İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mir Şahinin vaxtı” bir ayrı zaman ölçüsü, hesablama sistemidir

Mir Şahin Ağayevin 60 illik ömrünü hamının həyat ölçüləri ilə hesablamaq olmaz. Doğrudur, zaman və məkan fundamental kateqoriyalardır, ondan kənarda canlı aləm mövcud deyil. Lakin müstəsnalıqlar, qeyri-səlisliklər olmasaydı, dünya maraqsız görünərdi.

Mir Şahinin vaxtı” bir ayrı zaman ölçüsü, hesablama sistemidir və istər milad, istərsə də hicri təqvimindən tamam fərqlidir. Onun özü ayrıca etalon vahididir, çünki 60 ilə sığışdırdığı parlaq epopeyaları minlərlə insanın yaratdıqlarından daha çoxdur. Ona görə də Mir Şahini bir ayrı dünya sayanlar haqlıdılar, çünki son 30  ildə onun yaratdığı teleməkan gerçəkdən də müstəqil Azərbaycanın məğlubiyyət və Zəfər salnaməsi arasında bütün milli hiss və həyacanları, gücsüzlük və hünəri, köç və sahibliyi, nəhayət, ağlı və şüuru ötən yeni Reallığı-düşmənlərinə qalib gələn, dünyanın gedişini dəyişən xalqımızın yerin altından baş qaldıran ruhi və mənəvi enerjisini özündə əks etdirir.

Onun yubleyi millətimizin böyük bir tarixi dövrünə yekunu kimi qiymətləndirilə  bilər. Zəfər ayına çevrilən noyabrın müqəddəs günlərindən ona pay düşməsi də görünür, ilahi bir bağın göstərcisidir.

Mir Şahin Ağayevin özəl gününün Konstitusiya  bayramı ilə eyni vaxta düşməsi rəmzi bir məna daşıyır. O, telejurnalistikanın məhək daşı, məktəbi, simvolu, kanonlarını və əsas qanunlarını yaradan, dərslərini yazan görkəmli simalardandır. Üzərinə götürdüyü yük həmişə böyük olub. Asif Ata sanki belə adamları nəzərdə tutaraq, “yükümüzdən böyük fərəhimiz yoxdur” deyib. Onu öyənlər də, üstünə hücum çəkənlər də Kəlbəcər yüksəkliyindən üzü aşağı enən köçün, daha sonra Şuşaya qalxan şahinlərin ayaqları və gözləri ilə gedən Mir Şahinin heç kimə qismət olmayan missiyasına çırpılıb bir ilğım kimi yox olurlar.

Ona qalib gələ bilmirlər, çünki bir adamın yaratdığı teleproqramlar-millətimizin tarixi yaddaşının hard diskləri o qədər böyükdür ki, yad beyinlər və xaric səslər milyonlarla insanımızı Çingiz Aytmatovun məşhur əsərinin baş surətinə çevirə bilmirlər. O televətəndə daim millətin mənəvi qoruyucusu kimi çıxış edir.

Mir Şahinin Ulu öndər Heydər Əliyevlə apardığı onlarla tarixi müsahibələr içərisində ucqar bir məkanda-imperiyaya rəhbərlik edən siyasət dühasının doğma vətənində, qaranlıq günlərdə və dövrdə yanan lampa işığı sonra bir millətin yolunda mayaka çevrildi. Həmin tarixi kadrlar gerçəkdən qiymətsiz xəzinədir və iki fərqli formasiyanın liderinin Azərbaycanın taleyi ilə eyni olan həyatını, dözümünü, istedadını, gələcək Birincliyi haqq edən missiyasını göstərən parlaq mənzərədir.

Tanrı Mir Şahin Ağayevə  Zəfər Komandanı İlham Əliyevin son 3 ildə dünyanın heç bir dövlət başçısına 21-ci əsrdə hələ ki, nəsib olmayan qalibiyyət yürüşünün və Qurtuluş hərəkatını də lentlərə, sözə, telekitaba çevirməyə imkan verdi. Onun hələ barıt qoxusu çəkilməyən ilk qələbə yüksəkliklərinə-Suqovuşan vadiisinə səfəri də, Şuşanın qarı və Daşaltının sazağı içəriisindən gələn isti nəfəsi də, ən həyacanlı günlərdə Göyçə gölü, yaxud Laçın zirvəsində-düşmənə sərhəddi göstərən məntəqə-əslində isə müstəqillik məbədinin çəkildiyi meydanlarda da qəhərəman əsgərlərimizlə söhbəti Ali Baş Komandanın bir millət və ordusu ilə apardığı müqəddəs savaşın qızıl fondudur. Görünür, dünənki prezident qərarı da məhz Xüsusi Təyinatlılar kimi çalışan bir qələm adamına ölkə başçısının münasibətinin rəsmiləşməsi hadisəsidir.

Mir Şahinin dünyanın “Ol” kəlməsindən yaradılışına şübhə yeri qoymayan Söz sahibidir. O, ən adi kəlmələri enerjiyə və ruha çevirə bilir, Sözü dünyanı qoruyan ən qüdrətli mənəvi-ruhi qalxana çevirməyi bacarır. Onun ifasında Sözün qüdrəti, dilin və səsin deyil, daha çox göylərin diqtəsi kimi görünür.

Mir Şahini 60 illik yubileyi münasibətllə ürəkdən təbrik edir, cansağlığı diləklərimi yetirir və arzulayıram ki, O, hələ çəkdiyi və göstərdiyi Zəfər tablosunu yeni milli təqvimdə-2023-cü ilin 15 oktyabrından başlanan yeni əsrdə və min illikdə davam etdirsin. Axı o da yeni eraya inanır və onu yaşamağa haqq edir!

zahiddd.jpg (97 KB)

Zahid Oruc,
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR