İnsanlara hürriyət, millətlərə istiqlal!

 Musa Qasımlı seçicilərinin problemlərini qaldırdı

Deputat Musa Qasımlı Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərək bir sıra vacib məsələlərə diqqət çəkdi. “Dünyada xaos və anarxiyanın getdikcə çoxaldığı, düzənin pozulduğu bir şəraitdə 2023-cü ilin dövlət büdcəsi layihəsi cənab Prezidentimiz İlham Əliyevin böyük millət və güclü dövlət, ölkəmizin sabit, davamlı inkişafını, millətimizin daha yaxşı yaşaması üçün bərabər imkanlar yaradılmasını, işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsini və sakinlərin daimi yaşayış yerlərinə qayıdışını, dövlətimizin müdafiə qüdrətini və təhlükəsiziliyini etibarlı təmin etməyi nəzərdə tutan strategiyasının həyata keçirilməsini özündə ehtiva etdiyi üçün lehinə səs verəcəyəm”-deyə, M.Qasımlı bildirdi.

Musavat.com-un məlumatına görə, deputat qeyd etdi ki, büdcə layihəsində ölkəmizin müdafiə və təhlükəsizliyinin təmin olunmasına ayrılan təxsisatların artırılması millətimiz və dövlətimiz üçün həyatı əhəmiyyət kəsb edir: “Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, əhalinin aztəminatlı  hissəsinə ayrılan vəsaitlərin artırılması bir daha göstərir ki,  dövlətimiz üçün ilk sırada Azərbaycan vətəndaşının maraqları gəlir. Başlıca diqqətin Şərqi Zəngəzurun və Qarabağın dirçəldilməsi olduğu bir zamanda digər sahələrə və rayonlara da büdcə layihəsində vəsaitin artırılması  dövlət rəhbərimizin qayğısının təzahürdür. Büdcə layihəsinin mediada geniş müzakirəsinin keçirilməsinin və izah edilməsinin faydalı olacağına inanıram”.

Deputat daha sonra iki məsələyə diqqət çəkdi: “Birincisi, elm və təhsil xərcləridir. Layihədə təhsil xərclərinin cari illə müqayisədə 536, 5 milyon manat və ya 13, 8% artırılaraq 4 milyard 423 milyon manatdan çox proqnozlaşdırılması cənab Prezidentimizin təhsilə göstərdiyi xüsusi diqqətin göstəricisidir. Tələbə kreditinə 8 milyon manat vəsait ayrılması əhalinin aztəminatlı ailələrinin övladlarının təhsilə əlaçatanlığının təmin etməkdə əhəmiyyətli addımlardan biri olacaqdır.  Hamı yaxşı bilir ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə dirçəliş işlərinin həyata keçirilməsindən ötrü ölkəmizdə müxtəlif peşə sahiblərinə olan tələbat artır. Büdcədə peşə təhsilinə ayrılan vəsaitlərin 64,2 milyon manat təşkil etməsi yeni imkanlar açacaqdır. Ümumi təhsilə ayrılan vəsaitin artırılması inanıram ki, təhsilin keyfiyyətini yaxşılaşdıracaqdır. Ən ucqar kəndlərdə avadanlıqları və şəraiti ilə müasir məktəblər tikilib, indi əsas məsələ təhsilin keyfiyyətini yaxşılaşdırmaqdır. Bu sahədə çoxlu problemlərin olduğunu hər kəs bilir. Gənc müəllimlərin kənd rayonlarında işə cəlb olunmalarını təşviq etməkdən - yol xərci, kirayə haqları, əmək haqlarına əlavələr və sairin ödənilməsindən ötrü  ayrılan vəsaitin artırılması bu sahədə iş səmərəli qurularsa, mövcud olan çatışmazlıqların həllinə kömək edəcəkdir. Kənd məktəblərində xarici dil dərslərini verən müəllimlərin iş yerlərinin tez-tez dəyişdirilməsinin fayda vermədiyi qənaətindəyəm. Bu sahədə yerli kadrların hazırlanmasını nəzərdə tutan xüsusi proqramlar hazırlayıb həyata keçirmək xeyirli olmazdımı?”

M.Qasımlı bildirdi ki, məktəbəqədər təhsilə ayrılan vəsaitin  cari illə müqayisədə gələn il 20 milyon manat və ya 19,8 % artırılaraq 121 milyon manata çatdırılması təhsilimizə, ailələrə göstərilən qayğının təzahürdür. İnanıram ki, bu sahəyə diqqət yetirilməsi  iri kəndələrdə məktəbəqədər təhsil müəssisələrinin qurulmasına imkanlar açacaq: “Elmə ayrılan xərclərin cari illə müqayisədə 23 milyon 500 min manat və ya  11,5% artırılaraq 228, 5 milyon manata çatıdırılması müsbətdir. Cənab Prezidentimiz İlham Əliyevin elmimizdə islahatları özündə əks etdirən 2022-ci il 28 iyul tarixli fərmanından irəli gələn vəzifələrin həyata keçirilməsindən ötrü  başladılan işlərin uğurlu olacağına ümid edirəm. Heç kimə sirr  deyildir ki, keçmiş dövrlərlərdən qalan və ölkəyə faydası olmayan bir sıra sahələrin  islah olunması, perspektiv sahələrə xüsusi diqqət verilməsi, strateji əhəmiyyət kəsb edən sahələrə vəsaitin tədricən artırılması, elmimizin sağlamlaşdırılması bu günün və gələcəyin tələbidir. Bu xüsusda ictimai elmlər sahəsində regionumuzun, qonşularımızın dərindən araşdırılmasına diqqətin artırılmasında fayda görürəm. Nəzərdən qaçırmayaq ki, qonşu ölkələrdə bu işlər getdikcə genişləndirilir”. 

Digər məsələdən bəhs edən deputat 72 saylı Yardımlı-Masallı seçki dairəsindən olan seçicilərinin istəklərinin yerinə yetirilməsini cənab Baş nazir Əli Əsədovdan xahiş  etdi: “Seçicilər Yardımlı rayonunun kəndlərinə təbii qaz çəkilişinin sürətləndirilməsini xahiş edirlər. Qazın olmaması ucbatından rayonda meşələr qırılır, nəticədə çaylar, bulaqlar  quruyur. Yay aylarında bəzi ailələr suyu maşınla almağa məcbur olurlar. Bir sıra ailələr isə şəhərlərə üz tutur.  Yardımlı rayonunda yolların tikintisinə, hələ ötən əsrin 60-cı illərindən qalan və insanların həyatı üçün təhlükə törədən elektrik dirəklərinin dəyişdirilməsinə, həm Yardımlıda, həm də Masallıda bir neçə kənd məktəbinin təmirinə ehtiyac var. Həmin  məktəblərin hansılar olduğunu Elm və Təhsil Nazirliyimiz hər halda bilməmiş deyil”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR