Onlayn ictimai-siyasi qəzet
Moldova statistiklərinin məlumatına görə, respublikada satılan pomidorların yalnız üçdə biri yerlidir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Moldovada tərəvəzçilik sənayesində yaranmış böhranın əsas səbəbi quraqlıq və suvarma sistemlərinin olmamasıdır. Qaqauz muxtariyyətinin aqrar sahəyə məsul baş idarəsinin rəisi Sergey İbrişim bildirib ki, əsas səbəb ənənəvi bazarların, ilk növbədə Rusiya bazarının itirilməsidir. Ancaq Qaqauziyanın kənd təsərrüfatı məhsulları Rusiyada qəbul edilir və bu, muxtariyyətə kömək edir.
Çərşənbə günü “Fermerlərin Gücü” assosiasiyasının rəhbəri Aleksandru Badarau Moldova prezidenti Maya Sandu ilə görüşüb. Görüşdə respublikanın kənd təsərrüfatı sektorunun hidroloji quraqlıqdan sonra düşdüyü vəziyyət, xüsusən də ölkənin cənubunda günəbaxan və qarğıdalı əkinlərini, demək olar ki, məhv etmiş, digər əkinlərə də mənfi təsir göstərmiş vəziyyət müzakirə edilib.
Yardımla bağlı konkret razılaşmaya ümid edən fermerlər prezidentlə görüşdən narazı qalıblar. Maya Sandu deyib ki, kənd təsərrüfatında böyük dəyişikliklərə ehtiyac var.
Qeyd edək ki, fermerlər artıq 3 ildir ki, bundan danışır və texnikalarını Moldova hökumət binasının qarşısındakı meydana gətirirlər. Bütün bu müddət ərzində fermerlər quraqlıqdan zərər çəkmiş kənd təsərrüfatı sektoruna kömək üçün tədbirlər görmək üçün hakimiyyət orqanlarına lobbiçilik edirdilər. Moldova parlamenti müvafiq qanun qəbul edib, lakin kəndlilər bunun durumu daha da pisləşdirdiyini deyirlər.
Oktyabrın 10-da, prezident seçkilərinə 10 gün qalmış moldovalı fermerlər Kişinyovda kütləvi etiraz aksiyasına çıxacaq və yenidən dövlət yardımı almaq hüquqlarını bəyan edəcəklər. Bu arada onlar kənd təsərrüfatı naziri Vladimir Bolyanın istefasını və parlamentin qəbul etdiyi aqrar qanuna yenidən baxılmasını tələb edirlər. Ölkənin cənubunda yerləşən və xüsusilə quraqlıqdan əziyyət çəkən Qaqauz muxtariyyətinin fermerləri də aksiyaya qoşulmaq niyyətindədirlər.
Milli Statistika Bürosunun məlumatına görə, quraqlıq və suvarma sistemlərinin olmaması Moldova tərəvəzçilərini pomidor, xiyar və bibər yetişdirməkdən imtinaya məcbur edir. 2004-cü ildə Moldovada açıq sahədə 10 min hektardan çox, 2023-cü ildə 4 min hektar sahədə tərəvəz yetişdirilib. Əgər 2004-cü ildə Moldova tərəvəzçiləri 86,6 hektar sahədə istixanalarda tərəvəz yetişdirirdilərsə, 2023-cü ildə bu sahə cəmi 30,9 hektar olub.
Belə şəraitdə Moldova ildən-ilə daha çox tərəvəz idxal edir. Pomidorlar əsasən Türkiyə, Hollandiya və Rumıniyadan gətirilir. 2023-cü ildə 11 min tondan çox tərəvəz idxal edilib və bunun az qala yarısı türk pomidoru olub.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ