Onlayn ictimai-siyasi qəzet
Paytaxt sakini mağazada almaq istədiyi məhsulun istifadə müddətinin keçdiyini görüb. Çərəzin üzərində son istifadə müddətinin 2 həftədən çox keçdiyini aşkar edən alıcı bunu mağaza işçilərinə bildirib. Həmçinin, bu anlar videoya çəkilib.
Alıcılar dəfələrlə bu cür şikayətlərini bildirirlər. Az bir hissəsi paketlənmiş və üzərində tarix qeyd olunmuş məhsullar olsa da, böyük əksəriyyət paketlənməmiş və üzərində son istifadə tarixi göstərilməyən məhsullardır. Belə hallarda alıcı bəzən məhsulun istifadəyə yararsız olduğunu ayırd edə bilmir. Görünüşdən qaydasında görünən məhsullar daha sonra qida zəhərlənməsinə səbəb ola bilir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, marketlər şəbəkəsində yararlılıq müddəti keçmiş paketli məhsullar ildən-ilə azalır:
"Çünki market sahibləri üçün vaxtı keçmiş məhsulun piştaxtada satışının aşkarlanması 1500 manata qədər cərimə ilə nəticələnə bilər.
Ölkədə külli miqdarda markalanmamış ərzaq malları mövcuddur. Bu məhsullar əsasən ara marketlərdə və bazarlarda satılır, əksər şikayətlər məhz paketlənməmiş məhsullar haqqındadır.
Bütün məsələlərin həlli üçün Nazirlər Kabineti 10 il əvvəl 94 saylı qərar qəbul edib. Qərara görə, ölkədəki bütün mallar paketlənməli, üzərində buraxılma tarixi, son istifadə müddəti, saxlanma şəraiti və digər məlumatlar göstərilməlidir. Bu qərar qismən yerinə yetirilir, amma təkrar tətbiq olunsa, vəziyyət düzələ bilər".
Sədrin sözlərinə görə, əhalinin ən çox şikayət etdiyi məhsullar ət və ət məhsulları, tərəvəzlər və çərəzlərdir. Çərəzlər əksər hallarda qurdlanır və sağlamlığa mənfi təsir göstərir.
Eyyub Hüseynov bildirib ki, istehlakçılar belə hallarla qarşılaşdıqda fəal olmalıdırlar və şikayətlərini gecikdirmədən müvafiq qurumlara bildirməlidirlər:
"Belə hallarla rastlaşdıqda 012 599 76 00 telefon xətti ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 qaynar xəttinə müraciət edərək şikayətlərini bildirsinlər".
Mənzər Novruzlu
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ