Onlayn ictimai-siyasi qəzet
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır. APA-nın xəbərinə görə, bu fikirləri “Al Jazeera” telekanalına müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan səsləndirib. O vurğulayıb ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək. Nəzərə çatdıraq ki, kommunikasiyaların bugünədək açılmaması məhz Ermənistanın təxribatçı siyasətinin nəticəsidir. İndi belə görüntü var ki, İrəvan Azərbaycan və Türkiyə ilə normal qonşuluqdan başqa çıxış yolu olmadığını - reallıqları dərk edib. Bəs bundan sonra necə davranacaqlar? Yenə də siyasi manevrlər edərək vədlərindən qaçacaqlar, yoxsa əməli işlərə keçəcəklər? Bunun üçün onlar ilkin hansı addımları atmalıdır?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Ararat Mirzoyan Qətərdə səfərdə olarkən “Əl-Cəzirə”yə bir sıra açıqlamalar verib. Erməni xarici işlər naziri müsahibəsində həm Moskva, həm də ABŞ və Avropa ilə münasibətlərin inkişafına çalışırlar: “Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsi bağlanması üçün atılan addımlardan da bəhs edib. Qeyd edib ki, Azərbaycanla həqiqi sülhün bərqarar olması, ərazi bütövlüyünün tanınması üçün sərhədlərin demarkasiyasi, demilitasiyası tədbirlər görülür. Bu tədbirlər 1991-ci ildə Almatı deklorasiyası üzrə gerçəkləşir. Yəni 1991-ci ildə Azərbaycanla Ermənistanın arasında hansı sərhədlər olubsa, həmin sərhədlərin bərqərar olunması istiqamətində addımlar atılır”.
Deputat bildirib ki, Ermənistanın xarici işlər nazirinin çıxışı göstərir ki, qarşı tərəf reallığı anlamağa başlayıb: “Bunun özü çox müsbət bir məsələdir. Ararat Mirzoyan bütün beynəlxalq kommunikasiyaların, həm Azərbaycan, həm də Türkiyə istiqamətində açılışına Ermənistanın hazır olduğunu da bəyan edib. Məlum məsələdir ki, Erməninstan tənəzzülə uğrayan iqtisadi vəziyyətini düzəltmək istəyirsə, bu addımlar atılmalıdır. Bu gün Ermənistanın iki çıxış nöqtəsi var - İran və Gürcüstan üzərindən digər ölkələrlə əlaqə qura bilirlər. Əgər Ermənistan 3+3 formatından çıxış edərsə, təbii ki, bu, onları düşdükləri çətin vəziyyətdən çıxara bilər. Azərbaycanla sülh müqaviləsini bağlamaqla Ermənistan özünü xilas etmiş olacaq. Ararat Mirzoyanın çıxışı da göstərir ki, artıq Ermənistanda real iqtisadi-siyasi vəziyyəti anlayıblar. Başa düşüblər ki, əsassız iddialarla özünütəcrid durumuna salıblar. Təbii ki, Azərbaycan bu gün istədiyi logistik daşımaları müxtəlif istiqamətdən edə bilər və edir. Zəngəzur dəhlizi isə təkcə Azərbaycanın deyil, Ermənistanın da bu istiqamətdə dirçəlməsi üçün vacibdir. Ermənistan düşdüyü acınacaqlı durumdan çıxmaq istəyirsə, Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Erməninstan üçün beynəlxalq yolların açılmasının başqa yolu yoxdur”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ