Onlayn ictimai-siyasi qəzet
“Mövsümi viruslar zamanı antibiotiklərin istifadəsi çox yanlış bir yanaşmadır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, antibiotiklər bakterial infeksiyaları müalicə etmək üçün nəzərdə tutulub və viruslara təsir etmir:
“Virus infeksiyaları, məsələn, qrip və ya soyuqdəymə zamanı antibiotiklərin istifadəsi yalnız faydasız deyil, həm də təhlükəli nəticələrə səbəb ola bilər. Həkim nəzarəti olmadan antibiotiklərin istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb ola bilər. Bu, gələcəkdə müalicəni çətinləşdirir. Antibiotiklər bədəndəki faydalı bakteriyaları da məhv edir. Bu isə bağırsaq pozuntularına, immun sisteminin zəifləməsinə və göbələk infeksiyalarına yol aça bilər”.
Z.Quliyev qeyd edib ki, özbaşına dərman istifadə edərək simptomları müvəqqəti azalda bilərsiniz, lakin bu, xəstəliyin əsl səbəbini gizlədə və düzgün diaqnoz qoyulmasını çətinləşdirə bilər:
“Dərmanların çoxu müəyyən yan təsirlər yarada bilər. Həkim məsləhəti olmadan qəbul edildikdə, bu təsirlər daha ağır ola bilər (məsələn, allergik reaksiya, ürəkbulanma, qaraciyər və böyrək zədələnməsi). Özəlliklə uşaqlarda və yaşlılarda ciddi risklər yarana bilər. Bundan əlavə qeyd edim ki, bəzi vətəndaşlar kağız reseptə qida əlavələrini də yazılmasını bildirirlər. Vətəndaşlar bilməlidir ki, bioloji aktiv qida məhsulları orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədi ilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bioloji aktiv qida məhsullarının reseptə yazılması qadağandır”.
Mütəxəssis-ekspert bildirib ki, səhiyyə sistemi inkişaf etmiş ölkələrdə və Azərbaycanda artıq elektron resept sistemindən istifadə edilir:
“Bu sistem Azərbaycan səhiyyəsinin inkişafı üçün çox böyük önəm kəsb edir. Elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır. Ən vacibi - elektron reseptlə alınan dərmanlar dövlət qeydiyyatından keçir və keyfiyyəti yoxlanılır, bundan əlavə bioloji qida əlavələrini bur yazmaq mükün deyil. Çox rahat şəkildə həkimlərdən elektron resept tələb edə bilərsiniz. Əgər aptek, həkim elektron reseptdən imtina edərsə, o zaman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “bir pəncərə” sistemi, “Qaynar Xətt”i (012 596 07 12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə müraciət edə bilərsiniz. Bu halda araşdırılma aparılır. Qeyd edim ki, elektron reseptin istifadəsi çox rahatdır”.
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ