İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin komitə sədrindən ilginc açıqlama

Siyavuş Novruzov: “Sülhməramlıların nəzarətindəki ərazilərdə narkotik plantasiyaları var”

Aprelin 15-də Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlərin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmli çıxış etdi. Azərbaycan Prezidentinin uğurlu xarici siyasətindən bəhs edən deputat ardınca tənqidi fikirlərini səsləndirdi:

“İndi müqayisə üçün bu gün ”islahat" “dəyişim” istəyən digər cəbhəyə baxın. Adamlar iqtidardan islahat tələb edir, dəyişiklik istəyir, amma 30 ildir ki, özləri dəyişmir. Eyni adam, eyni vəd, eyni kurs, eyni cılız məqsəd. Dəyişiklik arzu edirsən, özündən başla, baxırsan xırda radikal bir dərnəyi diktaturaya çevirib, səsini çıxaranı da ya partiyadan qovur, ya linç etdirir. Yaxşı sən xırda bir partiyanı avtoritar struktura çevirmisən, sənə dövlət etibar etmək olar? Bu gün Azərbaycanda əlində 20 min şəhidin qanı olan qaragüruh özündə İlham Əliyev siyasəti ilə bağlı mühakimə yürütmək cəsarəti tapırsa bu doğrudan bədbəxtçilikdir. Ailəsini idarə edə bilməyən adamlar İlham Əliyevə dövlət idarə etməyi öyrətmək istəyir. Xarici dövlətlərə, əcnəbi təşkilatlara kiçiklik edənlər bu xalqa böyüklük arzusuna düşüb, Bu qədər də olmaz ki! Danışanda bir müqayisə aparın: sizin yarıtmazlığınız ucbatından 20 mindən artıq şəhidə rəğmən itirilən torpaqları İlham Əliyev 8 dəfə az itki hesabına işğaldan qurtardı. Xəyanətkarcasına satdığınız Şuşanı, Azərbaycana İlham Əliyev qaytardı. Nəinki qaytardı, hətta Şuşa artıq parlamentin komitə iclaslarına ev sahibliyi edir. Sizə qalsaydı, indi Şuşada separatçıların parlamentinin iclası idi. İndi yeni hədəf tapıblar. Taleh Kazımovun təyinatından sonra Əli Kərimli və trolları ölkənin ən iri biznes strukturlarından biri olan PAŞA Holdinq üzərinə hücuma keçiblər. Bu başa düşmür ki, PAŞA Holdinq və ona daxil şirkətlər Azərbaycan biznes mühitinə yeni koorparativ mədəniyyət gətirib, yeni ruh gətirib. Biznesin yalnız vergi öhdəliyi yox, həm də cəmiyyət qarşısındakı mənəvi sosial öhdəliyi ənənəsini biz PAŞA qrupun nümunəsində görmüşük.  İstər COVİD-19 pandemiyası ilə mübarizədə, istər müharibə dövründə PAŞA Holdinq və ora daxil şirkətlər sözün əsl mənasında milli həmrəylik nümunəsi göstərdi.  Bu gün də PAŞA qrup ailəsi işğaldan azad olunmuş ərazilərdə quruculuq bərpa prosesində vicdanla öz töhfələrini verməkdədir. İndi nədir sizi narahat edən? Təsəvvür edin, bu təfəkkürlü adamlar hakimiyyətə iddialıdır. Özləri bilər, amma sadəcə onu deyim ki, nə qədər bu xalqın həmrəylik ruhu var, Azərbaycançılıq ideyası yaşayır, bu xalq sizi o Ağ evə buraxmayacaq. Ondan arxayın olun".

Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB

Razi Nurullayev: “Dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”

Deputat Razi Nurullayev əvvəldə Danimarkada baş verən hadisəyə diqqət çəkdi. “Danimarkanın ”Starm Kurs" ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb. Oraya da polislərin əhatəsində gəlib. Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır"-deyə, deputat bildirdi. R.Nurullayev ardınca ölkə daxilindəki problemdən bəhs etdi: “Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyırlər. Amma, hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. Son illər İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram. Bu isə kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil. Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbiq edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.

Qüdrət Həsənquliyev: Təzyiqləri artırmalıyıq

Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında şəhidin nənəsi ilə görüşdən bəhs etdi. Bildirdi ki, Azərbaycan prezidenti hər zaman şəhidlərin xatirəsini uca tutmağı, şəhid ailələrinə həssas münasibət göstərməyi tövsiyə edib. Deputatın sözlərinə görə, bu tövsiyələrə icra hakimiyyəti orqanları tərəfindən əməl olunmur. Q.Həsənquliyev qeyd etdi ki, onun görüşdüyü qadının nəvəsi və qızının tək övladı Suqovuşanda şəhid olub. Xətai rayonundakı 55 saylı məktəbin kollektivi şəhid, “Rəşadət”  ordenli Samir Əliyevin adının həmin məktəbə verilməsini xahiş edib. Deputat qeyd etdi ki, S.Əliyev həmin məktəbin şəhid olan yeganə məzunudur. Sənədlər 23 yanvar 2021-ci ildə Nazirlər Kabinetinə təqdim olunub, lakin indiyədək heç bir addım atılmayıb. Q.Həsənquliyev Nazirlər Kabineti ilə danışdığını, lakin bu istiqamətdə hələ də hansısa addımın atılmadığı söylədi. Dediyinə görə, şəhidin nənəsi nəvəsinin adının əbədiləşdirilməsini xahiş edir. “Ana özünün yeganə övladını itirib və bu addım çox böyük təskinlik olardı. Həm də ana işsizdir, ali təhsilinin olmadığına görə onun işlə təmin olunmasında çətinlik olduğunu deyirlər. Şəhidin nənəsi Cəmilə xanım dedi ki, qızı Sevda xanım işsizliyə görə müavinət alır. Amma bu xanım depresiyadadır, o işlə təmin olunmalıdır ki, o evdən bayıra çıxsın, depresiyadan xilas olsun”. Deputat müvafiq dövlət qurumlarına bu kimi məsələlərə həssas münasibət göstərməyə çağırdı.

Мустафа, Фазиль — Википедия

 Fazil Mustafa

Deputat Fazil Mustafa bildirdi ki, bizim ölkədə insanlar üçün ən riskli iş və davranış təşəbbüskarlıqdır. Onun sözlərinə görə, kimsə ideya səsləndirdmək istəyəndə yuxarıda hökumətə, aşağıda qaragüruha baxır. Amma elə məsələlər var ki, orada təşəbbüskarlıq çox vacibdir: “Son 200 ildə nəhayət, erməni rəhbəri ortaya çıxıb rəsmi şəkildə bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq lazımdır”.

Deputat Ermənistanın hazırkı etiraflar durumundan istifadə etməyin lazım olduğunu vurğuladı: “Yaxşı ki, bu ölkədə vaxtında sosial tədqiqatlar mərkəzi yaradıldı. Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yüksək səviyyədə fəaliyyət göstərir. Bu mərkəz cəmiyyətin fikrini, təkliflərini öyrənib, dövlətə çatdırır. Amma bu şəbəkə genişlənməlidir. Eyni zamanda parlamentun bu istiqamətdə komissiyasının yaradılmasına ehtiyac var. Parlamentin də hansısa formada bu cür komissiyasının yaradılması lazımdır. Erməni parlamenti ilə münasibəti gücləndirməliyik. QHT-lərin üərindən buxovu götürmək lazımdır. QHT-lər erməni QHT-lərlə forumların keçirilməsinə çalışmalıdır. Ermənistan cəmiyyətinə təklifləri biz verməliyik. Çünki biz qalibik. Müharibə yolu ilə edəcəyimiiz etmişik. Yazıçılar, siyalılar, biznes adamları da prosesə qoşulmalıdır. Ermənistan tərəfindən atılan etiraf adımları bizi bunu etməyə məcnbur edir”.

Deputat Əli Məsimli: "Yalnız bəzi həbslərlə korrupsiyanı müəyyən qədər  azaltmaq olar" - MÜSAHİBƏ

Əli Məsimli

Deputat Əli Məsimli təhsil kreditlərindən danışdı: “Biz təhsil kreditlərinin verilmsinə başlanılmasını yüksək qiymətləndiririk.Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına kreditlərin verilməsi qaydasında öz əksini tapan məqamların xeyli hissəsi bizim deputat həmkarım Vahid Əhmdovla birlikdə hazırladığımız ”Təhsil Kreditləri haqqında" qanun lahihəsinin əsas cəhətləri  ilə demək olar ki, eyni səsləşir. Amma həmin qaydada bizim hazırladığımız layihədən fərqli olaraq, bir sıra məhdudiyyətlər var. Həmin məhdudiyyətlər  təhsil tələbə kreditləri əlçatanlığını xeyli azaldır". Deputat qeyd etdi ki, bir sıra ölkələr ödənişsiz təhsil sisteminə üstünlük verirlər: “Ödənişli təhsil olan əksər ölkələrdə isə təhsil kreditlərinin verilməsinə tətbiq edilən faizlər çox aşağıdır. Bəzi ölkələrdə təhsil kreditləri faizsiz verilir. Digərlərində  isə kredit faizləri yalnız texniki xərcləri örtəcək həcmdə yəni 1-2 faizdir.Təhsil kreditlərinə orta səviyyəli faiz tətbiq edən ölkələrin bir hissəsi faiz dərəcəsini aşağı salmağa başlayıblar. Bizdə təklif olunan standart kreditlər  üçün 6 faiz tələb edilməsi kreditin əlçatanlılığına ciddi maneə olacaq. Tələbə krediti qaytaranda aldığı puldan 2 dəfə çox pul ödəməli olacaq. Ona görə də sosial xarakterli kreditlərin faiz dərəcəsini 2 faizdən 1 faizə, standart kreditlər  üçün fazi dərəcəsinin 6 faizdən 3 faizə endirilməsini zəruri hesab edirik”. Ə.Məsimli digər vacib mövzuya da toxundu: “Adına kiçik torpaq sahəsi olanlar ünvanlı dövlət sosial yardım ala bilmirlər. Bunun  Təhsil Tələbə Kreditinə də tətbiq edilməsi on minlərlə kənddən  çıxmış  imkansız gəncin sosial xarakterli təhsil krediti almaq yolunu bağlayır”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycana qarşı kampaniyadan bəhs etdi: “Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığının olmamasını qeyd edirlər. Amma ABŞ-da seçki dövründə Trampın sosial şəbəkə hesablarını bağladılar. Donald Trampın fikirlərini çatdırmasının qarşısını almaq üçün bunu ediblər. Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir. Türmələrdə vəziyyətə irad bildirirlər. Quantanamo həbsxanasında olan işgəncələr heç yerdə edilməyib”.

İclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi. Belə ki, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Soltan Məmmədovun, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə isə Sadiq Qurbanovun namizədliyi irəli sürüldü. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edildi. Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev idi. Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsi isə boş qalmışdı.

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olundu. Fazil Mustafa dedi ki, bizdə olan qeyri-rəsmi məlumatlara görə, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var: “Biz bunun qarşısını almalıyıq. Onlar kifayət qədər səlahiyyətli mövqelərə sahibdirlər. Bir narkomanın hər hansı posta olması o deməkdir ki, o, narkotiklərin yayılmasında xüsusi rol ala bilər. Hesab edirəm ki, bu məsələdə total dövlət nəzarəti həyata keçirilməlidir”.

Siyavuş Novruzov: “Vergi güzəştləri bütün Qarabağ veteranlarına şamil  olunsun”

Siyavuş Novruzov 

Komitə sədri Siyavuş Novruzov “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi dedi ki, Ermənistanın keçmiş hər iki prezidenti işğal zamanı Azərbaycan torpaqlarından narkotik dövriyyəsi kimi istifadə edib. S. Novruzov bildirdi ki, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan narkotiklərin dünya bazarlarına çıxarılması ilə məşğul olublar: “Erməni zabitlər də hərbi cinayətlərlə bərabər, işğal altında olmuş Azərbaycan torpaqlarında narkotik dövriyyəsi ilə məşğul olublar. Hələ də məlumatlar var ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə erməni xunta rejiminin narkotik plantasiyaları var. Biz bununla bağlı dünya ictimaiyyətinə lazımlı məlumatları çatdırmalıyıq. Bu məlumatlar erməni mətbuatında da yer alıb”.

Milli Məclis “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və digər qanun layihələri müzakirələrdən sonra qəbul edildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR