Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin noyabr ayının statistikasına görə dünya əhalisinin sayı 8 milyard 72 milyon nəfəri ötüb. Amma sözsüz ki, planetimizdəki bu milyardların hamısı rahat və firavan həyat sürmür. Hazırda 874 milyon insan aclıq, qida çatışmazlığı problemi ilə üz-üzədir, 768 milyon insan isə təhlükəsiz içməli su qıtlığından əziyyət çəkir. Təkcə 2023-cü ildə 11 milyon 252 min insan yoluxucu xəstəliklərdən həyatlarını itiriblər. Göründüyü kimi statistik göstəricilər heç də ürəkaçan deyil. Bu rəqəmlər bir daha sübut edir ki, dünyamız çox da rahat durumda deyil. Dəhşətli faktlardan biri isə odur ki, dünya əhalisinin 15-17 faizi müxtəlif fobiyalardan əziyyət çəkir. Bu heç də kiçik rəqəm deyil.
Fobiya nə deməkdir?
Fobiya təşviş və qorxu hissləri ilə müşayiət olunan haldır. Elə bu sözün yunan dilindən mənası da qorxu deməkdir. Fobiya əsasən ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrətmə, təngnəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi ilə müşayiət olunur. Bu cür qorxu hissləri hər bir insanda və istənilən yaşda baş qaldıra bilər. O cümlədən güclü xarakterə və iradəyə malik siyasi liderlərdə də...
Amerika Birləşmiş Ştatlarının tarixində xüsusi yeri olan və dörd dəfə prezident seçilmiş Franklin Ruzvelt qorxu haqqında belə bir ifadə işlədib: “İnsanın ən çox qorxduğu şey elə qorxunun özüdür”. Qorxuların arasında isə Ruzvelt ən çox oddan qorxub. Bu fobiya onu ömrünün sonuna qədər müşayiət edib. Sərbəst hərəkətini itirdikdən sonra isə onda bu hisslər daha da artıb. Ruzvelt heç vaxt, hətta gecələr də olduğu otağın qapısını bağlamayıb. Yanğın baş verdiyi halda qapını aça bilməmək qorxusu Ruzvelti buna məcbur edib. Bu qorxunu nəzərə alaraq prezidentin həyat yoldaşı onun iş və yataq otağına təxliyə məqsədilə ikinci qapıları qoydurub.
30 il müddətində milyonlarla insanı qorxu içində saxlayan İosif Stalinin də fobiyaları olub. Stalin yüksəklikdən, təyyarə uçuşlarından qorxub. Sözsüz ki, bu da onun fəaliyyətinə kifayət qədər problemlər yaradıb. Uzaq səfərləri zamanı təyyarə ilə 2-3 saata qət ediləcək məsafələri Stalin bir neçə günə qatarla gedib. O, yalnız Tehran konfransı zamanı bir dəfə təyyarəyə minib, Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçub. Uçduğu təyyarə isə SSRİ-nin deyil, ABŞ-ın istehsalı olan “Duqlas S-47” təyyarəsi olub.
Dünyanın ən tanınmış siyasətçilərindən biri sayılan, uzun illər Böyük Britaniyanın baş naziri olmuş, ingilis siyasi və dövlət xadimi Uinston Çörçill də fobiyalardan kənarda qalmayıb. Siyasətçi kimi məşhur olmaqla yanaşı, o, natiq kimi də populyar olub. Amma elə qorxusu da nitqi ilə bağlı olub. Çörçill kütlələr qarşısında çıxış etməkdən qorxub. Siayasətə gəldiyi ilk illərdə palata qarşısında üç dəqiqəlik çıxışı zamanı onun nitqi o qədər biabırçı olub ki, palata üzvləri Çörçilli gülüşlə və uzun-uzadı “alqış”larla yola salıblar. Bu hadisədən sonra Çörçill ən kiçik tədbirlərdəki çıxışlarına belə bir-iki həftə əvvəlcədən hazırlaşmağa başlayıb. Çörçill fobiyasına qalib gələ bilib, o, siyasi fəaliyyətinin sonrakı illərində natiq və hazırcavab siyasətçi kimi yadda qalıb.
Dünyaya sahib olmaq istəyən Adolf Hitler II dünya müharibəsinə başlayanda özünü ən güclü siyasətçi saysa da, onun da qorxu hissi, fobiyası olub. Dünyanın ən güclü sərkərdələrindən qorxmayan Hitler diş həkimlərindən çəkinib. Onun ağız boşluğunda kifayət qədər problemlər olsa da, o, heç vaxt diş həkiminə müraciət etməyib. Çürük iddiaları kimi çürük dişlə gəzən Hitlerin ağzından ətrafdakılar üçün dözülməz və dəhşətli qoxu gəlib.
Elmi izaha görə fobiyalar əsasən üş yerə bölünür.
Küçə, meydan, bazar, teatr, kino, tunel və sair bu kimi yerlərdəki qorxular aqorafobiya, heyvanlardan (təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən yaranan qorxurlar spesifik fobiya, daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən yaranan qorxurlar isə sosial fobiya adlanır.
Bütün bunlarla yanaşı siyasi fobiyalar da var, rəqib kimi qəbul etdiyin siyasi fiqurlardan qorxu hissi.
11 il SSRİ-yə rəhbərlik edən Nikita Xruşşovda Stalin fobiyası olub. Xruşşov Stalinin tabeliyində işləyəndə, hətta ona verilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirib məruzə edəndə belə qorxu hissləri Xruşşovu tərk etməyib. Amma yəqin ki, Stalinin vəfatından sonra Xruşşov ondan aldığı qisaslardan sonra öz fobiyası üzərində qələbə qazanıb.
Hər şeyə qadir olan Lavrenti Beriyada Jukov fobiyası özünü bütün açıqlığı ilə büruzə verib. SSRİ-nin baş cəlladında marşala qarşı qorxu o qədər güclü olub ki, o, dəflərlə Jukovun həbsi ilə bağlı Stalinə müraciət edib. Amma hər şey əksinə baş verib. Jukov özü qorxu içində olan Beriyanın əllərini qandallayıb və bununla da Beriya o dünyaya öz fobiyası ilə gedib.
18 il baş katib kürsüsündə əyləşən Leonid Brejnevdə Kosıgin fobiyası olub. Brejnev onun populyarlığından, xalqın ona olan sevgisindən, işgüzarlığından qorxub. Brejnev bu fobiyadan qurtulmaq üçün uzun illər Aleksey Kosıgini siyasi səhnədən uzaqlaşdırmağa məqam gözləyib və sonda istədiyinə nail olub.
15 il SSRİ DTK-sına başçılıq edən və sonradan mübarizələrdən qalib çıxaraq birinci kürsüdə əyləşən Yuri Andropovda daxili işlər naziri Nikolay Şelokov qorxusu olub. Amma Andropov bu fobiyaya qalib gəlib, hətta mübarizəni o həddə çatdırıb ki, Şelokov özünü güllələyib.
Bu gün də dünyanın siyasiləri arasında fobiyalarla yaşayanlar az deyil. Kimisi bunu biruzə verir, kimisi isə gizlətməyi bacarır. Fobiyanın necə bir hal olduğunu daha dəqiq anlamaq üçün isə Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətinə nəzər yetirmək kifayətdir. Aşırı dərəcədə Azərbaycan qorxusu ilə yaşayan Paşinyan nə qədər cəhd etsə də öz fobiyasını gizlədə bilmir. Bu isə uğursuz siyasətin və məğlubiyyətin göstəricisidir.
İlham Cəmiloğlu, Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ