İnsanlara hürriyət, millətlərə istiqlal!

Mono Liza niyə “terror” olunur? – 6 hücumun gizlinləri

Xəbər verdiyimiz kimi Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər. Məlum olub ki, hadisəni ekoloji fəallar törədib. “Frans Press” agentliyi məlumat yayıb.

“Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir.

Qeyd edək ki, “Mono Liza” əsəri ilk dəfə deyil hücumla qarşılaşır. Bundan əvvəl portretə nə az nə çox, 5 dəfə hücum edilib.

“Mona Liza” (italyan dilində “Monna Lisa” və ya “La Gioconda”, fransız dilində, “La Joconde” ) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portretidir. “Mona Liza” "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir. Bu həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir.

Gioconda_copia_del_Museo_del_Pra.jpg (1.71 MB)

1962-ci ildə 100 milyon dollar dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri 800 milyon dollara çatmışdır.

Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır. Lakin ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam edib. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir..
Xatırladaq ki, İtaliya incəsənət xadimləri 2013-cü ilin sentyabr ayında Fransa hökumətinə müraciət edərək "Mona Liza" əsərini bir aylıq öz ölkələrində nümayiş olunmasını istəmişdilər. Onlar bunu həm də sentyabr ayında əsərin Florensiyada nümayişinin yüz ilinin tamam olması ilə əlaqələndiriblər.

Lakin Fransa Leonardo da Vinçinin məşhur əsəri "Mona Liza"nı İtaliyaya verməkdən imtina edib. Fransanın mədəniyyət nazirinin müavini Vinsent Berjo italiyalı həmkarının rəsmin İtaliyada müvəqqəti nümayişi ilə bağlı yazdığı məktuba cavab olaraq bu rəsm əsərinin Luvr muzeyinin beynəlxalq nüfuzunda vacib rol oynadığını və bunsuz muzeyin fəaliyyət göstərməsinin mümkünsüzlüyünü bildirib.

poster (1).jpg (134 KB)

Onu da qeyd edək ki, Florensiyada 1913-cü ildə "Mona Liza" əsəri nümayiş olunub və rəsm əsəri oğurlanıb. Onu italiyalı Vinçenço Ufiççi oğurlayaraq satmaq istəyib. Lakin oğru rəsm əsərini satarkən yaxalanıb və "Mona Liza" Fransaya qaytarılıb.

Portretə ilk dəfə hücum 1956-cı ildə baş verib. Belə ki, vandal bir şəxs portretə hücum edərək onun üstünə kimyəvi turşu atır və nəticədə portretin bir hissəsi zədələnir. Həmin ilin 30 dekabrında əsərə daş atılması nəticəsində onun sol əli yaxınlığında hissə zədələnir və sonradan bərpa edilir.

Bu hadisələrdən sonra "Mona Liza"nın müdafiə edilməsi üçün gülləkeçirməyən şüşədən istifadə edilməsi qərara alınır. 1974-cü ilin aprelində Tokyo Milli Muzeyində əsərin sərgilənməsi zamanı muzeyin məhdud imkanlı şəxslərlə bağlı siyasətindən narazı olan qadın əsərə qırmızı sprey boya ilə hücum edir. 2 avqust 2009-cu ildə Fransa vətəndaşlığı ala bilməyən rusiyalı bir qadın muzeydən aldığı keramik qədəhi əsərə ataraq onu zədələməyə çalışsa da, qədəh şüşəyə dəyərək yerə düşür. Hər iki hadisə zamanı əsər zədələnməyib.

29 may 2022-ci ildə əlil arabasına oturmuş və qadın pariki taxmış muzey ziyarətçisi əsəri qoruyan gülləkeçirməz şüşəyə tort atır. Hadisə nəticəsində əsərə heç bir ziyan dəymir. Zaldan çıxarılan zaman həmin şəxs qışqıraraq insanları "dünyanın gələcəyi haqqında düşünməyə" çağırıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR