İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mozalan”ın 90 yaşlı rejissoru haradadır? Musavat.com-a DANIŞDI

Musavat.com-un əməkdaşı 90 yaşlı rejissor, ssenari müəllifi Ziyafət Abbasovla söhbətləşib.

Bütün ömrünü sənətə, yaradıcılığa həsr edən Z. Abbasovun filmoqrafiyasına 130-dan artıq film daxildir. “Mozalan” kinojurnalı üçün 40-a yaxın bədii və sənədli süjet hazırlayıb.

- Ziyafət bəy, necəsiniz? Uzun müddətdir ki, sizdən xəbər yoxdur...

- Belə də qızım, yola verirəm. Rəhmətlik Əlibaba Məmmədov demişkən, 90 yaşlı adam necə olar?! Açığını desəm, yaradıcılıqla bağlı heç nəyə baxmıram. 25 ildən çoxdur ki, o işlərdən uzaq düşmüşəm. Heç nə ilə maraqlanmıram.

Nardaranda yaşayıram və müsahibələrdən qaçıram.

- Fikrinizcə, dövrümüzdə yenə də “Mozalan”ın çəkilməsinə ehtiyac varmı?

- Əlbəttə. “Mozalan” çəkilməsinin əsl vaxtı indidir. Çünki müasir dövrdə sərbəstlik var və mövzu çoxdur. Təəssüf ki, indi də “Mozalan” çəkən yoxdur.

ZİYA.jpg (71 KB)

- Evdə günləriniz necə keçir, sənət yoldaşlarınızdan arayan-axtaran varmı?

- Evdə heç nə ilə məşğul olmuram. Yatıram, dururam, yenə də eyni şeylər. Qızım, gəlinim gəlib yeməyimi bişirib gedirlər. Tək yaşayıram. Həyat yoldaşımı 45 ildir ki, itirmişəm. Nəvələrim, nəticəm var. Sənət yoldaşlarımdan Rasim Balayevlə telefonla danışırıq. Bəzən də dostlarım zəng edib maraqlanırlar.

- Film çəkilişləri, yaradıcılıq üçün darıxmırsınız ki?

- Darıxmaqdan keçib, vaxtımı gözləyirəm...

Gördüyümü daha görmüşəm də. Fəal işlədiyim günlər hərdən lent kimi gözümün önündən keçir. Amma nə etmək olar .

- Dövrümüzdə baş verən prosesləri, xəbərləri izləyirsinizmi?

- Televiziyalardan izləyirəm. İndi dünyada aləm bir-birinə dəyib. İran-İsrail müharibəsini kədərlə izləyirəm. İndi sanki insanların ölümünə xidmət göstərirlər. Sevinirlər ki, atom silahı icad etmişik. Belə sevinc olar?! Dünyanı çox bərbad hala salıblar, ay qızım. Bu dünya mənlik deyil.

- “Mozalan”ın çəkilişlərindən danışardınız. Nələri xatırlayırsınız?

- Çətindir, mənim üçün onlar keçmişdə qalıb. İndi tərk dərdim canımın sağlam olmasıdır. Günün çox hissəsi təzyiqdən əziyyət çəkirəm. Yataqda çox vaxt oluram. Həyatdır da, gördüyümüzü görmüşük.

Qeyd edək ki, Ziyafət Abbasov 1935-ci ildə Bakıda anadan olub. Burada 31 nömrəli orta məktəbi bitirib. Özünün dediyinə görə, hələ uşaqlıq illərindən incəsənətə böyük maraq göstərib. Elə bu maraq onu Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə yönləndirib. O, burada 1963–1968-ci illərdə məşhur opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabskinin oğlu Rza Sarabskinin kursunda təhsil alıb. Eyni zamanda, fəlsəfi-psixoloji üslubun ustadı, tanınmış rejissor və pedaqoq Mehdi Məmmədovun tədris etdiyi estetika fənnindən də faydalanıb.

İnstitutu bitirdikdən sonra, 1968-ci ildə Azərbaycan Televiziyasında radio verilişlərinin rejissoru kimi fəaliyyətə başlayıb. Bir müddət sonra baş rejissor vəzifəsinə irəli çəkilib. 1974-cü ildən etibarən isə yaradıcılıq yolunu “Azərbaycanfilm” kinostudiyasında davam etdirib.

ZİYAFET.jpg (83 KB)

Həmin dövrlərdə kurs yoldaşları – tanınmış kino xadimləri Akif Rüstəmov, Arif Həbibi, Rauf Nağıyev də kinostudiyada fəaliyyət göstərirdilər. Televiziya dövründən tanıdığı və dostluq etdiyi rejissorlar Arif Babayev və Kamil Rüstəmbəyovla da burada əməkdaşlığını davam etdirib. Görkəmli aktyor Həsənağa Turabovla yaxın dostluq münasibətləri olub və məhz onun vasitəsilə Eldar Quliyev və Rasim Ocaqovla tanış olub. Ziyafət Abbasov həmin illərdə kinostudiya kollektivinin böyük əksəriyyəti ilə tanış və dost münasibətində olub.

1974-cü ildə Cəmil Əlibəyov Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsindən “Azərbaycanfilm”in direktoru vəzifəsinə təyin edildikdən sonra Ziyafət Abbasovu da kinostudiyaya dəvət edib. Beləliklə, o, artıq doğma hesab etdiyi bu məkanda rəsmi fəaliyyətə başlayıb.

Onun yaradıcılıq irsi olduqca zəngindir – filmoqrafiyasında 130-dan çox film yer alır. “Azərbaycanfilm”də işlədiyi illərdə “Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxına daxil olan “Bağçada rahat yer” novellasını, “Onun bəlalı sevgisi” bədii filmini, “Müqəddəs torpaq”, “Ümid qapısı”, “Gözəlliklər diyarı” kimi sənədli filmləri ərsəyə gətirib. “Abşeronda subtropik bitkilər” (Eldar Quliyevlə birgə) və “Lalə” qızlar ansamblı” sənədli filmlərinin ssenari müəllifi olub. 1974–1978-ci illərdə kinoaktyor şöbəsində bədii rəhbər kimi də fəaliyyət göstərib.

Ziyafət Abbasovun adı xüsusilə “Mozalan” satirik kinojurnalı ilə assosiasiya olunur. 1982–1984-cü illərdə jurnalın bədii rəhbəri, 1984–1998-ci illərdə isə baş redaktoru olub. Bu müddətdə o, ictimai əhəmiyyət daşıyan, sosial problemlərə toxunan 40-a yaxın sənədli və bədii süjetin ərsəyə gəlməsinə rəhbərlik edib. “Mozalan” vasitəsilə gündəmi silkələyən, insanları düşündürən və bəzən də problemlərin həllinə təkan verən filmlərə imza atıb. Eyni zamanda “Ailə” bədii filminin prodüserlərindən biri olub.

Ziyafət Abbasov 1994-cü ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru təyin edilib və 2001-ci ilə qədər bu vəzifədə çalışıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR