İnsanlara hürriyət, millətlərə istiqlal!

Mir Şahin şair və yazıçılarımızdan şikayətləndi: "Hardasız?" Şairlərdən cavab gəldi...

Elçin Mirzəbəyli: “Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur”

Əkbər Qoşalı: “İstər ustad şairlərimiz olsun, istərsə də yeni nəslin təmsilçiləri çox saylı ədəbi nümunələr ortaya qoyublar”

44 günlük Vətən müharibəsinin bitməsindən 4 ilə yaxın zaman keçib. Bu zaman kəsimində şəhidlərimiz haqqında kitablar yazılıb, çoxsaylı tədbirlər təşkil edilib, KİV vasitəsilə saysız-hesabsız süjetlər hazırlanıb, reportajlar təqdim edilib. Cəmiyyətin hər bir təbəqəsi əlindən gəldiyi qədər Vətən torpağını geri qaytaran qəhrəmanlara minnət borcunu yerinə yetirməyə çalışıb. Lakin Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsinin uzun illər, əsrlər sonra da xatırlanması üçün onların adının ədəbi əsərlərdə çəkilməsi də önəmlidir. Real qəhrəmanlıqlar ədəbi süjetlərdə tərənnüm edilməlidir ki, tarix yeniləndikcə bugünkü tarix unudulmasın. 3 ildir ki, cəmiyyətin ədəbiyyatı sevən qismi şairlərimizdən və yazıçılarımızdan giley edir ki, şəhidlərimiz ədəbi əsərlərdə layiqincə tərənnüm edilmir.

Əməkdar jurnalist Mir Şahin Ağayev də növbəti dəfə bu mövzuya diqqət çəkib. Sosial media hesabında paylaşım edən jurnalist yazıb:

“Hardasınız, Azərbaycanın Süleyman Rüstəmi bəyənməyən şairləri? 3000-ə yaxın Şəhidimiz hələ də sizdən məktub gözləyir…”

O, paylaşıma Vera Karlovna Şiryenin səsləndirməsində Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini əlavə edib.

Musavat.com tanınmış şairlərə müraciət edərək bu iddiaya münasibət öyrənib.

Əməkdar jurnalist, şair Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirdi ki, ədəbiyyat kollektiv təsərrüfat deyil, onu fərqləndirən faktorlar var:

1650702329225314399_1200x630 (1).jpg (241 KB)

“Ola bilər ki, Mir Şahin bəyin bu məsələlərlə bağlı öz baxış bucağı var və yaxud da ola bilər ki, onu bu istiqamətdə yazılan ədəbi əsərlərin məzmunu, ya da keyfiyyəti qane etmir. Bədii yaradıcılıq hər fərdə xas olan xüsusiyyətdir. Hər kəs istənilən mövzuda xüsusi öhdəlik götürmədən, mövzu ürəyincədirsə, baxış bucağını, hislərini ifadə edirsə, istedadını büruzə verə bilər, nəsr əsəri, şeir, poema yaza bilər. Müharibə mövzusunda çox sayda əsər var. Məsələn, Ramiz Qusarçaylının şəhidlərlə bağlı möhtəşəm poeması var. Başqalarının da var. Yazıçılar Birliyinin bilavasitə təşkilatçılığı ilə “Vaqif Poeziya günləri”ndə təqdimatı keçirilən “Zəfər dastanı” toplusunun adını çəkə bilərəm. Bu kitab müxtəlif dillərə tərcümə olunub. Yeri gəlmişkən, hazırda xüsusi təyinatlılarla bağlı marş hazırlayıram. Üzərində iş gedir, yaxın zamanda təqdimatı olacaq. Əgər gündəlik peşə fəaliyyətindən kənar yaradıcılıqla məşğul olan biri kimi mən buna vaxt çatdırıramsa, digərlərinin də bu sahədə daha böyük işlər gördüyünə şübhə etmirəm”.

E.Mirzəbəylinin fikrincə, təbliğat və cəmiyyətin tələbi kimi amilləri də gözardı etmək olmaz:

“Meyxana, çayxana təfəkkürlü proqramlar, paylaşımlar, insanların əksəriyyətinin “TikTok” mentalitetinə aid olması ciddi əsərlərin göz önündə sərgilənməsinə imkan yaratmır. Məlumdur ki müharibə mövzusunda yazılan əsərlərə dövlət mükafatı təqdim olundu. Bədii keyfiyyətləri yüksək olmasa ki, onlara dövlət mükafatları təqdim olunmazdı. Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur. Bəlkə onun baxış bucağına, zövqünə uyğun deyil. Ədəbiyyatda standartlar fərqlidir. Birinə emosional təsir göstərən əsər başqasına təsir etməyə bilər. Düşünürəm ki, belə mövzuların ciddi ədəbiyyatda öz əksini tapması, plakat janrında yox, əsl əsər janrında ortaya çıxması üçün zamana ehtiyac var. İnsanlar bu prosesi hər gün etməlidirlər. İstənilən hadisənin özününküləşdirilməsi və ortaya çıxması üçün zaman lazımdır. Şəxsən yaşadığım hadisəni qeyd etmək istəyirəm. 2011- ci ildə Gəncəyə səfər etmişdik. Rəşad Məcid və Akif Aşırlı bir gün gec, qatarla gəldilər. Rəşad Məcidin üzündə yorğunluq və kədər sezdim. Səbəbini soruşanda dedi ki, sonuncu dəfə qatara Ağdama gedəndə minmişdi. Gəncə qatarında da bütün hadisələri xatırlamışdı. Təəssüratlarını danışdı, mən də şeir yazdım-“Kabus qatar”. Əslində poema idi, sonradan ikinci hissəsini də yazdım. O şeir təxminən Ağdam azad olunana qədər, hətta sonradan da ağdamlıların və ümumiyyətlə bütün qarabağlıların da leytmotiv şeiri oldu. Minlərlə insan onu əzbərlədi. O şeir dərhal yazılmamışdı. Zaman keçdi, özününküləşdirdim və yazdım. İlkin təəssüratlarda qəhrəmanlıq hekayələri daha çox üst qata qalxır. İnsan faktoru arxa plana keçir. Müharibədə insan, ölüm, həyat , ailə üçün darıxmaq, sevgi və s. amillər var. Bütün bunlar real əsəri ortaya çıxarır. Bunun üçün isə çox böyük zaman lazımdır. Azərbaycan ədəbiyyatında- nəsr və poeziyada, digər incəsənət növlərində də bu mövzuda gözəl əsərlərin yazılacağına şübhə etmirəm. Onlardan bəziləri isə bütövlükdə dünya ədəbiyyatının nadir incilərindən birinə çevriləcək. Buna ümid edirəm. Düşünürəm ki, Mirşahin Ağayevin bu etirazı daha çox yanğıdan, istəkdən irəli gəlir”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı isə Musavat.com-a açıqlamasında qeyd etdi ki, müharibə ilə bağlı hansı əsərlərin yazılmaması kimi etirazlar yazılan əsərlər haqqında yetərli məlumatın olmaması ilə bağlı ola bilər, əks təqdirdə bunu qərəzli münasibət kimi şərh etmək olar:

d29f35c7f48210b13a2f156ae4592794.jpg (93 KB)

“Buna bənzər açıqlamaya vaxtilə Azərbaycanın yeni nəsil araşdırmaçılarından Fərid Hüseyn “Ədəbiyyat” qəzetinin qoşa səhifəsi həcmində cavab vermişdi. O yazıda müəlliflər və əsərlər sadalanmışdı. Mən daxil, istər 90-cı illərə qədərki, istərsə də bizdən əvvəlki nəsillərin nümayəndələri Azərbaycanın azadlığı uğrunda gedən ümumxalq hərəkatına, mübarizəyə, sonrakı dövrdə torpaqların işğalına qarşı ədəbi-mədəni dünyamızın dirənişini əks etdirən yaradıcılıqla çıxış etmişik. İkinci Qarabağ müharibəsində əsgərlərimiz, zabitlərimiz nəinki sözgedən “ittihama” şərik olurdular, əksinə, onlar Azərbaycan şairlərinin şeirlərini səsləndirərək, mahnılar oxuyaraq irəli gedirdilər. Bunun özü də şəhidlərimizin də, qəhrəmanlıq dastanlarımızın da xalqın ədəbiyyatına, mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. Müharibə bitdikdən sonra şairlərimiz, yazıçılarımız bu mövzuya biganə qalmayıblar. İstər ustad şairlərimiz olsun, istərsə də yeni nəslin təmsilçiləri çox saylı ədəbi nümunələr ortaya qoyublar”.

Ə.Qoşalı vurğuladı ki, müharibə müddətində yazılmış şeirlərin hamısı qalıcı olmur:

“İkinci Dünya müharibəsi zamanı yazılmış şeirlərin heç də hamısı bu gün dillər əzbəri deyil. Bu baxımdan şairlərin və yazıçıların yazdığı ədəbi nümunələrin illər sonra dillər əzbəri olacağını iddia etmirik. Hansı şairin hansı şeirinin uzunömürlü olacağını xalqın şairə və şeirə, mövzuya münasibəti müəyyənləşdirəcək. Buna görə də mən hər hansı gərginlik, xəcalətli məsələ görmürəm. Bu, uzun, incə yoldur. Bu yolda yürüyənlərə salam olsun! Nəinki şairlərimiz şeirlər yazıblar, bizim bir neçə şairimiz şəhid şair olaraq anılmaqdadır. Ülvi Bünyadzadə, Nizami Aydın və başqaları şəhid olublar. Şairlərimiz həm qələmləri ilə, həm də həyatları ilə Vətənin haqlı zəfərinə təşnə olduqlarını sübut ediblər. Hesab edirəm ki, belə iddia bizim qazi şairlərimizə haqsızlıqdır. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində qazi şairlərin, o cümlədən şəhid ailələri üzvlərinin iştirakı ilə həyata keçirilən poeziya məclisləri bu mövzuya biganə münasibət olmadığının sübutudur”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR