İnsanlara hürriyət, millətlərə istiqlal!

Min il yaşayan icra başçısı

Qazax tərəfdə Azərbaycana məxsus torpaqların işğaldan azad edilməsi prosesi başlanıb. Ermənistanda millətçi-faşist qüvvələr buna etiraz etməyə çalışsalar da, hansısa uğur əldə edəcəkləri mümkün deyil. Qatar gedib. Nə Azərbaycan 34 il öncəki vəziyyətdədir (həmin ərazilər əsasən 1990-cı ildə tutulmuşdu), nə də Ermənistan və havadarları. 

Ancaq məncə, bəzi terminləri biz hazırda düz seçmirik. Məsələn, deyirik ki, “4 kəndimiz azad edildi”. Çox gözəl. Lakin orada kənd adına nəsə görürsünüzmü? Beş-on uçuq divar, hətta divarın qalıqları qalıb. Kənd dediyin evlərdir, məzarlıqdır, küçələr, ağaclar, bağlar, yollar, bulaq, heyvanlar və sairədir. Ermənistan isə işğal elədiyi bütün kəndlərimiz kimi, orada da daşı daş üstündə qoymayıb. 15-20 il qabaq Qazağın həmin bölgəsində jurnalist reportajı hazırlamışam, Bağanıs Ayrım, Əskipara kəndlərinin xarabalığını canlı görmüşəm. Kənd adlandırmaq mümkün olan heç nə qalmayıb. Ona görə də, fikrimcə, biz “kəndlərin xarabalığı”, yaxud “kəndlərin yeri”, “torpaqlar işğaldan azad edildi” deməliyik. Bu, daha dəqiq ifadə olar. Gələcəkdə hüquqi mübahisələr üçün də lazımdır. Yoxsa Ermənistandan nə desən gözləmək olar. Bir də baxarıq iddia elədilər ki, biz Bağanıs Ayrımı salamat şəkildə Azərbaycana qaytarmışıq, özünüz dağıtmısınız. 

Terminoloji, leksik dəqiqlik bəzən hüquqi dəqiqlik qədər vacib olur. Bu yaxında bir sabiq deputat öldü, hamınız yaxşı tanıyırsınız, o üzdən adını çəkmirəm. Mən fikir verdim, internetdə, sosial şəbəkə-filanda bu yoldaşı heç yaxşı sözlərlə yola salmadılar. Əsasən də nəyi xatırladırdılar? Haçansa Milli Məclisdə pensiya yaşının 65-ə qaldırılmasını bu deputat təklif edibdir. 

Düzü, həmin təklifin həqiqi yiyəsi kimdir, xatırlamıram və heç inanmıram da bu, bir deputatın şəxsi təşəbbüsü olsun. Ancaq indi bunun əksinə kimi inandıracağıq? Xalqın yaddaşına deputat artıq bu cür neqativ çalarda həkk edilib. Tam səbəbsiz də deyil bu yarlık. Çünki pensiya yaşı qaldırılanda həmin adam MM-də sosial siyasət işlərinə baxırdı, pensiya yaşını qaldırmaq yönündə çoxlu çıxışları da indiyəcən internetdə durur. 

Uzun sözün qısası, indi bizdə pensiya yaşı kişilər üçün 65-dir. 2020-ci ildən bu qanun qüvvəyə minibdir. Eyni zamanda rəsmi statistikaya görə, Azərbaycanda orta ömür 74 yaşdır. Guya orta statistik azərbaycanlı 74 il yaşayır. Buna inanmaq mümkündürmü? Yox. Nəyə əsasən? Elə hökumətin özünün başqa rəqəmlərinə əsasən! 

Yenə rəsmi statistikaya görə, 2023-cü ildə 60810 nəfər vətəndaşımız ölmüşdür. Ömrünün yerdə qalan hissəsini deputatlarımıza tapşırıb gedənlərin 33157 nəfəri kişilər, 27653 nəfəri isə qadınlar olub. Əsas sual isə hesablamanın bu yerindən çıxır: “Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına, yəni pensiya yaşına çatmadan ölüb”. Sitatın sonu. 

Sual isə budur ki, əgər kişilərin 50 faizə yaxını 65 yaşa çatmadan (pensiya yemədən) ölürsə, orta ömürə - 74 yaşa çatanlar kimlərdir? Qalan 50 faizin çoxu da 74-ə qədərki növbəti 9 ildə gedir. 

Hər halda, bizdə icra hakimləri və rəislər 1500 il yaşasalar, bəlkə orta hesabla 74 almaq olardı. İndi isə hesab-kitab heç cür düz gəlmir. Bu pişikdirsə, ət hanı misalı... Deməli, orta ömür rəqəmi ağ yalandır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR