İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə mühüm məsələ ilə bağlı ictimai dinləmə keçirilib - FOTOLAR

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda birgə ictimai dinləməsi keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova tədbiri açaraq, erkən nikahların, qohum evliliklərinin hazırda aktual məsələlərdən olduğunu qeyd edib. O, bu məsələ ilə əlaqədar müxtəlif araşdırmaların aparıldığını, hesabatların hazırlandığını deyib, dünyada bu sahədə mövcud vəziyyətlə bağlı bəzi statistik göstəriciləri səsləndirib. Ölkəmizdə də belə halların olduğunu bildirən komitə sədri ailə qanunvericiliyinin tənzimlənməsi istiqamətində müvafiq işlərin görüldüyünü söyləyib. Diqqətə çatdırılıb ki, məsələyə dair parlamentə qanun layihəsi daxil olub və komitə iclasında geniş müzakirə edilib.

Məsələnin ictimaiyyətin marağına səbəb olduğunu deyən Hicran Hüseynova bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə mövzu ilə bağlı aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dinləmənin keçirilməsi məqsədəmüvafiq hesab olunub.

Komitə sədri ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində güclü qanunvericilik bazasının formalaşdığını vurğulayıb. O, həmçinin ailə institutunun möhkəmlənməsi, bu sahədə olan boşluqların aradan qaldırılması istiqamətində də qanunvericiliyin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib. Hicran Hüseynova daxil olan qanun layihəsində nikah yaşının bir ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması ilə bağlı dəyişikliyin təklif olunduğunu, yetkinlik yaşına çatmayanla qeyri-rəsmi nikaha daxil olan şəxs və buna şərait yaradan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində məsuliyyətin nəzərdə tutulduğunu deyib. O, bununla yanaşı, yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri və evlilik mərasimlərinin keçirildiyi məkan sahibləri üçün də məsuliyyətin müəyyən edildiyini söyləyib. Layihədə, həmçinin Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan hallara dair 12-ci maddəsində aralarında nikahın bağlanmasına yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflərin irəli sürüldüyünü nəzərə çatdırıb.

Hicran Hüseynova 2011-ci ildə o zaman millət vəkili olan Birinci vitse–prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Ailə Məcəlləsinə dəyişiklik edilərək nikah yaşının qadınlar və kişilər üçün 18 yaş müəyyən olunduğunu və artıq 2012-ci ildən başlayaraq yaşı 1 yaş azaldılaraq 18 yaşadək nikaha girən qızların sayının azaldığını qeyd edib. Komitə sədri o dövrdə həm Ailə, həm də Cinayət Məcəlləsinə edilən dəyişikliklərin müsbət nəticələr verdiyini söyləyib.

Komitə sədri təəssüflə bildirib ki, bütün bunlara baxmayaraq, erkən nikah, habelə qohum evlilikləri problemi bu gün də aktual olaraq qalmaqdadır. O, qeyd edib ki, bu baxımdan qanunvericiliyə edilən son dəyişikliklər ölkəmizdə ailə institutunun gücləndirilməsinə, sağlam ailə modelinin, düzgün ailə münasibətlərinin qurulmasına öz töhfəsini verəcək.

Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə çıxış edərək Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb. O, bu dəyişikliklərin məqsədinin yetkinlik yaşına çatmayan şəxslərin əleyhinə olan əməllərin qarşısının alınması istiqamətində cəza siyasətinin təkmilləşdirilməsindən ibarət olduğunu deyib, qanunvericilikdə erkən evliliklə bağlı nəzərdə tutulan məsuliyyət tədbirlərindən söhbət açıb.

Dinləmədə deputatlar Ceyhun Məmmədov, Vüqar İskəndərov, Tahir Kərimli, Kamilə Əliyeva, Elşən Musayev, Səhiyyə Nazirliyinin Ailə və uşaq sektorunun müdiri Aynurə Zeynalova, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağızadə, Pasiyent Təşkilatları İttifaqının və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi Hikmət Quliyev, həmin şöbənin müşaviri Əziz Baqişev, “Sağlam Həyat” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər.

Çıxışçılar qohum nikahlarının fəsadlarından, milli genofonda vurduğu ziyanlardan bəhs ediblər, belə nikahlardan doğulan uşaqların sağlamlıq problemlərindən, ailələrin qarşılaşdıqları çətinliklərdən danışıblar, erkən və qohum nikahları ilə mübarizədə maarifləndirmənin genişləndirilməsinin, qanunvericiliyin sərtləşdirilməsi tədbirlərinin əhəmiyyətini vurğulayıblar, bu sahədə həyata keçirilən dövlət siyasəti və proqramları ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Rauf Əliyev, Pərvin Kərimzadə, Sevil Mikayılova, Könül Nurullayeva, Sədaqət Vəliyeva, Nurlan Həsənov, Cəbi Quliyev, Erkin Qədirli, Bəhruz Məhərrəmov, aidiyyəti qurumların, QHT-lərin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR