İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya ŞOK:“Ukraynanın əks-hücum əməliyyatı hələ indi başlayır...”

Rövşən Məhərrəmov: “Qərb uzaqmənzilli raketləri verəndən, F-16-lar gələndən sonra...”

 “Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğur potensialı var. Ukrayna ordusunun nəyə nail ola biləcəyini yaxın bir neçə ay göstərəcək”.

“Yeni Müsavat” xəbər verir ki, bunu “Ukrinform”a müsahibəsində ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter deyib.

“İnanıram ki, hər şey hələ indi başlayır. Yəni əks-hücumun necə inkişaf edəcəyini görmək üçün hələ çox vaxtımız var. Hərçənd çox çətin olacağına şübhə yoxdur”, - deyə o bildirib.

Karpenter xatırladıb ki, hücum əməliyyatları müdafiə əməliyyatlarından daha çox resurs, o cümlədən insan resursları tələb edir: “Bundan əlavə, rus qoşunları cəbhə xəttində geniş əraziləri minalayıb. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları çətin olacaq, amma uğur qazana bilər. İndiki mərhələdə çox proqnoz vermək istəməzdim. Amma təbii ki, Ukraynanın uğur əldə etmək potensialı var. Və imkan olarsa, işlər sürətlə inkişaf edə bilər”, - ABŞ nümayəndəsi vurğulayıb.

Onun qənaətincə, Ukrayna ordusu çox yaxşı təlim keçib. Onların qətiyyətli olmasını və yüksək döyüş əhval-ruhiyyəsini mühüm üstünlük kimi göstərib. ABŞ nümayəndəsi vurğulayıb ki, ukraynalılar öz doğma torpaqlarını azad edir, ailələrini və şəhərlərini Rusiyanın amansız təcavüzündən qoruyurlar. “Halbuki rusların belə motivasiyası yoxdur və əraziləri ələ keçirmək üçün yalnız imperialist mülahizələrdən çıxış edirlər. Fikrimcə, qətiyyət, mənəviyyat baxımından Ukrayna tərəfinin açıq üstünlüyü var”, - deyə o bildirib və ardınca deyib ki, Ukrayna bütün lazımi silahları almağa davam edərsə, döyüş meydanında nəticə göstərə bilər.

O, həmçinin əmindir ki, Ukrayna dövləti bu müharibədə qalib gələcək, çünki söhbət ukraynalıların bir millət kimi sağ qalmasından gedir.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya koordinatoru Con Kirbi isə deyib ki, ABŞ Ukraynaya əks-hücum etmək üçün istədiyi hər şeyi verib, lakin irəliləyiş arzu olunandan daha yavaşdır.

“Ukraynalılar başa düşür ki, vaxt onların tərəfində deyil və payızın başlanğıcı ilə manevr etmək, PUA və hava hücumundan müdafiə sistemlərindən istifadə etmək çətinləşəcək. İşlər Ukrayna Prezidenti Vladimir Zelenskinin istədiyi qədər sürətlə getməsə də, Ukrayna ordusu bir sıra irəliləyişlər əldə edir”, - Kirbi əlavə edib. Yaxın həftələrin, ayların gözləntisi nədir?

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov hesab edir ki, Ukrayna tez bir zamanda əməliyyatlarını uğurla başa çatdırmalıdır: “Artıq iki ilə yaxındır ki, müharibə gedir. Rusiyanın xüsusi əməliyyat adı altında keçirdiyi bu əməliyyat iflasa uğrayıb. Bilirsiniz ki, Ukrayna sovetlər dönəmindən qalan, arsenalında olan bütün silahları başqa dövlətlərə satmışdı, ordusu da iflic vəziyyətə düşmüşdü. Ruslar birinci Krımı, Donbasın bir hissəsini işğal etdikdən sonra Amerika başda olmaqla NATO dövlətləri Ukrayna ordusunun döyüş qabiliyyətinin artırılması ilə məşğul oldular. Müəyyən nailiyyətlər də əldə etdilər. Ukrayna ordusu müasir silahlarla təmin edildi. Hər halda orduda artıq nizam-intizam yaranıb. Ukrayna artıq başa düşmüşdü ki, Rusiya ilə müharibəyə hazırlaşmaq lazımdır.

Bu hazırlıq prosesi də Qərb dövlətləri, Amerika tərəfindən uğurla aparılırdı. Hansı ki, bu gün döyüş meydanında Ukraynanın on minlərlə hərbi qulluqçusu Rusiyaya müqavimət göstərir. Bilirsiniz ki, müharibənin ilk günündə ruslar Kiyevin ətrafına kimi gəlib çatmışdılar. Ukrayna xalqı döyüşkən olduğu üçün onların bir hissəsini məhv etdi, ərazilərinin xeyli hissəsini geri qaytardı. Baxmut istiqamətində Rusiya böyük qüvvə itirdi, yüz mindən çox qüvvəsi sıradan çıxardı. Bu da Ukrayna ordusunun döyüş qabiliyyətindən xəbər verirdi.

Bildiyiniz kimi, Amerikada, Polşada, Böyük Britaniyada Ukrayna hərbçilərini çox yüksək səviyyədə hazırlayırdılar. 3 döyüş korpusu hazırlanıb. Bu korpuslar tam döyüş qabiliyyəti olan korpuslardır. İndiyədək o korpusdan çox az miqdarda hücum əməliyyatlarından istifadə ediblər. Hücum əməliyyatı çox çətin olur. Ruslar işğal etdikləri ərazilərdə böyük istehkam işləri görüblər. Bütün əraziləri demək olar ki, minalayıblar. Bu əraziləri azad etmək müəyyən çətinliklər yaradır. Bildiyiniz kimi, Amerika başda olmaqla Qərbdən alınmış ağır texnikaların bir hissəsi döyüş başlamamış minalı ərazilərdə sıradan çıxdı. Bunu ruslar əllərində bayraq edərək, bəyan edirdilər ki, biz Ukrayna texnikalarını məhv etmişik. Belə təbliğatla sanki təskinlik tapırdılar.

Amma bu, belə deyildi. Çünki həmin texnikaları minalar sıradan çıxarmışdı. Qərbdə hərbi yönümlü institutlar araşdırmalar aparırlar. Son zamanlar Ukrayna çox böyük silahlarla təmin olunur. Fransa tərəfindən uzaqmənzilli raketlər verilir. Fransaya dəstək olaraq, Almaniya da uzaqmənzilli raketlər verəcəyini bəyan edib. Bu raketlərdən istifadə hesab edirəm ki, Ukrayna ordusunun hücum əməliyyatlarına daha da güc verəcək. Bundan əlavə, F-16 məsələsi də gündəmdədir. Ukrayna pilotlarını bu dəqiqə F-16-lar üzərində hazırlayırlar. Bunlar gəldikdən sonra Ukrayna ordusu hücumlarını daha da gücləndirəcək. Minalanmış ərazilər nə qədər tez təmizlənsə, bir o qədər hücum əməliyyatı sürətli olar.

Bir məsələni də unutmayaq ki, indiyə qədər bu formada dəstək olmadan Ukrayna ərazilərinin bir hissəsini azad edib. Azadetmə prosesi davam edir. Güman edirəm ki, Qərbin, Amerikanın və NATO dövlətlərinin uzunmənzilli raketləri veriləndən sonra Ukrayna ordusunun uğurları daha da artacaq. Ukrayna tərəfi qışa qədər prosesi başa çatdırmalıdır. Çünki qışda hücumlar çətin olur. Hər şey şəraitdən asılıdır. İndi hücumları həyata keçirmək üçün əlverişli vaxtdır. Bunu Ukraynanın hərbi siyasi rəhbərliyi çox gözəl bilir ki, bunları qısa müddətdə həyata keçirməlidir".

Hərbi ekspert qismən də olsa, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirildiyini də qeyd etdi: “Pilotsuz uçuş aparatlarını artıq Ukraynanın hava hücumundan müdafiə sistemləri məhv edir. Amma bu kifayət deyil. Bu silahlar da artırılmalıdır. Ona görə ki, hücum müddətində ruslar uzunmənzilli raketlərlə qoşunların arxa tərəfini vuracaq. Qoşunların cəmləşdiyi yeri vurmaq o deməkdir ki, qarşıdan gələn yardımın qarşısını alacaqlar, yəni qoşunların hərəkətinin qarşısını alacaqlar. Bu da bir taktiki addımdır. Bütün dünya ordusunda bu belədir. Həmçinin ruslar da o istiqamətdə öz işlərini görəcəklər. Ən əsası isə, Ukrayna ordusunun Qərbdə hazırlanan üç korpusu döyüşə girməli, döyüş əməliyyatını həyata keçirməlidir. Bildiyiniz kimi, Amerikanın dəniz piyadaları Ukraynanın dəniz piyadalarını hazırlayıb. Bunlardan bütün çayların, hovuzların dəf edilməsində istifadə ediləcək. Bu barədə ABŞ tərəfindən açıqlama olub. Bu qoşunlardan daha çox Krım, Donbas və Luqansk istiqamətində istifadə olunacaq.

Hazırda bundan tam şəkildə istifadə etmirlər. Biz görürük ki, indiyə qədər Ukrayna ordusu kiçik qruplarla hücum edir və müəyyən uğurlar əldə edirlər. Buna səbəb də minalanmış ərazilərdir. Son zamanlar Rusiyanın bir sıra infrastrukturlarının vurulması kimi hallar daha da artacaq. Artıq Rusiyanın mərkəzi şəhərlərində də partlayış səsləri eşidəcəyik. Krım körpüsü indiyə qədər iki dəfə partladılıb və uğurlar əldə olunub. Belə strateji yerlərin vurulmasını uzaqmənzilli raketlər və PUA-lar vasitəsilə davam etdirəcəklər. Ukraynanın hava hücumundan müdafiə sistemləri o qədər artırılmalıdır ki, Rusiyanın uzaqmənzilli raketlərini məhv edə bilsinlər. Kirbinin gözlənti dediyi hesab edirəm ki, həmin uzaqmənzilli raketlərdir. PUA-ları da nəzərdə tuturam. Onların olması çox vacibdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR