İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın sərmayə kursu: BƏƏ, Çin və ABŞ ilə strateji tərəfdaşlığa doğru

Azərbaycan son illər xarici sərmayələrin cəlb edilməsi sahəsində fəal siyasət yürüdür. Ölkənin iqtisadi inkişaf strategiyasında əsas hədəflərdən biri kimi qeyri-neft sektorunun gücləndirilməsi və bu sahəyə xarici investisiyaların cəlbi müəyyən olunub. Yeni iqtisadi kurs xüsusilə yaşıl enerji, sənaye, kənd təsərrüfatı və digər strateji sahələrə yatırımları stimullaşdırmaq məqsədi daşıyır.

Müxtəlif regionlarla, o cümlədən Körfəz ölkələri, Avropa, Asiya və ABŞ ilə qurulan iqtisadi əməkdaşlıq əlaqələri bu strategiyanın əsas dayaqlarından biridir. Xüsusilə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə son dövrlərdə intensivləşən münasibətlər nəticəsində Azərbaycana iri həcmdə sərmayələrin yönəldilməsi müşahidə olunur. BƏƏ-nin yaşıl enerji sahəsindəki təcrübəsi və investisiya imkanları ölkəmizin bu istiqamətdə qarşıya qoyduğu hədəflərlə üst-üstə düşür. Eyni zamanda, Böyük Britaniya, Çin, Avropa İttifaqı ölkələri və digər inkişaf etmiş dövlətlər də Azərbaycanın enerji və qeyri-enerji sektorlarına maraq göstərirlər. Bütün bunlar Azərbaycanın regional və qlobal investisiya cəlbediciliyinin artdığını göstərir.

VUQAR BAYRAMOV.jpg (146 KB)

Milli Məclisin deputatı Vüqar Bayramov Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycan bir sıra strateji ölkələrdən, eyni zamanda əməkdaşlığı gücləndirdiyi ölkələrdən sərmayələr cəlb edir.

Onun sözlərinə görə, daha çox sərmayə cəlb etdiyimiz ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ):

“BƏƏ xüsusilə yaşıl enerji sektoruna daha çox sərmayə qoyuluşu həyata keçirir. Eyni zamanda qeyri-neft sektoruna körfəz ölkələrindən sərmayənin cəlb edilməsi prioritet olaraq qalmadadır. Enerji sektoruna daha çox sərmayə Böyük Britaniya və bir sıra inkişaf etmiş ölkələrdən cəlb edilir.

Cənab Prezident tərəfindən yeni dövrün yeni hədəflərindən biri qeyri-neft sektoruna investisiya cəlbi müəyyən edilib. Bu baxımdan ölkə başçısının tapşırıqları məhz enerjidən başqa sektorlara, xüsusilə inkişaf etmiş ölkələrdən sərmayənin cəlbi ilə bağlıdır. Odur ki, həm BƏƏ, həm də bir sıra körfəz ölkələri ilə bu istiqamətdə əməkdaşlığımız var. Avropa ilə əməkdaşlıq genişlənir. Çindən investisiya cəlbi sürətlənir. Gözlənilir ki, ABŞ ilə strateji tərəfdaşlığın qurulması ilə daha çox investisiya cəlb olunacaq.

Ümumiyyətlə, investisiya mühitinin daha da təkmilləşdirilməsi hər zaman prioritetdir. İnkişaf etmiş ölkələrdə də bu sahədə daim işlər görülür. Azərbaycanda iqtisadiyyatın “ağardılması”, investisiya mühitinin daha da yaxşılaşdırılması struktur və institusional islahatlar aparılır. Bu, növbəti mərhələdə milli prioritetlərə uyğun davam etdiriləcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR