Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma zamanı: 01.01.2025 (21:13)
Cabbarın doğulduğu, onu böyüdən, oxudan, ordusunda görəvə alan dövlətə düşmən kəsilməsi bəlkə onun din qardaşlarının Əfqanıstanda şahidi olduğu işğalın travmalarıdır-amma bu da hamısı deyil...
2025-ci ildə dünyanın yeni mənzərəsinin necə olacağını düşünməyə zaman tapmamış ilk pis xəbəri Yeni Orleanadan gəldi. Yeni ili qeyd etmək üçün toplaşan insanlara ciplə hücum zamanı ən azı 15 nəfər həlak olub. Amerikada(Texas) anadan olan, ABŞ ordusunda xidmət etmiş, İŞİD-bayrağı altında insanları öldürmüş və özü də atışmada öldürülən müsəlman kökənli Şəmsud- Din Cabbarla bağlı bir azdan yazacağıq.
***
Ədalətli və dinc dünya formulunu tapmaq “çiy süd içmiş”insan övladı varkən mümkün olmayacaq. Amma dinc və hüzurlu dünya düşünən insanlar bunun əsas şərtlərindən birinin ədalət prinsipi olduğunun fərqindədir. Amma bu ədalət prinsipi heç də Qərbin digər ölkələrə sırımaq istədiyi “demokratiya” və “insan hüquqları” deyil. Bəli, Hollivud filmlərində bunu təbliğ edirlər, məsələn, vəkil məhkəmədə təkbaşına dolaşıq bir qətli araşdırır, kiminsə günahsız olduğunu sübut edir və beləliklə, ədalət təcəlli edir və sairə... Amma o da var ki, Amerika ədalətsiz hökmlər səbəbindən 50 il həbsdə yatan günahsız insanların hekayələri ilə doludur.
Böyük siyasətə gəlincə, baxın, Suriyada nə qədər ki, məkrli güclər-İran, Rusiya və Amerika nüfuz davası aparırdı, ölkə qan ağlayırdı. İndi “Suriya xalqı özü öz göbəyini kəsmək istəyir”, ölkədə hələ kövrək də olsa, əmin-amanlıq var, silahlı dəstələr bir orduda birləşməyə belə razıdırlar. Bu görüntü aldadıcı, müvəqqəti də ola bilər, amma bu da bir nümunədir. Eləcə də 20 il həm əsgərini, həm pullarını Əfqanıstanda güdaza verən(yeri gəlmişkən, terrorçu Din Cabbar da bu ölkədə xidmət edibmiş) Amerika qaçdıqdan sonra iqtidara yiyələndiyi Talibanı yada salaq... Onlar xüsusilə qadına münasibətdə hədsiz radikal yanaşma sərgiləyirlər, amma iqtidarda özləridir, o qadını nəhayətdə sevən də, döyən də, ailəsinə arvad edəndə əfqan kişiləridir. Bu münasibət qadın azadlığını məhdudlaşdırır, çünki Yaradan qadınların da kişilərlə bərabər hüquqda tanıyır. Amma hansısa ölkədə qadının başına çadra örtmək, ona azadlıq vermək, hətta podiumda əzalarını nümayiş etdirmək iznini də o ölkənin adamları verməlidir. Hansı QHT istəyir pisləsin, bəyanat versin, amma ora qoşunla, dəf-dumbulla müdaxilə etmək son nəticədə heç nəyi dəyişmir. Bunu kənardan gəlib başqa bir güc hər hansı adla etsə, çoxluqda qıcıq doğuracaq, narazılıq və müqavimət yaradacaq. Zamanı gələcəksə, bu çadranı onun başına örtənə də, istismar edənə də o toplum özü cavab verəcək, ya da verməlidir. Türkiyə bu “baş örtüsü” səbəbindən hansı hadisələri yaşadı, xatırlayın. Amma axır bir ortaq yolunu özləri tapdılar.
***
“Demokratiya, insan haqları heç bir dövlətin daxili işi deyil” deyənləri çarmıxa çəkmək lazım deyil. “Gör-götür” dünyasında həqiqətən də qadağalar gətirmək çətindir, amma hansısa cəmiyyətlərin “tör-töküntülərini ixrac etmək”də mənasız işdir. Baxın, Gürcüstan hələ sovet dövründə Qafqzda fərqli başdılar, tutaq ki, erməni kimi torpaq hərisi, ya da bizim kimi məsələn, aşırı torpaq (vətən) sevdalısı deyillər. Amma onlara “Qərb dəyərlərini” elə bir “iynə” ilə yeritməyə çalışdılar ki, “əks reaksiya” verdi. İndi də bir ölkənin iqtidarını cəza adı ilə xalqı seçiminə görə cəzalandırmaq istəyirlər ki, bu da ikrah doğurur. Belə ədalət dünya olmur, belə ədalətə dəvət heç olmur...
Daha da konkretləşdirək: ABŞ administrasiyası son 4 illik Cənubi Qafqaz siyasətində ədalətli yanaşma prinsipini pozub. Təkcə Gürcüstanın qanuni hakimiyyətini iğtişaşlarla devirməyə çalışmayıb, Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqda davam edib. Ona görə yola saldığımız il Azərbaycan-ABŞ münasibətlərində daha çox gərginliklərlə yadda qaldı. Xüsusilə, “insan haqları” və “demokratiya” şüarı altında Azərbaycana qarşı təzyiqlər, ölkənin daxili işlərinə kobud müdaxilələr cəhdləri ikitərəfli münasibətlərdə müəyyən problemlər yaradıb.
Amerika istənilən mövzuda ədalət tərəzisini özünə sərf edən həddə “əyib”, dünyada ədalət çarçısı olmaq lüksunu çoxdan itirib. Bu yanaşmalar ABŞ-ın daxili siyasətində də ciddi problemlərə yol açıb. Ötən ay ABŞ-nin ən böyük tibbi sığorta şirkətlərindən biri olan "UnitedHealthcare"in baş direktoru Brayan Tompson Nyu-Yorkda güllələndi. Minlərlə amerikalı isə sosial şəbəklərdə bu xəbərdən sevincinin gizlətmədi, həbs edilən gənci(Luidji Mandjone) qəhrəman adlandırdılar. Bəlli oldu ki, Amerikada minlərlə adam səhiyyə sahəsindəki bu sığorta şirkətinin ədalətsiz qərarlardan- ən yaxın adamlarının müalicəsi üçün pul verilmədiyi üçün itiriblər.
Və yaxud necə olur ki, Bayden komandası başqa bir ölkədə kiminsə həbsini ədalətsiz hesab edir, amma prezident özü doğma oğlunu (Hanter Bayden) ağır ittihamlara, cəmiyyətin etirazlarına baxmayaraq, məsuliyyətdən kənar saxlamaq üçün əfv edir... Amerika daxilindən ciddi ədalətsizliklər yaşamaqda davam edir və bu cür terror aktlarını “dəliliklə”, İŞİD-lə izah etmək iş bitmir, problemlər daha da dərinləşir. Amerikalı müsəlman niyə doğulduğu, onu böyüdən, oxudan, ordusunda görəvə alan dövlətə niyə düşmən kəsilsin? Niyə İŞİD bayrağı ilə terror aktı törətsin? Bəlkə bunun kökü Şəmudin Din Cabbarın Əfqanıstanda onun din qardaşlarına qarşı zülmlərdən qaynaqlanıb, o mənasız işğalın travmalarıdır?
***
Prezident İlham Əliyevin xalqa Yeni il müraciətində Qərbin bu cür ədalətsiz yanaşmalarına zaman baxımında ötəri münasibət bildirdi. ABŞ-ın adını çəkmədi, ümumi “COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrindən, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarından və saxta media orqanlarındann” narazılğını bildirdi. Anlaşıldı ki, bu qərəzli münasibət COP29-dan sonra da davam edir: “COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir” -Prezident deyib.
“Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür” deyərkən ehtimal ki, Preziden yanvarın 20-də Donald Trampın rəsmən gorəvinə başlamayacağını nəzərdə tutur.
***
Trampın rəhbərlik etdiyi dövrdə ABŞ-da narazılıqlar vardı, xüsusilə bu adamın irqçi baxışları Amerika cəmiyyətinin təməl prinsiplərinə uyğun deyil. O səbəbdən Trpampın qayıdışına bir tərəf sevinirsə, bu qayıdışa görə “qara bağlayan”lar da az deyil. Yeri gəlmişkən, Las-Veqasda Trampa məxsus hotelin qarşısında yanacaq qutuları və atəşfəşanlıqla dolu Tesla Cybertruck partlayıb. Polis bu hadisənin Trampa və ya onun müttəfiqi Tesla sahibi İlon Maska mesaj olub-olmadığını hələ müəyyən etməyib. Bizi isə daha çox Ağ Evin Cənubi Qafqaz siyasətində nələr dəyişə biləcəyi maraqlandırır. Bundan əvvəlki hakimiyyəti dövründə siyasətinə rəğmən ümumi fikir belədir ki, Tramp iqtidarı Cənubi Qafqaz ölkələri ilə Bayden administrasiyasının siyasətindən fərqli, daha düşünülmüş siyasət quracaq. Gürcüstanda və Azərbaycanda “xüsusi metodlarla” işləmək siyasəti aşkar uğursuz oldu. Bu ölkələrdə də ABŞ-a münasibət mənfi istiqamətdə dəyişdi. Ona görə də Trampın rəsmi görəvə başlayandan sonra Bakı ilə bərabər səviyyəli əməkdaşlığı daha gözləniləndir.
Ən əsası Tramp administrasiyası dünyada da, Cənubi Qafqazda da sabitliyin qorunmasının strateji əhəmiyyətini anlamalıdır. İnsan övladı dinc və hüzurlu dünyada yaşamağı haqq edir...
Nazim SABİROĞLU,
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ