İnsanlara hürriyət, millətlərə istiqlal!

Minsk Qrupunun mübhəm həmyaşıdı: “Putin NATO”su 30 yaşda... - Bakının praqmatik mövqeyi

Rusiyanın ağalıq etdiyi KTMT ölkələrinin yubileyi keçirilib, Paşinyan da Moskvaya gedib; Şair Ramaldanov: “Bu təşkilatın genişlənməsi Ukraynadakı hadisələrdən asılıdır, Azərbaycan isə yarımçıq qalan məsələlərin həllini tapmayana qədər...”

Mayın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfər edib. “Yeni Müsavat” məlumat verir ki, hökumət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammitinə qatılıb. Hazırda Ermənistan bu təşkilatda sədrliyi icra edir. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, KTMT-nin 30 illiyi münasibətilə Moskvada üzv ölkələrin sammiti keçiriləcək. Bu qurum təzəcə yaradılanda (15 may 1992) Azərbaycan və Özbəkistan da onun üzvü idi. Hazırda isə onun tərkibində Rusiyadan savayı daha 5 ölkə var - Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan. Yəni NATO-dan fərqli olaraq, 30 ildə blok genişlənmək əvəzinə, kiçilib.

Azərbaycan isə Qoşulmama Hərəkatına üzv olduğu üçün heç bir hərbi blokda iştirak etmir. Ona görə həm NATO, həm KTMT-dən eyni məsafədə kənar dayanır. Amma 30 ildir mövcud olan KTMT heç bir perspektivi olmayan qurumdur. Bu təşkilat daha çox “Putin NATO”su adlanır və qurumun ağası da Rusiyadır. O baxımdan verilən qərarlarda digər dövlətlərin hər hansı təsr gücü yoxdur. Hətta Ermənistan dəfələrlə KTMT-nin Qarabağ müharibəsinə, daha sonra sərhəddə yaranmış gərginliyə müdaxilə etməsi üçün çağırışlar edib, amma Putin 44 günlük savaşla bağlı açıq şəkildə bildirib ki, döyüşlər Ermənistan yox, Azərbaycan ərazisində gedir.

Ona görə təşkilatın Rusiya istisna, digər üzvlərinin heç birinin sözü keçərli deyil. Üstəlik, KTMT 30 ildə yalnız bir dəfə üzv ölkəyə hərbi müdaxilə edib, o da bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qoşunlarını göndərib, qısa müddət sonra ölkəni tərk edib. Bəs ümumiyyətlə, bu blokun fəaliyyətinə hansı zərurət var? Azərbaycan nə vaxtsa KTMT-yə qoşula bilərmi?

Şair Ramaldanov: “Bu gün əsgər anaları təmkin nümayiş etdirir, deyirlər ki,  təki Vətən sağ olsun!”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu təşkilatın fəaliyyəti haqda həmişə çoxlu suallar olur. Hərbi ekspertin fikrincə, onun məqsədləri, hədəfləri haqda ziddiyyətli məlumatlar var: “Ermənistanın katibliyi, Belarusun fəaliyyəti barədə problemlər yaşanırdı. O baxımdan KTMT-nin addımları üzvlər arasında sıx münasibətlər olan bir təşkilat kimi qiymətləndirilmir. Bəzən quruma aid olmayan məsələlərə - misal üçün Qazaxıstana müdaxilə birmənalı qarşılanmadı. Əslində  xarici təhdid olarsa, KTMT qoşunları üzv ölkənin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulub. Amma istər Belarus, istər Qazaxıstanda gördük ki, bu blokun gücündən daxili proseslərə müdaxilədə istifadə edilib. Bu da bir təşkilat kimi onun fəaliyyətinə dair suallar meydana çıxarır”.

Ş.Ramaldanovun sözlərinə görə, Rusiya-Ukrayna savaşında da KTMT-nin mövqeyini müşahidə edirik: “Üzv ölkələrin baxışları fərqlidir. Bir çoxu neytral qalmağa çalışırlar. Ona görə təşkilatın genişlənməməsi, üzv ökələr arasında münasibətlər fəaliyyətlə bağlıdır. Fikrimcə, KTMT-nin gələcəkdə genişlənməsi Ukraynada gedən hadisələrdən asılıdır. Azərbaycana gəlincə, rəsmi Bakı dəvət alıb, müxtəlif platormalarda fikirlər də söylənilib. Lakin Azərbaycan müdrik xarici siyasət yürüdərək, ola biləcək hadisələri qabaqcadan düzgün qiymətləndirərək doğru mövqe tutmaqdadır. Əlbəttə, KTMT və digər təşkilatlar bizi öz sıralarında görmək istəyərlər. Ancaq Qoşulmama Hərəkatındayıqsa, səbr nümayiş etdiririksə, deməli, buna ciddi əsaslar var”.

Polkovnik hesab edir ki, Prezident İlham Əliyev kifayət qədər məlumatlıdır: “Əgər dövlət başçısı bu formada qərar qəbul edibsə, deməli, əsaslar var. Azərbaycan öz maraqlarından irəli gələrək, əgər bizim istəklərimizə uyğundursa, onda gələcəkdə üzvlüklə bağlı müsbət cavab verə bilər. Ancaq yox, maraqlarımıza cavab verməsə, bu yükün altına girməyəcək. Eyni zamanda hazırda Ermənistanla sülh müqaviləsinin bağlanmaması, üçtərəfli imzalanmış 10 noyabr sənədinin tam yerinə yetirilməməsi, yarımçıq işlər məhz Rusiyaya bağlıdır. Çünki sülhməramlılar olan ərazidə ermənilər tərk-silah olunmayıb, revanşist qüvvələrin Rusiyadan dəstək aldığı, Ermənistanda qarışıqlıq yaradıldığı fikirləri səslənir. Bütün bunları nəzərə alaraq, Azərbaycan həmin məsələlər həllini tapmayana qədər KTMT-yə üzvlük məsələsini gündəmə gətirməyəcək”.

Qeyd edək ki, KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Üç digər postsovet ölkəsi olan Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı - Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə KTMT adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR