İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyandan yeni həyasızlıq - “Artsax ordusu” erməniləri qoruyursa, sülhməramlılar Qarabağda nə gəzir?

Ermənistan 10 noyabr kapitulyasiya aktının özünə sərf eləməyən bəndlərini açıq-aşkar sabotaj yolunu tutub. Bu isə sənədin tam qüvvədən düşməsinə və hərbi əməliyyatların bərpasına gətirə bilər - İrəvan üçün bütün ciddi nəticələri ilə birgə. Keçək təzə faktlara. 

“Ermənistanın Dağlıq Qarabağda heç bir silahlı birləşməsi yoxdur. Artsax ordusu respublika (oyuncaq rejim - red.) sakinlərini qırılıb məhv olmaqdan qoruyur”.

“Yeni Müsavat”ın məlumatına görə, belə bir həyasız iddianı srağagün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin hakim “Mülki müqavilə” partiyasından olan deputatların suallarını cavablandırarkən irəli sürüb.

Onun sözlərinə görə, “Qarabağ özünümüdafiə ordusu”nun  adının özü onun birbaşa məqsədindən xəbər verir. “Bu gün ona (qanunsuz silahlı dəstələrin qalmasına - red.) həmişəkindən daha çox ehtiyac var. Onlar (azərbaycanlı hərbçilər - red.) Dağlıq Qarabağ ermənilərinə atəş açmaqda davam edirlər. Onlar hər cür təzyiqlərə məruz qalırlar. Qazı kəsirlər. Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə təhlükəsi aradan qalxanda düşünürəm ki, Qarabağ erməniləri digər mümkün ssenariləri müzakirə edə biləcəklər. Lakin hazırda biz ancaq bunu qeyd edə bilərik ki, onların faktiki mövcudluğuna təhlükə var”, - XİN rəhbəri bildirib.

Beləliklə, A.Mirzoyan bununla, əvvəla, Azərbaycan ərazisində hələ də erməni silahlı birləşmələrinin qaldığını rəsmən etiraf edir. İkincisi, daim Azərbaycanı öz öhdəliklərini yerinə yetirməkdə suçlayan İrəvan Ermənistanın 10 noyabr sənədinin özünə aid bəndlərini icra eləmədiyini açıq-aşkar nümayiş etdirir. Çünki kapitulyasiya sənədinin 4-cü bəndində aydın şəkildə deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”. Bu sənədə isə mifik “artsax”ın nümayəndəsi (separatçılar, “artsax ordusu”) yox, Ermənistan imza atıb - işğalçı ölkə olduğunu rəsmən boynuna almaqla. Demək, erməni silahlı dəstələrinin çıxarılmasına İrəvan birbaşa məsuliyyət daşıyır. 

Üçüncüsü, qanunsuz erməni quldur birləşmələri orada qalacaqdısa, onda Rusiya hərbçiləri kimə və nəyə lazımdır və niyə Bakı onların ərazimizdə müvəqqəti yerləşməsinə icazə verib?

Başqa yandan, Azərbaycan dəfələrlə bəyan edib ki, ermənilərin vətəndaşlığımızı qəbul eləməsi kifayətdir ki, onların fiziki mövcudluğuna heç bir təhdid qalmasın? Əks halda, ərazimizi tərk eləməlidirlər. Bakı bundan artıq nə təklif eləməlidir?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə: “Bu, bir daha göstərir ki, Ermənistan düzələn deyil, sülh istəmir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan xarici işlər naziri Mirzəyanın deputatların suallarına verdiyi cavabları oxuduqca bir tərəfdən insanın gülməyi gəlir, bir tərəfdən də onlara qarşı qəzəbi artır: “Nə qədər xəyalpərəst və savadsız olasan ki, sən başqa bir respublikanın ərazisində oturub digər bir müstəqil respublikanın ərazisində yaşayan 20 minlik əhali ilə bağlı tələblər irəli sürəsən, onlara hansısa status istəyəsən, onların qanunsuz silahlı birləşmələrinə ”özünü müdafiə ordusu" donu geyindirəsən. Bu, bir daha göstərir ki, Ermənistan düzələn deyil, sülh istəmir. Erməni nazir Azərbaycana böhtan atmağı da unutmur, deyir azərbaycanlılar hər gün Qarabağdakı ermənilərə atəş açır, qazı kəsir, etnik ermənilərin etnik təmizləmə təhlükəsi var. Mirzoyanın bu dediklərinin hamısı əsassızdır. Hər gün atəş açan erməni terrorçu qruplardır, Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı erməni əhali bizim vətəndaşlarımızdır və onlara Azərbaycanın digər bütün vətəndaşlarına verilən hüquqları verməyə hazırdır, Azərbaycan Xankəndiyə qaz çəkilişi üçün bu yaxınlarda qərar qəbul edib və bu istiqamətdə iş gedir. Azərbaycan bundan artıq nə etməlidir. Əgər Ermənistan hakimiyyəti bütün bunlarla razılaşmırsa və Qarabağdakı ermənilərin qeydinə qalırsa, onda həmin ermənilərin Ermənistana köçüb yaşamalarına şərait yaratsın. Ararat Mirzəyan daha bir ağ yalanı öz deputatlarına deyib. O bildirir ki, Qarabağda Ermənistan Ordusunun birləşmələri, Ermənistan ordusunun hərbçiləri yoxdur. Bu yalana təbii ki, heç erməni deputatlar da inanmazlar".

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Əziz Əlibəyli: “Bölgədə bir enerji sıxışması var ki, gec-tez partlamalıdır”

Ç.Qənizadə qeyd etdi ki, ümumiyyətlə Ermənistan iqtidarının başında dayanan şəxslər qəsdən mövqelərində sürətli dəyişikliklər edirlər, həm ölkə ictimaiyyətini, həm də beynəlxalq hakimiyyəti aldadırlar: “Bununla onlar gələcəkdə öz xalqlarına daha böyük fəlakətlər, bəlalar gətirəcək siyasi kurs götürüblər. Azərbaycan ən yüksək səviyyədən bəyan edib ki, Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərin məsələsini hər hansı üçüncü dövlətlə müzakirə etməyəcək, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi Azərbaycan dövlətinin daxili işidir. Azərbaycanın bu qədər açıq mövqeyi ortada ola-ola, Ermənistan yenə də Qarabağdakı ermənilərin məsələsini qaldırırsa, bu o deməkdir ki, İrandan, Fransadan, Rusiyadan sifariş alırlar. Məqsəd bölgədə sülhün bərqərar olmasının qarşısını almaqdır. Ermənistan gec-tez başa düşəcək ki, bu yolun sonu Ermənistanın özü üçün daha ağır faciələrə gətirib çıxaracaq”.

Siyasi analitik Əziz Əlibəyli isə bildirdi ki, Qarabağ məsələsi üzərindən bir çox ölkələr konkret plana malikdirlər: “Bu da dünyada qarşıdurma meyllərinin artmasından sonra daha açıq müstəviyə keçdi. Qarabağın hazırda davam edən probleminin səbəbi İranla bağlı proseslə bağlıdır. Dünyanın gözü İrana dikilib. ABŞ Qarabağ məsələsi gündəmə gələndə Azərbaycanı müdafiə eləmir, İran məsələsi gündəmə gəlir, bu zaman Vaşinqton Azərbaycana dəstək olur. Bölgədə bir enerji sıxışması var ki, gec-tez partlamalıdır. Biz çalışırıq ki, bizdən uzaq olsun. Ermənistan isə odla oynayır və çalışır ki, Azərbaycan bu partlamanın içərisində olsun. İran məsələsi Qarabağdakı qondarma separatçı rejimin məsələsinin həll olunmasına imkan vermir. Biz onun şahidi olmaqdayıq ki, Rusiya bölgədə terrorçuların, o cümlədən özünün sülhməramlı adı ilə kontingentinin bölgədə uzun müddətə leqallaşdırılması düşüncəsindədir. Ermənistan hakimiyyəti də bu işdə onlara yardımçı olmağa çalışır. Verilən bəyanatlar həm də bunun üçündür. Azərbaycan bütün bu və digər proseslərə alterantiv həmlə olaraq addımlar atır. Məsələn, ekoloqların bölgəyə göndərilməsini qeyd etmək olar. Digər kommunikasiya xətlərinin açılmasına da ehtiyac var. Bakının sülh sazişi imzalamaq üçün də təklifləri konkret şəkildə irəli sürülüb”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR