İnsanlara hürriyət, millətlərə istiqlal!

Münhen Təhlükəsizlik Konfransı yekunlaşdı, qlobal güclərin açıq çağırışları nədən xəbər verir


Ekspert: “Münhen konfransı yeni dünya nizamı üçün ortaq siyasi dilin
formalaşdırılmasından daha çox, qlobal nizamın qurucularının bir-birinə qarşı etirazlarını
bəyan etdiyi, fikir ayrılıqlarının daha çox ortaya çıxdığı və çıxılmaz vəziyyət yaratdığı bir
platformaya bənzədi”

Almaniyada 61-ci Münhen Təhlükəsizlik Konfransı yekunlaşıb. Konfransda dünyanın 60-dan
çox dövlət və hökumət başçısı iştirak edib. Diplomatlar qlobal problemləri müzakirə edib,
mümkün həll yollarını araşdırıblar, beynəlxalq təhlükəsizlik və xarici siyasətlə bağlı
çağırışlar eşidilib.

Qeyd etmək lazımdır ki, builki konfrans belə demək olarsa, siyasətin
təlatümlü dövrünə təsadüf etdi. ABŞ-də Donald Trampın ikinci prezidentik dövrünün
başlaması, Avropa İttifaqındakı son dəyişikliklər, Almaniyada gözlənilən növbədənkənar
federal seçkilər və s. Konfransın proqramı üç mühüm hissədən idi: əsas proqramdan, 200-dən
çox rəsmi paralel tədbir; ictimaiyyət üçün nəzərdə tutulmuş müzakirələr.

Azərbaycanı konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun başçılıq etdiyi
nümayəndə heyəti ilə təmsil olunub. Səfər çərçivəsində nazir konfransında iştirakla yanaşı,
yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirib.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq məsələlər üzrə ekspert
Şəhla Cəlilzadə Musavat.com-a konfransın yekunu ilə bağlı şərh verib.

Ekspert diqqətə çatdırıb ki, 61-ci Münhen Təhlükəsizlik Konfransında qlobal təhlükəsizlik dinamiklərinin hansı formada dəyişdiyi müşahidə edildi:

“Artıq ABŞ-nin dünyanın yeganə qlobal güc olmadığı, ABŞ ilə Avropa İttifaqı arasında ciddi fikir ayrılıqları yarandığı, çoxqütblü dünya nizamının faktiki olaraq formalaşdığı və bu formata uyğun olaraq beynəlxalq hüquq sisteminin yenilənməsinə ehtiyac yarandığını qeyd etmək olar. Bu fonda konfransda ABŞ və Rusiya Prezidentlərinin Ukrayna və digər qlobal məsələlərin həll edilməsi məqsədilə
görüşünün tezliklə baş tutacağının bəyan olunması dünyanın məhz bu iki qlobal güc arasında
danışıqlar çərçivəsində bölüşdürüləcəyi, yeni nizamın da məhz bu görüşdən sonra doğacağı
istiqamətində gözləntilər var.

Qeyd edim ki, Səudiyyə Ərəbistanında baş tutacaq və əsas olaraq Ukraynanın taleyini həll edəcək bu görüş onun rəsmi şəxslərinin iştirakı olmadan keçiriləcək.

Zelenski belə bir görüşün nəticələrini tanımayacağını bəyan etsə də, real nəticə
doğuran siyasi qərarlar hərbi meydandan daha çox siyasi meydan-danışıqlar masası arxasında
verilir. Çünki, ABŞ və Avropanın yardımı olmadan Ukrayna Rusiya qarşısında 3 il mövqe
sərgiləyə bilməzdi. Lakin Tramp masa arxasında Avropa ölkələrinin təmsilçilərini görmək
istəmir, hətta Münhen konfransında da onlarla bir araya gəlmədi, lakin mesajlarını çatdırdı.
Həmçinin Münhen konfransı əsasında gəlinən nəticələrdən biri də budur ki, ABŞ bundan
sonra Avropanın təhlükəsizliyinin təmin olunmasında üstün rol almaq niyyətində deyil.
Avropa dövlətləri Trampın hələ prezident seçilməzdən öncə bəyan etdiyi məsələ – müdafiə
xərclərinin büdcənin 5%-i həddinə çatdırılması məcburiyyəti qarşısında qalacaqlar. Təsadüfi
deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen konfrans çərçivəsində
bəyan etməli oldu ki, Aİ müdafiə xərclərini artıracaq. Hazırda Aİ ölkələrinin müdafiə xərcləri
İttifaqın ümumi ÜDM-nin təqribən 2%-i həddindədir. 2014-cü ildə 29 NATO ölkəsindən
(hazırda isə NATO-nun 32 üzvü var və onlardan 30-u Avropa ölkəsidir) cəmi 3-nün (ABŞ,
Böyük Britaniya, Yunanıstan) hərbi xərcləri ÜDM-nin 2%-i həddindən artıq idi. 2022-ci ildə
bu ölkələrin sayı 7 oldu. NATO təxminlərinə görə 2024-cü ildə bu rəqəm 23 olmalı idi. Lakin
reallıq başqadır. Trampın təhdidləri də məhz buna görədir. Beləliklə, Trampın bu davranışı
Avropanın hərbi xərcləri artırmasına, daha çox müdafiə və təhlükəsizliyin təminatı
istiqamətində birləşərək mühüm qərarlar vermələrinə, o cümlədən militarizasiyanın artmasına
vəsilə olacaqdır”.

Erdogan varisinin xalqi terefinden secileceyine serait yaratdi” - Şəhla  Cəlilzadə

Ş.Cəlilzadə vurğulayıb ki, ABŞ-nin Çinə birbaşa istinad etmədən onu yeni hədəf kimi
göstərib: “Təbii ki, söhbət ticarət savaşlarından gedir. Yeni dövrün əsas təzahür
formalarından biri kimi ortaya çıxan “ticarət savaşları”, ABŞ-nin tətbiq etməyə başladığı yeni
ticari tariflərə münasibət həm Avropada, həm də Çində neqativdir. Başqa ifadə ilə, Münhen
konfransında Çin və Aİ rəsmiləri bu məsələyə mənfi münasibətlərini açıq ifadə etdilər.
Həmçinin, Trampı təmsil edən ABŞ vitse-prezidenti Vens miqrasiya və söz azadlığı,
Ukraynadakı müharibəyə dəstək və s. məsələlər ilə bağlı Avropa siyasətini tənqid etdi, öz
növbəsində Böyük Britaniyanın keçmiş Baş naziri ABŞ rəsmisinin müvafiq bəyanlarını
tənqid etdi. Bütün bunların fonunda qeyd etmək olar ki, Münhen konfransı yeni dünya nizamı
üçün ortaq siyasi dilin formalaşdırılmasından daha çox, qlobal nizamın qurucularının bir-
birinə qarşı etirazlarını bəyan etdiyi, fikir ayrılıqlarının daha çox ortaya çıxdığı və çıxılmaz
vəziyyət yaratdığı bir platformaya bənzədi. Belə bir platformanın, ortaya atılan müzakirə
mövzularının hazırda Azərbaycanın qarşısında duran milli prioritetlərə və əhəmiyyətli siyasi
proseslərə hər hansı töhfə verməyəcəyini nəzərə alaraq Prezident İlham Əliyevin burada
iştirak etməməsi diqqətəlayiqdir. Halbuki, 2023 və 2024-cü illərdə baş tutan Münhen
Konfransında cənab Prezident də iştirak etmişdi. Hətta 2024-cü ildəki konfrans zamanı cənab
Prezidentin Almaniya Kansleri Olaf Şoltsun və Ermənistan Baş naziri Paşinyanın iştirakı ilə
üçtərəfli görüşü də keçirilmişdi. Lakin, ötən il ərzində biz Avropanın və məhz Almaniyanın
Cənubi Qafqaz siyasətində neytrallıqdan gedərək uzaqlaşdığını müşahidə edirik. Konfransın
bağlı qapıları arxasında Almaniya və Ermənistan müdafiə nazirliyi rəsmilərinin gizli
görüşünün keçirilməsi də bizə müəyyən ehtimallar doğurmağa imkan verir. Odur ki, bu
konfransın dünya nizamı quruculuğundan daha çox, regional münasibətlər kontekstində
münaqişələrin davam etməsi üçün hesablanan və bunun üçün alətlər yaradan bir platforma
xarakteri daşıdığı deyilə bilər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR