İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə iştirakçısı qonşusunun maşınını niyə yandırıb? - “Sözümün üstündə durdum”

İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qonşular arasında başlayan mübahisə məhkəmədə bitib. “Vətən müharibəsi iştirakçısı” törətdiyi əmələ görə həbs cəzası alıb.

Musavat.com xəbər verir ki, hadisəyə səbəb Elnur Qurbanovun “Shacman” markalı yük avtomobilini məhəllədə saxlaması olub.

Qonşuların və maşınların hərəkətinə mane olduğunu düşünən Hakim buna etiraz edib. Dəfələrlə Elnurdan yük maşınını həyətdə saxlamamasını istəyib.

Sonuncu mübahisə isə tərəflərin həm davası, həm də 32 yaşlı Hakimin yük maşınını yandırması ilə nəticələnib.

Əvvəlcə Hakimlə Elnur mübahisə edib. Sonra mübahisəyə Elnurun atası da qoşulub. Onlar əlbəyaxa olublar. Qonşular onları sakitləşdirə bilib. Hakim Elnura deyib ki, əgər maşını həyətdən çıxarmasa, yandıracaq. Elnur da bildirib ki, yandırsa, pulunu ödəyəcək. Hakim sözünün üstündə duracağını deyib və benzin almaq üçün yanacaqdoldurma məntəqəsinə gedib.

Hakim iki litr benzin alaraq maşının təkərlərinin üstünə töküb və yandırıb. Qonşular və Hakimin ailə üzvləri maşını söndürə biliblər. Amma Hakim “sözümün üstündə duracam” fikirlərini təsdiq etdirmək üçün növbəti dəfə 2 litr benzin alıb. Bu dəfə maşının müəyyən hissəsini yandıra bilib. Yenə də qonşular maşını söndürə bilib.

Hakim ifadəsində qonşusu ilə əvvəllər heç bir ədavətinin olmadığını deyib. Qeyd edib ki, sözünün üstündə durduğunu göstərmək üçün maşını yandırıb. O, əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş tərəf hakimdən şikayətçi olduğunu bildirib.

İstintaqla müəyyən edilib ki, yük maşınına 2 min manatdan çox ziyan dəyib.

Hakimə törətdiyi əmələ görə xuliqanlıq və özgə əmlakını məhv etməyə cəhd ittihamı irəli sürülüb. Məhkəmənin hökmü ilə Hakim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, məhkəmə istintaqı dövründə Hakim barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Lakin o, məhkəmənin çağırışlarına məhəl qoymayıb. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR