İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdhiş korrupsiya qalmaqalı...

 

İnternet resurslarında xəbər var ki, Yaponiyada nazir müavini öz gəlir deklarasiyasında 680 dolları bəyan etməyib və bu dəhşətli korrupsiya qalmaqalına görə onu istefa verməyə vadar ediblər; parlamentdə baş naziri danlayıblar, o da üzr istəyib, deyib, bir səhvdir, olub, indən belə dürüst olacağıq.

Belə xəbərlər oxuyanda adamın əli-ayağı yerdən-göydən üzülür, hiss edirsən ki, bu Yer üzündə paralel dünyalar var, məsələn, Yaponiya başqa planetdir, sənin yaşadığın ölkə başqa planet.

Daha sonra öz mediamızın xəbərlərini oxuyursan, məlum olur ki, səhhəti ilə bağlı həbsxanadan ev dustaqlığına buraxılmış Səlim Müslümov dövlətdən çırpışdırdığı vəsaitin 5-6 milyonunu qaytarıb, yerdə qalanını da yavaş-yavaş qaytarır.

Sonra xəbər verilir ki, səhhəti ilə bağlı türmədən vaxtından qabaq buraxılmış Akif Çovdarov (ləğv edilmiş MTN-nin sabiq idarə rəisi) dövlət tərəfindən müsadirə edilmiş mülklərini (30 milyon dəyərində) geri istəyir.

Onun keçmiş iş yoldaşı Mövlam Şıxəliyevin səhhəti hələlik qaydasındadır, ona görə ev dustaqlığına buraxılmayıb, amma da öz milyonluq varidatını geri tələb edir. Əlinin zəhməti ilə qazanıb axı, gedib onu-bunu podvala salıb xərac tələb etməyib.
Verdiyini geri istəyənlərdən biri də var, tez-tez saytlarda belə bir xəbər yer alır: “Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov general-mayor Akif Çovdarova verdiyi 3 milyon manatın geri qaytarılması üçün mübarizəsini davam etdirir”.

İmişlinin sabiq İH başçısı Vilyam Hacıyevin yaxası əldə olduğu üçün hələ ki bağ evindən, kabinetindən çıxan kisə-kisə dollar və avroları geri istəmək lüksü yoxdur. İnşallah, o da cəzasının üçdə iki hissəsini çəkdikdən sonra azadlığa çıxacaq, onda deyəcək, pullarımı geri qaytarın.

Alimpaşa Məmmədov (Şəmkirin sabiq İH başçısı) da elə edəcək, baxarsınız. Çünki məhkəməsində demişdi ki, sahibi olduğu 40-a yaxın avtomobili dostları bağışlayıb. Bizim camaat bağışlanan hədiyyəyə “yadigar” deyir, onu əzizləyir. O da azadlığa çıxan kimi deyəcək ki, qaytarın yadigar avtoları, taksi şirkəti açıram.

Yaponiyada isə o boyda nazir müavinini 680 dollara görə işdən çıxarırlar, a kişi. 680 dollar nədir ki? Onu adi bir işi düzəltmək üşün rüşvət olaraq bizdə ən aşağı ranqlı vəzifə adamına, kontor müdirinə versən, adama ağır söz deyər, götürməz, məcbur olarsan, heç olmasa üstünü ilk dörd rəqəmli məbləğə qədər düzəldəsən.

İşdən çıxan nazirin və ya onun müavininin varidatının (evlərinin, maşınlarının, torpaq sahələrinin, biznes strukturlarının) siyahısı azı 20-25 abzasdan, təzə sətirdən başlamadısa, hesab edin ki, adam papağını günə yandırıb, halal işləyib.

Amma Yaponoyada Fumio Kisida yazıq Takio Kamorini 680 dollara görə danlayır ki, bizi rüsvay elədin, Takio, səni Tokioda görməyim bir daha.

Əslində korripsiya və rüşvətxorluğa haqq qazandıranlar bu informasiyadan yararlana bilərlər, deyərlər, baxın, korrupsiya Yaponiyada da var. Əlbəttə, korrupsiya Yaponiyada da var, hətta Kanada və Norveçdə də. Fərq dövriyyədə, məbləğdə, miqyasdadır. Birində 680 dollara görə nazir müavininin gözünün yaşına baxmırlar, o birində 68 milyonun dalına keçən adamın özü Bakıda guya ki, ev dustağıdır, amma oğlu Londonda biznes qurur.

Başqa biri ucqar rayonda ferma açıb, həm paytaxt marketlərini süd, kəsmik, yağ-pendirlə təmin edir, həm də özü orqanik ağartı yeyir.

Korrupsiya yolu ilə qazandığı pulların sayəsində forel broyleri açanlar var. Başqa biri də Messi ilə oturub-durur, vaxtaşırı hədiyyələşirlər, ailəvi dostdurlar.

“Tərtər işi” məhkəməsində sabiq baş qərargah rəisi Nəcməddinin qapazladığı milyonlara dair ifadələrin cildləri Leninin seçilmiş əsərlərinin cildləri qədər olub, amma özü kurortlarda gəzir.

O gün Qazaxıstan vəkillərinin böyüyü demişdi ki, nə işdirsə, digər cinayətlərlə (oğurluq, quldurluq, ağır xuliqanlıq və s.) müqayisədə korrupsiya cinayətlərində ittiham olunanlar 10 dəfə çox bəraət alır.

Əcəba, nədən? Korrupsionerlər əvvəlcə böhtana məruz qalır, şərə düşür, amma sonra haqq-ədalət yerini alır, günahsızlıqları sübut edilir?

Oxumuş adamlar deyirlər ki, elə olmur. Xırda oğurluqları adətən kasıblar edir, tutulanda da əlli-ayaqlı gedirlər, amma korrupsiya cinayətində ittiham olunanların bölməyə, paylaşmağa bir şeyləri var deyə, onlar tezcənə bəraət alırlar.

Belə çıxır ki, Qazaxıstandan fərqli olaraq, bizim “ilişmiş” milli korrupsionerlərimizə haqsızlıq edilir, görün, neçə vaxtdır, içəridədirlər, amma onları buraxmırlar.

Bax, ona görə deyirəm ki, korrupsiya marafonunda yaponların bizə çatmağına çox var. Bizimkilər 680 dollara görə vəzifəsini itirən nazir müavini ilə rastlaşsalar, ona yazıqları gələr, deyərlər, “vallah, sizinki bir həyat deyil”.

İndi baxaq, görək, bizim yaponlara çatmağımıza neçə (yüz) il var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR