axı, niyə? İnsanların inanclarına toxunmaq olmaz. Qoy kim nəyə istəyir inansın, nəyi və kimi gözləyirsə, gözləsin. Məhşurlardan kimsə uşaqlıq travmasını belə danışırdı, deyir balaca idim, atam mənə Santa Klausun uydurma olduğunu söylədi, bundan sarsıldım.

Digər tərəfdən, əgər Yer kainatda uçan balaca bir topdursa, biz də bunun üzərində uçuruqsa, bir-birimizi isə heç tanımırıqsa, planetimiz üzərində dolaşan milyardlarla insanın hər biri əslində UNO deyilmi?

Uçan Naməlum Obyektlər, hər birinizin Yeni ili qutlu olsun.   

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR