Onlayn ictimai-siyasi qəzet
Rusiyada törədilmiş dəhşətli terror aksiyası beynəlxalq məkanda gərginliyi maksimum həddə çatdırıb. Hazırda Rusiya xüsusi xidmət servisləri bu bəşəri cinayətin arxasında dayanan sifarişçinin müəyyən edilməsi ilə məşğuldurlar. Hətta bu barədə müəyyən məlumatların olduğunu da qətiyyən gizlətmirlər. Və bu, o deməkdir ki, yaxın vaxtlarda daha konkret məlumatlar gündəmə gətirilə bilər.
Onu da qeyd etmək lazımdır ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu məsələ ilə bağlı qısa açıqlamasında Kremlin əsas versiyasını ictimailəşdirib. O, bildirib ki, "Crocus City Hall"da törədilən terror aktının arxasında Ukrayna dayanır. Halbuki, bu terror aktının törədilməsindən qısa bir müddət sonra ABŞ rəsmiləri açıqlama verərək, vurğulamışdılar ki, Ukraynanın bu cinayətdə iştirakına dair hər hansı fakt mövcud deyil.
Təbii ki, bu, kəskin ziddiyyət təşkil edən önəmli məqamdır. Belə ki, Ukrayna ilə müharibə aparan Rusiya "Crocus City Hall"da törədilmiş terror aktına görə rəsmi Kiyevi ittiham edir. Ancaq Rusiya ilə savaşda rəsmi Kiyevə dəstək verən ABŞ Ukraynanın bu dəhşətli cinayətə bulaşmadığını vurğulayır. Və indiki situasiyada, yəni, dəqiq faktlar, sübutlar təqdim edilənə qədər hansı tərəfin haqlı olduğunu müəyyən etmək mümkün olmayacaq.
Ancaq Kremldə bu məsələ ilə bağlı daha ciddi əminlik olduğu da qətiyyən diqqətdən yayınmır. Belə ki, Rusiya siyasi dairələri ABŞ və Qərbin hadisələri yalnız öz geopolitik maraqları çərçivəsində şərh etdiklərini düşünürlər. Prezident Vladimir Putin bu barədə danışarkən, vurğulayıb ki, “Qərb nə qədər hər şeyi öz xeyrinə təhrif etməyə çalışsa da, Rusiya öz maraqlarından çıxış etməlidir”. Kreml sahibi hesab edir ki, Rusiya Qərbin istənilən situasiyanı öz xeyrinə dəyişmək cəhdlərini nəzərə almalıdır və buna imkan verməməlidir.
Belə anlaşılır ki, "Crocus City Hall"da törədilmiş dəhşətli terror aktı Rusiyanın ABŞ və Qərblə geopolitik savaşına da birbaşa təsir göstərə bilər. Hər halda, bu geopolitik savaşın yaxın vaxtlarda daha amansız xarakter ala biləcəyi qətiyyən istisna deyil. Üstəlik, qarşıdurma coğrafiyasının indikindən daha geniş olacağı da şübhə doğurmur. Və bu baxımdan, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslər hazırda əsas qarşıdurma istiqamətləri sırasına daxildir.
Məsələ ondadır ki, ABŞ və Qərbin Rusiya əleyhinə başlatdığı hibrid savaş Ukraynadan sonra hazırda məhz Ermənistanın üzərində indeksləşib. Kreml Ermənistanı ABŞ və Qərbə güzəştə getməyəcəyini indi daha sərt şəkildə gündəmə gətirməyə çalışır. Hətta Rusiya siyasi dairələri bundan sonra Ermənistana və rəsmi İrəvanın davranışlarına əvvəlkindən fərqli keyfiyyətdə diqqət ayıracaqlarına dolayısı eyhamlar vururlar. Və bu, Paşinyan hakimiyyəti üçün təhlükəli situasiyanın o qədər də uzaqda olmadığını biruzə verir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ermənistan və erməni xalqı ilə müttəfiqliyi davam etdirməkdə maraqlı olduğunu bildirib. Ardınca isə hazırda qarşılıqlı münasibətlərin olduqca qəliz olduğunu vurğulamaqla yanaşı, Rusiyada yaşayan ermənilərin sayının Ermənistandan daha çox olduğunu qabardıb: "Rusiyada yaşayan ermənilərin iqtisadi fəaliyyəti Ermənistan büdcəsinin formalaşmasında xüsusi rol oynayır. Ermənilər hər il Ermənistana bir neçə milyard dollar həcmində maliyyə vəsaiti köçürürlər".
Bu açıqlamadan belə başa düşmək olar ki, Kreml rəsmisi Ermənistanın Rusiyadan maliyyə köçürmələri hesabına ayaqda qala bildiyini dolayısı ilə rəsmi İrəvanın diqqətinə çatdırmağa çalışır. Yəni, Kreml həmin maliyyə köçürmə prosesini nəzarətə alıb, məhdudlaşdırarsa, bu, Ermənistanda dərin sosial-iqtisadi böhrana yol aça bilər. Və bu baxımdan, rəsmi İrəvanın istər-istəməz Qərbin təlimatları ilə Rusiyaya qarşı atdığı təxribat xarakterli addımlara diqqət yetirməsi qaçılmaz olacaq.
Kremlə yaxınlığı şübhə doğurmayan rus politoloq İqor Korotçenkonun bu məsələ ilə bağlı açıqlaması da Rusiyanın Cənubi Qafqazdakı proseslərə əvvəlkindən daha fərqli faktorlar üzərindən yanaşa biləcəyini biruzə verir. Belə ki, rus politoloq vurğulayıb ki, "Crocus City Hall"da törədilmiş dəhşətli terror aktı ilə bağlı Rusiya siyasi dairələrində ümumi qənaət bu cinayətin arxasında Qərbin dayandığına yönəlikdir: "Əgər, terror aktı ilə bağlı faktlar və sübutlar Qərb kuratorlarına doğru apararsa, Rusiyanın bir çox geopolitik proseslərə münasibətdə mövqeyi sərtləşəcək. Xüsusilə də, rəsmi İrəvana Kremlin Ermənistanın Qərblə yaxınlaşması ilə bağlı sualları artacaq".
Təbii ki, belə olacağı təqdirdə, Rusiyanın həmin suallarına mütləq cavab vermək lazım gələcək. Hər halda, Kreml rəsmi İrəvana bundan sonra "cavabsız suallar taktikası" üzrə Rusiya ilə müttəfiqlikdən yayınmaq şansı tanımaq niyyətində deyil. Çünki Kremldə Ermənistanın son davranışlarının Rusiya üçün hansı yeni problemləri vəd etdiyini tam dəqiqliyi ilə anlayırlar. Və bu problemlərin geopolitik böhran yaranmasına imkan verməmək üçün Kremlin priventiv addımlar ata biləcəyi qətiyyən istisna deyil.
Hər halda, Kreml təmsilçisi Dmitri Peskovun və rus politoloq İqor Korotçenkonun açıqlamalarında rəsmi İrəvanı narahat etməli olan məqamlar mövcuddur. Paşinyan hakimiyyəti həmin məqamların arxasında gizlənən dolayısı eyhamları "qulaqardına vurarsa", Ermənistan üçün daha böyük problemlər qaçılmaz ola bilər. Xüsusilə də, Paşinyan hakimiyyəti Rusiyanın Cənubi Qafqaz maraqlarını hədəfə alıb, Kremlə geopolitik zərbə vurmaqdan öncə bu barədə daha ciddi düşünməlidir. Əks halda, səbri tükənməkdə olan Kremlin cavab reaksiyası Ermənistan üçün taleyüklü xarakter daşıya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ