Onlayn ictimai-siyasi qəzet
Surət adlı, 34 yaşlı bir zavod direktorunun birdən-birə Azərbaycanın baş naziri təyin edilməsinin 30-cu ildönümüdür. Bu hadisə 30 il öncə iyunun 30-da baş verib.
Təfərrüatı, tarixi hadusələri bilməyənlər düşünə bilər ki, adamda fərasətə, qabiliyyətə, istedada bax ki, gənc yaşında, əyalətdə müəssisə rəhbəri ikən ölkədəki nazirlərin başçısı olub.
Amma həmin ilin iyun ayının 4-dən 30-na kimi ölkədə hansı hadisələrin baş verdiyini, nə kimi prosesin cərəyan etdiyini bilənlər bu qara təyinatın səbəbini yaxşı anlayırlar.
Elə 30 il öncə televiziya ilə canlı yayımlanan brifinqdə elan ediləndə ki, Surət Hüseynov ölkənin baş naziri olacaq, çox adam təəccüblənmişdi.
Əksəriyyət 26 gün öncə hərbi qiyam qaldırmış və ölkə rəhbərliyinin fəaliyyətini iflic etmiş, prezident Elçibəyin paytaxtı tərk etməsinə səbəb olmuş bu əldəqayırma polkovnikin ən uzağı köhnə vəzifəsinə - baş nazirin müavini (eyni zamanda Qarabağ üzrə səlahiyyətli nümayəndə) postuna bərpa ediləcəyini düşünürdü.
Hətta bir az yuxarıdan gedənlər onun müdafiə naziri təyin ediləcəyini güman edirdilər.
Ona görə də adamın birdən-birə baş nazir təyin olunması siyasi baxımdan məntiqli görünmədi. Həmin gün brifinqdə xarici və ölkə jurnalistlərinin suallarına cavab verərkən, ən sadə sualın qarşısında gözünü döyən və “Heydər Əliyevin dedikləri ilə razıyam”dan başqa bir ağıllı cümlə qura bilməyən bu şəxsin nəinki baş nazir postuna layiq olmadığı ortaya çıxdı, hətta məlum oldu ki, onu Nazirlər Kabinetində ən aşağı vəzifəyə təyin etmək belə artıqdır.
Fəqət gerçəklik beləydi: ölkənin qanuni hakimiyyətini o devirmişdi, ölkədə ətrafında 3-5 min silahlı və aqressiv şəxsin olduğu yeganə adam o idi, ona görə də “hakimiyyət piroqu”nun ən azı yarısı ona çatmalıydı.
Əslində ölkədə elə bir durum yaranmışdı ki, Surət “vapşe prezident özüm olajam” deyə, dirəşə bilərdi. Ancaq onun prezident olmağa başı ilə bərabər yaşı da çatmırdı. Üstəlik, iyunun 15-dən sonra yaranmış situasiya onu ikinci plana sıxışdırmışdı. Həmin gün Heydər Əliyev parlamenti sədri seçilmişdi, ayın 24-də parlamentin deputatları prezident səlahiyyətlərinin Milli Məclis sədrinə keçməsi barədə qərar layihəsi qəbul etmişdi.
Bu durumda ölkədə hakimiyyət dəyişikliyi istəyən siyasi müxalifətlə hərbi müxalifətin yolları haçalanmışdı. Onlar Surətin baş nazir təyin edilməsini gözləmirdilər və buna qarşıydılar, hesab edirdilər ki, həbəş özü işini görüb və həbəş silahını da götürüb Yevlağa, Goranboya getməlidir.
“Həbəş” isə düşünürdü k, Elçibəyi məhz o devirib, ona görə də qələbə çələngi onun başına qoyulmalıdır.
Kulislərdə, kabinetlərdə hansı danışıqlar getmişdisə, necə razılaşmalar əldə olunmuşdusa, belə qərar qəbul edilmişdi. Artıq “bundan baş nazir olarmı”, “bu ki siyasətdə sıfırdır” deyə heyrətlənməyin yeri yox idi.
Güman ki, ona “sən hələ cavansan, birinci şəxs olmağa yaşın çatmır, 1 il işlə, təcrübə topla, sonra gəl prezident ol” deyilmişdi. Yaxın ətrafı da deyə bilərdi ki, tələsmə, qoy Heydər Əliyev ölkəni bir az sahmana salsın, qoca kişidir, gələn il özü çağırıb hakimiyyəti sənə verəcək.
İctimaiyyət isə fərqli düşünürdü və bu variantı çox da qeyri-məqbul saymırdı. Çoxları deyirdi, Surətin şansı bununla da qapandı, Baba hələ gümrahdır, ən azı 80-ni vuracaq, Surətin aşını da 1-2 ilə bişirəcəklər.
Bunun belə olacağı ortadaydı. O savadın, dünyagörüşün, boyundan 100 qat artıq olan iddianın və kriminal-mafioz ətrafın sahibi nəinki SSRİ kimi nəhəng imperiyanın rəhbərliyində olmuş təcrübəli Heydər Əliyevlə, heç onun komandasında olan və gənc yaşlarından böyük dövlət vəzifələri tutan, hərəyə iki ali məktəb bitirən, iyerarxiyanın, bürokratiyanın nə oduğunu yaxşı bilən köhnə partokratlarla da baş edə bilməzdi.
Əslində onun baş nazirliyi də bir şey deyildi, Nazirlər Kabinetində müqəvva kimi oturmuşdu, 2-3 nazidən başqa heç kəs ona biət etmirdi, hamısı prezidentin iradəsi ilə oturub-dururdu. Surətə bağlı nazirlərin birinci müavinləri də həmin nazirlərdən asılı deyildi. Surət özü də hiss edirdi ki, onun sözünü saya salan yoxdur.
Ona görə də 1994-cü ilin sentyabr ayının axırlarında o və qiyamçı komandası yenidən hərəkətlənmək, hakimiyyəti büsbütün götürmək istdiələr. Bu işdə sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" sazişindən narazı qalan Rusiyanın da rolu vardı. Hüseynovu onlar dəhmərləmişdilər. "Əsrin müqaviləsi" imzalanan gün "Gülüstan" sarayında olmuş jurnalistlərin dediyinə görə, mərasim zamanı Surət səsini qısmadan dövlət başçısına qarşı tənqidi fikirlər səsləndirirmiş.
Beləcə, onun ikkinci həmləsi fiasko ilə nəticələndi, "bir qısmat çörəh" yeməyə macal tapmamış darmadağın edildilər. Onun baş nazirliyi 1 il 3 ay çəkdi, ona biət edən nazirlər də içəri getdi.
Uğursuzluq və biabırçılıqla bitən qiyam cəhdindən sonra o, guya ki, “daşdan keçən arqument” tapmışdı, deyirdi: “Mən baş nazirəm, hakimiyyətəm, özümə qarşı qiyam etmişəm?”
Amma xeyri yox idi, hamı bilirdi ki, bəli, sənin müqəvva baş nazir olduğunu bütün ölkə və özün də bilirdin, ikinci qiyamla prezident olmaq istəyirdin, amma alınmadı.
Sonra bir sıra hadisələr oldu: Surət gecəylə Rusiyaya qaçdı, 1997-ci ildə onu Moskvada həbs etdilər və Azərbaycana verdilər. Keçmiş baş naziri təyyarə trapından qolu qandallı qara qul kimi, qaraqabaq və qara dəri gödəkçədə düşürdülər, adi kriminal ünsür kimi başından basıb polis maşınına oturtdular və layiq olduğu yerə apardılar. Sonra, 1999-cu ildə onu mühakimə və məhkum etdilər. 1 il 3 ay ərzində baş nazir olmağın bədəlini 7 il türmədə yatmaqla ödədi.
Bircə iş yaxşı olmadı ki, o, törətdiyi qiyamın və qətlə yetirilən əsgərlərin ölümünə görə cavab vermədi.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ