Onlayn ictimai-siyasi qəzet
Heç ola bilməz ki, bir böyük vəzifəli (prezident, baş nazir, ana müxalifət partiyasının sədri, nazir), şöhrətli adam qəzada həlak olsun və onun haqqında “öldürüldü”, “sui-qəsdə məruz qaldı” söhbətləri çıxmasın. Mümkün deyil.
Bu, çox qədim, fironların dövründən qalan bir psixoloji ictimai ovqatdır, cəmiyyət, kütlə böyük imkanlara malik şəxsin durduq yerdə ölməsini qəbul edə bilmir, mütləq ortada qəsd olmalıdır. Bu mülahizə təkcə qəzalarla bağlı deyil.
Yüksək vəzifəli şəxs xəstəxanada xəstəlikdən ölsə, mütləq həkimlərin əliylə sui-qəsdə məruz qalması iddia olunacaq. Adam ürəktutmasından ölübsə, yenə də bu, adi əcəl ölümü deyil, demək, onu zəhərləyiblər.
Məsələn, Türkiyənin mərhum prezidenti Turqut Özalın 1993-cü ilin aprelində gözlənilmədən vəfat etməsi hələ də müzakirə və mübahisə predmetidir. Ayrı-ayrı adamlar, xüsusilə də ailə üzvləri onun sui-qəsd qurbanı olduğunu iddia edirlər. Hadisənin üstündən 31 il keçib, amma yekun və qəti rəy yoxdur: mərhum Özal öz əcəli ilə ölüb, yoxsa onun həyatına qəsd edilib.
Türkiyənin daha bir tanınmış siyasi xadimi Muhsin Yazıcıoğlunun helikopter qəzasında həlak olması da üzərinə sirr pərdəsi çəkilmiş hadisədir. Onun da sui-qəsd qurbanı olduğu, qəzaya uğramış helikopterin qəsdən başqa nahiyədə axtarıldığı barədə iddialar var.
Fikir verirsinizsə, helikopterlə qəzaya düşən yüksək vəzifəli şəxslər çoxdur. Həm də qəzaların əksəriyyəti dağlıq ərazidə, əlverişsiz hava şəraitində baş verir. Az qala hər ay ABŞ-də hansısa bir milyarder və ya milyonçu öz şəxsi helikopterində qəzaya uğrayıb həlak olur. Buradan çıxış edərək demək olar ki, heç də bütün helikopter qəzaları sui-qəsd nəticəsində baş vermir. Bu, bir az etibarsız hava uçuş aparatıdır.
Hətta yüksək vəzifəli şəxslər gerçəkdən də sui-qəsdə, qətlə məruz qalsalar və qatil tutulsa belə, yenə iddia olunur ki, əslində bu əsl qatil deyil və qətlin motivi onun dediyindən fərqlidir, işin arxasında “başqa qüvvələr var”. İnsan fantaziyası sonsuzdur.
İndiyə qədər yüzlərlə, minlərlə belə, üzərinə süni şəkildə mübhəmlik pərdəsi çəkilmiş hadisələr olub, olur və olacaq. Qaçılmazdır.
İstənilən bu cür hadisədə, təbii ki, N qədər şübhəli məqam da tapmaq olur və bu məqamlar sui-qəsd versiyasını gücləndirir. Bu sırada həlak olmuş adamın son aylarda verdiyi qərarlar, daxili rəqibləri, xarici düşmənləri, onun mövqeyində gözü olanlar, gələcək plan və niyyətləri – hamısı sui-qəsd motivi kimi nəzərdən keçirilir.
İran prezidenti İbrahim Rəisinin və onu müşayiət edənlərin helikopter qəzasında həlak olmaları bu kateqoriyadan olan hadisədir. İndi meydan fantazyorlarındır. Onlar şübhəli şəxslərə işarə edərək İranın daxilindəki qüvvələrdən başlayacaq, Amerikaya qədər uzanacaqlar, güman gedən adları çəkəcək, sui-qəsdə səbəb ola biləcək bütün motivləri sadalayacaqlar. Bu. söhbətin çürüyü çıxana qədər davam edəcək.
Söz yox, yüksək vəzifəli şəxslərin ölümünü istəyən, qəsdinə duran adamlar həmişə və bütün ölkələrdə mövcud olublar, amma bu o demək deyil ki, bütün qəzalar mütləq sui-qəsd nəticəsidir.
Müasir dünyada bunu təşkil etmək nisbətən asan olsa da, bu hadisəni iz qoymadan başa gətirmək, sonradan isə səliqəli və hermetik şəkildə ört-basdır etmək mümkün deyil.
Müxtəlif üsullar, yollar, texnoloji avadanlıqlar, cihazlar, ekspertizalar var ki, onların vasitəsi ilə hadisənin necə baş verdiyini saniyəsinə qədər canlandırmaq, sxemini cızmaq mümkün olur.
Düzdür, indiyədək qəzaya uğrayan təyyarə və helikopterlərin çox az bir qisminin qırmızı rəngli “qara qutu”sindan ağlabatan dəlillər əldə etmək mümkün olub, amma bu. heç də yeganə dəlil-sübut qaynağı deyil.
Məsələn, ötən ilin yayında Putinin iqtiqarının hərbi qanadına asi düşmüş Yevgeni Priqojin iki ay sonra təyyarə qəzasında həlak olanda hamı bunun adi qəza olmadığını iddia etdi. Rəsmi versiya qəzaydı. Sonradan ekspertiza göstərdi ki, təyyarənin qalıqlarında partladıcı maddə qalıqları tapılıb. Son qənaət belə oldu ki, Priqojinin yanındakılardan biri təyyarənin göyərtəsində qumbara partladıb. Beləliklə, ortaya çıxdı ki, hər necə olsa da, təyyarə texniki nasazlığa görə qəzaya uğramayıb.
Rəisinin qəzaya uğradığı helikopterin qalıqları da mütləq hadisənin hansı səbəbdən baş verdiyini göstərəcək.
Bunu şübhə altına almaq, “hökumət həqiqəti gizlədir, cinayəti ört-basdır edir” kimi iddia-ittiham səsləndirmək də mümkün deyil. Çünki araşdırmanı Rəisinin öz komandasının üzvləri aparacaq.
Ən azı savadlı, ağıllı, informasiyalı adamlar sui-qəsd nəzəriyyələri üzərində təhlillər aparmamalı, mülahizələr yürütməməlidirlər. Bu, onların da, sözlərinin də sanbalını azaldır.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ