İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə 3 günlük büdcə müzakirələri bitdi

Deputatlar yekdilliklə İsraildə Azərbaycan səfirliyinin açılmasına səs verdilər - tarixi qərar

Noyabrın 18-də Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Sahibə Qafarovanın sədrliyi ilə birinci oxunuşda müzakirəyə çıxarıldı.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, qanun layihəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də layihəyə hər hansı dəyişiklik edilmədiyini və qəbul edilməsi üçün səsverməyə çıxarılmasını xahiş etdi. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

Deputat Fəzail Ağamalı qida məhsullarına ƏDV-lərin və ölkəyə gətirilən dərman vasitələrinə tətbiq olunan rüsumların dondurulmalı olduğunu söylədi. “Bizim nə deməyimizdən asılı olmayaraq, uşaqpulu məsələsi ictimai rəydə çox aktualdır,” - deyən F.Ağamalı qeyd etdi ki, ünvanlı sosial yardımı uşaqpuluna transfer etmək olar: “Olmazmı ki, ünvanlı sosial yardım uşaqpulu formasında verilsin və bu məsələyə son qoyulsun”.

Deputat pensiya yaşı ilə bağlı məsələni də həlli vacib problemlərdən saydı, bildirdi ki, hökumətin bu məsələyə diqqət yetirəcəyinə inanır. “Bizə xaricdə yaşayan çoxsaylı soydaşlarımızın müraciətləri var. Onlar İranın repressiyasından qaçıblar. İndi onlar Azərbaycana gəlmək, burada yaşamaq, uşaqlarının ana dilində təhsil almasına nail olmaq istəyirlər. Onlara bununla bağlı dəstək verilməlidir”, - F.Ağamalı bildirdi.

Deputat Razi Nurullayev əhalinin aztəminatlı təbəqəsinin problemlərinə diqqət çəkdi: “Yaşayış minimumu, ehtiyac meyarı artırılsın" demək, bilirəm ki, uyğun olmayacaq. 15 manat, 20 manat, hətta 50-100 manat artım belə bu günün bahalığında heç nədir. Son beş ildə məhsul, material və xidmətlərdən asılı olaraq qiymətlər ən azı 3-5 dəfə artıb. Baxaq görək pensiyalar, müavinətlər və digər sosial paketlər nə qədər artıb? Bu artım günü-gündən daha da geniş vüsət alan bahaçılıq fonunda cüzidir. Bir gün supermarketə daxil olursan, bazarlıq edirsən, deyək ki, 50 manat ödəyirsən. Bir həftə sonra gedirsən, eyni məhsulları alırsan, 55-60 manat ödəyirsən. Ay ərzində isə artım 15, bəzən 20 faiz təşkil edir. Elə məhsullar var ki, fantastik qiymətə qalxır və sonra bir az aşağı salınır. Bir kq mal ətinin qiyməti 14-16 manat, qoyun əti isə 18 manatdan başlayır. Əgər daha keyfiyyətli ət almaq istəsən üzərinə 4-5 manat də gəl".

Deputat bildirdi ki, bizdən asılı olmayan və bütün dünyadan qaynaqlanan bahaçılıq fonunda vətəndaşların sosial durumu çox ağırlaşıb.

İclasda “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Musa Quliyev dedi ki, ilk dəfə olaraq yaşayış meyarı ilə ehtiyac meyarı gələn ilin dövlət büdcəsində eyniləşdirilib və aradakı fərq götürülüb. Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edildi.

Daha sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Tahir Mirkişili layihəsinin əsaslandırılması ilə bağlı çıxış etdi. Bildirdi ki, ötən dövr ərzində vergi sistemində bir sıra müsbət dəyişikliklər baş verib və dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək bir sıra islahatların həyata keçirilməsinə başlanılıb: “Eyni zamanda, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, ”kölgə iqtisadiyyatı"nın və vergidən yayınmanın miqyasının azaldılması və vergi münasibətlərinin bütün iştirakçılarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə vergi qanunvericiliyində və inzibatçılığında müsbət dəyişikliklərin aparılması prosesi davam etdirilir. Aparılan iqtisadi siyasət çərçivəsində ölkə başçısının müvafiq fərman və sərəncamları ilə verilən tapşırıqların icrasının təmin edilməsi, eləcə də ötən dövr ərzində biznes subyektləri ilə keçirilən görüşlərin və aparılan müzakirələrin nəticəsi olaraq bir neçə istiqaməti əhatə edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi hazırlanıb".

T.Mirkişili bildirdi ki, cari ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış layihə aşağıdakı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilib. Birinci, investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılmasından söhbət gedir. Buraya işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi daxildir. Layihəyə əsasən təklif edilir: “İşğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi; ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi; İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) divident gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi; İşğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması”. Komitə sədri qeyd etdi ki, vergi azadolmalarının aşağıdakı fəaliyyət növlərinə və əməliyyatlara şamil edilməyəcək: “Maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət; avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri; dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi”.

Vergi Məcəlləsinə dəyişikliklərdə nağdsız əməliyyatların stimullaşdırılması da nəzərdə tutulur. Layihəyə əsasən, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Komitə sədri Tahir Mirkişili bununla bağlı çıxışında bildirdi. Bundan əlavə, vergi orqanları ilə qarşılıqlı məlumat mübadiləsi aparılması ilə bağlı məlumatların dəqiqləşdirilməsi, nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində əsas vəsaitin qoyuluşunun ƏDV-yə sıfır dərəcə ilə cəlb edilməsi də dəyişikliklər sırasındadır.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərə əsasən, əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri dəyişir. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Layihəyə əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq. Bildirildi ki, yeni dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

“Bizim vətəndaşlarımız arasında ən həssas qrup olan - I qrup əlillərin pensiya almasında problem var”.

Bunu isə iclasda çıxış edən deputat Sahib Alıyev dedi.

Bildirdi ki, qanunvericiliyə əsasən, onlardan 5 il əmək stajı tələb olunur: “Təbii ki, anadangəlmə əlil olan bir insan və yaxudda, çox erkən (15-20 yaş) yaşda əlil olan insanın 5 il sığorta stajının olması mümkünsüzdür. Təklif edirəm, hərbi qulluqçularda olduğu kimi onlara güzəşt tətbiq olunsun. Eyni zamanda Vətən müharibəsi dövründə Ermənistanın törətdiyi hərbi cinayətlər nəticəsində mülki vətəndaşlar arasında da əlil olanlar var idi. Onlara yanaşma da da belə bir güzəştin olmasını təklif edirəm. Fikrimcə, onların sayı elə də çox olmadığından bu büdcə üçün də yük olmayacaq”.

Sonra Azərbaycan Respublikasının Albaniya Respublikasında, Tirana şəhərində səfirliyinin açılması barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Komitə sədri Səməd Seyidov layihə barədə məlumat verdi. Bildirdi ki, Albaniya Azərbaycanın haqq sözünə dəstək verən ölkələrdəndir. Ona görə də komitə yekdilliklə Albaniyada səfirliyin açılmasını müdafiə edib.

S.Seyidov ardınca əlavə etdi ki, Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək. Komitə sədri qeyd etdi ki, bu gün Azərbaycanın ən gözəl məkanlarından birində bir heykəl ucalır- Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Albert Aqarunovun, Azərbaycan vətəndaşı olan yəhudi qəhrəmanımızın heykəli.

S.Seyidov xatırlatdı ki, İsrail Azərbaycanda 1993-cü ildə səfirliyini açıb: “44 günlük Vətən müharibəsində Azərbaycana xüsusi kömək göstərmiş, kənarda qalmamış bir ölkə ilə əlaqələri inkişaf etdirməliyik. Cənab Prezidentə xüsusi minnətdarlıq bildirmək lazımdır. Səfirliyimizin açılmasından sonra Azərbaycan-İsrail əlaqələri daha da inkişaf edəcək. Yekdilliklə Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması ilə bağlı səs verməyinizi xahiş edirik”.

Bundan əlavə, S.Seyidov dedi ki, Azərbaycanın Fələstində Təmsilçilik Ofisi açılacaq. Bu barədə “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub. Fələstin 2011-ci ildə Azərbaycanda təmsilçilik açıb. Azərbaycanın İslam dünyasında, ərəb dünyasında haqq sözünün daha aydın şəkildə eşidilməsi üçün bu, olduqca vacib məsələdir.

Azərbaycanın Keniya Respublikasında səfirliyinin açılmasına da qərar verilib.

Deputatlar bu layihələri yekdilliklə dəstəklədilər.

Elşad PAŞASOY,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR